Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-397/2023 24.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 11 may 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 07 yanvar 2016-cı ildə “Zeynəb” 1 (bir) qız uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-173/2017 saylı, 04 aprel 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, tərəflərin rəsmi nikahından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 iddiaçı Ataşova (Əhmədli) Nəcibə Allahverdi qızının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 136.60 (yüz otuz altı, altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Ataşova (Əhmədli) Nəcibə Allahverdi qızının xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1804/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-173/2017 saylı, 04 aprel 2017-ci il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (gəlirinin) ¼ hissəsi miqdarında, həm də 50 (əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Ataşova (Əhmədli) Nəcibə Allahverdi qızının xeyrinə ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində, yəni 2017-ci il tarixdən hazırki tarixədək Cavabdeh hər ay ümumilikdə 85 (səksən beş) AZN məbləğində aliment ödəyir, bu məbləğ də yetkinlik yaşına çatmayan qız uşaqları Zeynəbin tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. İddiaçı onu da qeyd edir ki, uşağı saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1804/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. 18 iyul 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə “sürücü” vəzifəsində işləyir, aylıq əmək haqqısı 450-490 AZN məbləği arasında dəyişir, yəni əmək haqqısı sabit deyildir. Bu səbəbdən də, o, rəsmi nikahlarından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 200 (iki yüz) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə razıdır. Bütün bunları nəzərə alaraq, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq, iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-173/2017 saylı, 04 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, tərəflərin rəsmi nikahından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 iddiaçı Ataşova (Əhmədli) Nəcibə Allahverdi qızının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 18 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancından 136.60 (yüz otuz altı, altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Ataşova (Əhmədli) Nəcibə Allahverdi qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1804/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-173/2017 saylı, 04 aprel 2017-ci il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (gəlirinin) ¼ hissəsi miqdarında, həm də 50 (əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Ataşova (Əhmədli) Nəcibə Allahverdi qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 276223 №-li, 29 dekabr 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 29 dekabr 2017-ci il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 67 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X1 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1804/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “qazancın (gəlirin) ¼ hissəsi və həm də 50 (əlli) AZN sabit pul məbləğində alimentin miqdarı” 200 (iki yüz) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin rəsmi nikahından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1804/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “qazancın (gəlirin) ¼ hissəsi və həm də 50 (əlli) AZN sabit pul məbləğində alimentin miqdarı” 200 (iki yüz) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 07 yanvar 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-397/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-397/2023
24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver