Məhkəmə qərarları › İş №2(072)-45/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-45/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-45/2024 17.01.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış İK F7_2049/K-21 saylı, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədi ilə Cavabdeh illik 20.50 (iyirmi, əlli) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 12 dekabr 2023-cü il tarixə banka 2958.40 (iki min doqquz yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas kredit borcu, 353.31 (üç yüz əlli üç, otuz bir) AZN məbləğində faiz borcu, 429.58 (dörd yüz iyirmi doqquz, əlli səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3741.29 (üç min yeddi yüz qırx bir, iyirmi doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Buna baxmyaraq, İddiaçı ASC tərəfindən əsas kredit borcuna hesablanmış faiz və cərimə məbləği silinmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh 2958.40 (iki min doqquz yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 58.39 (əlli səkkiz, otuz doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə bağlanmış İK F7_2049/K-21 saylı, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə ona illik 20.50 (iyirmi, əlli) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Özü ailəlidir, himayəməsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqları vardır. Bundan başqa, hərbiçidir və Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmişdir. Eləcə də Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı ASC tərəfindən kredit borcuna hesablanmış faiz və cərimə məbləği silindiyi üçün əsas kredit borcunun ödənilməli olduğunu qəbul edir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış İK F7_2049/K-21 saylı, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi ilə illik 20.50 (iyirmi, əlli) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 04 noyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış İK F7_2049/K-21 saylı, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş İK F7_2049/K-21 saylı, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 5000 (beş min) AZN məbləğində kredit borcunu illik 20.50 (iyirmi, əlli) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 520 saylı, 12 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 12 dekabr 2023-cü il tarixə banka 2958.40 (iki min doqquz yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas kredit borcu, 353.31 (üç yüz əlli üç, otuz bir) AZN məbləğində faiz borcu, 429.58 (dörd yüz iyirmi doqquz, əlli səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3741.29 (üç min yeddi yüz qırx bir, iyirmi doqquz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı 21 noyabr 2022-ci il tarixli və ********** saylı 09 avqust 2023-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 58.39 (əlli səkkiz, otuz doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 2958.40 (iki min doqquz yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas kredit borcu və 46.16 (qırx altı, on altı) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2958.40 (iki min doqquz yüz əlli səkkiz, qırx) AZN məbləğində əsas kredit borcu və 46.16 (qırx altı, on altı) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar