Məhkəmə qərarları › İş №2(072)-40/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-40/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-40/2024 09.01.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 may 2021-ci il tarixli əmək müqaviləsi bağlanaraq o, cəmiyyətdə “satıcı-kassir” vəzifəsinə işə götürülmüşdür. 556 saylı, 11 oktyabr 2021-ci il tarixli əmr ilə Cavabdeh cəmiyyətin “OBA 7MKR8” filialında (mağaza) “administrator” vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Bundan başqa, 05 oktyabr 2021-ci il tarixdə Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin “OBA 7MKR8” filialında inventarizasiya aparılmış, Cavabdeh “İnventarizasiya nəticələrinə dair” akt ilə tanış olmuş və həmin filialı (mağaza) təhvil almışdır. Lakin 150 saylı, 08 aprel 2022-ci il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Cavabdeh iş vaxtında bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24 mart 2022-ci il tarixlərdə İddiaçı MMC-nin “OBA 7MKR8” filialında işlədiyi zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçı MMC-yə maddi zərərin vurması müəyyən edilmişdir. Bu barədə 24 mart 2022-ci il tarixli “İnventarizasiya nəticələrinə dair” akt tərtib edilmiş və dəymiş maddi zərərin məbləği 3092.07 (üç min doxsan iki, sıfır yeddi) AZN məbləği həddində müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 3092.07 (üç min doxsan iki, sıfır yeddi) AZN məbləğində dəymiş maddi zərərin 723.92 (yeddi yüz iyirmi üç, doxsan iki) AZN məbləğində hissəsi güzəşt edilmişdir. Lakin Cavabdeh tərəfindən dəymiş maddi zərərin qalıq hissəsi yəni, 2368.15 (iki min üç yüz altmış səkkiz, on beş) AZN məbləğində pul ödənişi bu günədək cəmiyyətin xeyrinə ödənilməmişdir. Cavabdeh dəymiş maddi zərərin qalıq hissəsinin ödənilməsi barədə İddiaçı MMC tərəfindən bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bunun heç bir müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, İddiaçı MMC-yə dəymiş 2368.15 (iki min üç yüz altmış səkkiz, on beş) AZN məbləğində maddi zərərin əvəzinin və mediasiya prosesi ilə bağlı xərclər üçün ödənilmiş 50 (əlli) AZN məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “satıcı-kassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 250 saylı, 07 may 2021-ci il tarixli əmrindən çıxarışdan və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-də “satıcı-kassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) İş materiallarında olan İddiaçı MMC-nin 556 saylı 11 oktyabr 2021-ci il tarixli əmrindən çıxarışdan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən və müvafiq qaydada təsdiq edilmiş əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin “OBA 7MKR8” filialında (mağaza) “administrator” vəzifəsinə işə təyin (keçirilmişdir) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavə və işçinin razılıq ərizəsi) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “X1”nın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “administrator” vəzifəsində işlədiyi müddət ərzində vəzifə təlimatı (vəzifə funksiyaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyəti) ilə tanış olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”-Cavabdeh İddiaçı MMC-də “administrator” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-Oba Market” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə və 3-cü bəndinə əsasən “işəgötürən” qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirilməlidir. “Maddi məsul şəxs”in təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləği a. faktiki itkilər üzrə müəyyən edilir; b. işəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği müvafiq aşınma normaları nəzərə alınmaqla, maddi qiymətli əşyaların balans dəyərindən hesablanır, Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; c. işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, müqavilənin 3.3-cü bəndinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İş materiallarında olan 509 saylı, 05 oktyabr 2021-ci il tarixli İddiaçı MMC-nin “OBA 7MKR8” filialında (mağaza) aparılmış yoxlama nəticələrinə dair yekun” aktdan və 05 oktyabr 2021-ci il tarixli İddiaçı MMC-nin İnventarizasıya Komissiyasının İltizamnaməsindən görünür ki, 05 oktyabr 2021-ci il tarixdə İddiaçı MMC-nin “OBA 7MKR8” filialında (mağaza) Cavabdeh iştirakı ilə yoxlama aparılmış, Cavabdeh “İnventarizasiya nəticələrinə dair” akt ilə tanış olmuş və həmin filialı (mağaza) təhvil almışdır. İş materiallarında olan 150 saylı, 08 aprel 2022-ci il tarixli əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı MMC-də “administartor” vəzifəsində işləyən işçi Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən 08 aprel 2022-ci il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (tərəflər arasında bağlanmış müqavilə) İş materiallarında olan 567 saylı, 24 mart 2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı MMC tərəfindən cəmiyyətin “OBA 7MKR8” filialında (mağaza) “Əmlakın və öhdəliklərin” inventarizasiya Qaydalarına müvafiq olaraq, cəmiyyətdə aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılmasını təmin etmək məqsədi ilə yeni mərkəzi inventarizasiya komissiyası yaradılmışdır. İş materiallarında olan 509 saylı, 24 mart 2022-ci il tarixli İddiaçı MMC-nin “OBA 7MKR8” filialında (mağaza) aparılmış yoxlama nəticələrinə dair yekun” aktdan və 24 mart 2022-ci il tarixli İddiaçı MMC-nin İnventarizasıya Komissiyasının İltizamnaməsindən görünür ki, 24 mart 2022-ci il tarixdə İddiaçı MMC-nin “OBA 7MKR8” filialında (mağaza) Cavabdeh iştirakı ilə yoxlama aparılmış və “maddi məsul şəxs”-Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümumilikdə 3092.07 (üç min doxsan iki, sıfır yeddi) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 24 mart 2022-ci il tarixli “İmtina aktı”ndan görünür ki, 24 mart 2022-ci il tarixdə İddiaçı MMC-nin “OBA 7MKR8” filialında (mağaza) Cavabdeh iştirakı ilə 24 mart 2022-ci il tarixi vəziyyətinə ticari mal, qeyri-mal materiallarının inventarizasiyası keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmişdir. “Maddi məsul şəxs”-Cavabdeh inventarizasiyasının aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də, yoxlanın nəticəsinə dair tərtib edilmiş sənədlərdə tanış olsa da, heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan DN 5543 saylı, 14 oktyabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə dəymiş maddi zərərin ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə dəymiş maddi zərərin qalıq hissəsi 2368.15 (iki min üç yüz altmış səkkiz, on beş) AZN məbləği təşkil edir. İş materiallarında olan MŞC/MT020/2023-00474 saylı, 03 may 2023-cü il tarixli “Mediasiya sesiyasında iştirak edilməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC tərəfindən 50 (əlli) AZN məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan “yoxlama nəticələrinə dair yekun aktlar”ın mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, “işəgötürən”- İddiaçı MMC tərəfindən “Əmlakın və öhdəliklərin” inventarizasiya Qaydalarına müvafiq olaraq, cəmiyyətdə aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılmasını təmin etmək məqsədi ilə yeni mərkəzi inventarizasiya komissiyası yaradılmış, araşdırma aparılmış, “maddi məsul şəxs”-Cavabdeh inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, inventarizasiya şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş, mallar və müvafiq sənədlərlə tanış olmuş və onun tərəfindən İddiaçı MMC-yə 3092.07 (üç min doxsan iki, sıfır yeddi) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Tərtib edilmiş “yoxlama nəticələrinə dair yekun aktlar” (həm İddiaçı MMC-nin “OBA 7MKR8” filialında “administrator” vəzifəsinə işə qəbul edilməmişdən əvvəl tərtib edilmiş 509 saylı, 05 oktyabr 2021-ci il tarixli “İnventarizasiya nəticələrinə dair” akt, həm də İddiaçı MMC-nin “OBA 7MKR8” filialında “administrator” vəzifəsinə keçirildikdən sonra bu vəzifədə işlədiyi müddət ərzində tərtib edilmiş 509 saylı, 24 mart 2022-ci il tarixli “İnventarizasiya nəticələrinə dair” akt) işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat mediasiya prosesinə dair xərclərə daxildir. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtləri pozulduğu, yəni “maddi məsul şəxs” tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyi; 3. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi (inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, inventarizasiya şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş, mallar və müvafiq sənədlərlə tanış olmuş...); 4. Mülki hüquq pozuntusu (delikt) nəticəsində cəmiyyətə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı; 5. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı cavabdeh tərəf məhkəməyə iddia tələbinə qarşı etiraz və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2368.15 (iki min üç yüz altmış səkkiz, on beş) AZN məbləğində pul və mediatora ödənilmiş 50 (əlli) AZN məbləğində mediasiya xərci tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2368.15 (iki min üç yüz altmış səkkiz, on beş) AZN məbləğində pul və mediatora ödənilmiş 50 (əlli) AZN məbləğində mediasiya xərci tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar