Məhkəmə qərarları › İş №2(072)-377/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-377/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-377/2023 04.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 040-EMB-0045-22 saylı, 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik 0 (sıfır) % dərəcəsi tətbiq edilməklə, 19 (on doqquz) ay müddətinə 2934 (iki min doqquz yüz otuz dörd) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış cərimə borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 26 aprel 2023-cü il tarixə cəmiyyətə 1622.15 (min altı yüz iyirmi iki, on beş) AZN məbləğində əsas kredit borcu, 243.32 (iki yüz qırx üç, otuz iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 1865.47 (min səkkiz yüz altmış beş, qırx yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 1622.15 (min altı yüz iyirmi iki, on beş) AZN məbləğində əsas kredit borcunun, 243.32 (iki yüz qırx üç, otuz iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1865.47 (min səkkiz yüz altmış beş, qırx yeddi) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 39.05 (otuz doqquz, sıfır beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 040-EMB-0045-22 saylı, 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 0 (sıfır) % dərəcəsi tətbiq edilməklə, 19 (on doqquz) ay müddətinə 2934 (iki min doqquz yüz otuz dörd) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş 040-EMB-0045-22 saylı, 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 2934 (iki min doqquz yüz otuz dörd) AZN məbləğində kredit borcunu 19 (on doqquz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan N MA-0030065-23 saylı, 26 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 26 aprel 2023-cü il tarixə cəmiyyətə 1622.15 (min altı yüz iyirmi iki, on beş) AZN məbləğində əsas kredit borcu, 243.32 (iki yüz qırx üç, otuz iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 1865.47 (min səkkiz yüz altmış beş, qırx yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 0680/23 saylı, 09 fevral 2023-cü il tarixli və 0681/23 saylı, 09 fevral 2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 01 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən iddia qaldırılması üçün 39.05 (otuz doqquz, sıfır beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə irəli sürülmüş iddia tələbinin “243.32 (iki yüz qırx üç, otuz iki) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqavilələrinə əsasən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSCyə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “243.32 (iki yüz qırx üç, otuz iki) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 1622.15 (min altı yüz iyirmi iki, on beş) AZN məbləğində əsas kredit borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1672.15 (min altı yüz yetmiş iki, on beş) AZN məbləğində kredit borcu, 34.64 (otuz dörd, altmış dörd) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1622.15 (min altı yüz iyirmi iki, on beş) AZN məbləğində əsas kredit borcu, 50 (iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 1672.15 (min altı yüz yetmiş iki, on beş) AZN məbləğində kredit borcu, 34.64 (otuz dörd, altmış dörd) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar