Məhkəmə qərarları › İş №2(072)-42/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-42/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-42/2025 17.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış BN-800 saylı, 19 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh1 illik 14 (on dörd) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 6200 (altı min iki yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 28 avqust 2024-cü il tarixə cəmiyyətə 6000 (altı min) AZN məbləğində əsas kredit borcu, 2258.14 (iki min iki yüz əlli səkkiz, on dörd) AZN məbləğində faiz borcu, 1001.86 (min bir, səksən altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 9260 (doqquz min iki yüz altmış) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) AZN məbləğində əsas kredit borcunun, 2258.14 (iki min iki yüz əlli səkkiz, on dörd) AZN məbləğində faiz borcunun, 1001.86 (min bir, səksən altı) AZN məbləğində cərimə borcunun, ümumilikdə 9260 (doqquz min iki yüz altmış) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 112.60 (yüz on iki, altmış) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, o cümlədən, iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq olunmuş iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış BN-800 saylı, 19 may 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə illik 14 (on dörd) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 6200 (altı min iki yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq olunmuş 19 may 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 6200 (altı min iki yüz) AZN məbləğində kredit borcunu illik 14 (on dörd) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında cəmiyyətin xeyrinə ödəməlidir. İş materiallarında olan hesabdan çıxarışdan (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış BN-800 saylı, 19 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 bank hesabına 6200 (altı min iki yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq olunmuş iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış BN-800/1 saylı, 19 may 2021-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 28 avqust 2024-cü il tarixə cəmiyyətə 6000 (altı min) AZN məbləğində əsas kredit borcu, 2258.14 (iki min iki yüz əlli səkkiz, on dörd) AZN məbləğində faiz borcu, 1001.86 (min bir, səksən altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 9260 (doqquz min iki yüz altmış) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 35/07 saylı, 17 iyul 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 17 iyul 2023-cü il tarixə cəmiyyətə 6000 (altı min) AZN məbləğində əsas kredit borcu, 1322.48 (min üç yüz iyirmi iki, qırx səkkiz) AZN məbləğində faiz borcu mövcuddur və ilk dəfə hər biri ayrı-ayrılıqda bu həcmində kredit borcunun tam ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. (yəni “kreditor” “borcalan”dan əsas kredit borcunun, faiz borcunun və cərimə borcunun hamısının tam ödənilməsini tələb etməklə, kredit müqaviləsinin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğvi forması...) İş materiallarında olan ********** saylı, 28 avqust 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 112.60 (yüz on iki, altmış) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/9155 №-li, 14 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 28 avqust 2024-cü il tarixə (maliyyə arayışında göstərilmiş tarix...) iddiaçı "xxxx" MMC-yə əsas kredit borcu üzrə-6134.51 (altı min yüz otuz dörd, əlli bir) AZN məbləğində və faiz borcu üzrə-2170.71 (iki min yüz yetmiş, yetmiş bir) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “1001.86 (min bir, səksən altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 1001.86 (min bir, səksən altı) AZN məbləğində cərimə borcu 300 (üç yüz) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “1001.86 (min bir, səksən altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, 17 iyul 2023-cü il tarixdən sonrakı 28 avqust 2024-cü il tarixədək ödənişlər nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) AZN məbləğində əsas kredit borcu, 1322.48 (min üç yüz iyirmi iki, qırx səkkiz) AZN məbləğində faiz borcu, 300 (üç yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 7622.48 (yeddi min altı yüz iyirmi iki, qırx səkkiz) AZN məbləğində kredit borcu və 92.68 (doxsan iki, altmış səkkiz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) AZN məbləğində əsas kredit borcu, 1322.48 (min üç yüz iyirmi iki, qırx səkkiz) AZN məbləğində faiz borcu, 300 (üç yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 7622.48 (yeddi min altı yüz iyirmi iki, qırx səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 92.68 (doxsan iki, altmış səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar