Məhkəmə qərarları › İş №2(072)-591/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-591/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-591/2025 18.11.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Biləsuvar rayonu, 7 saylı qəsəbədə yerləşən “My Style” mağazasının müdiridir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh ilə aralarında bağlanmış 13 fevral 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “My Style” mağazasından cavabdehə 12 (on iki) ay müddətinə ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG” markalı televizor satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “Samsung” markalı televizorun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 90 (doxsan) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh alğı-satqı müqaviləsinə əsasən İddiaçı qarşısında olan öhdəliklərini icra etməmişlər. Alğı-satqı müqaviləsinə əsasən İddiaçı qarşısında öhdəliklərini icra etməyən Cavabdeh iddiaçıya olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda öhdəliklərini tam icra etməyən Cavabdeh ona 1080 (min səksən) AZN məbləğində borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, Cavabdeh 1080 (min səksən) AZN məbləğində borcun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********-dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən “My Style” mağazasından 12 (on iki) ay müddətinə ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “alıcı” Cavabdeh 13 fevral 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “Samsung” markalı televizoru təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2025-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1080 (min səksən) AZN məbləği olan 1 (bir) ədəd “Samsung” markalı televizorun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 90 (doxsan) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı xeyrinə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi Cavabdeh tərəfindən etiraf edildiyi, eləcə də bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli, Cavabdeh 1080 (min səksən) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi, eləcə də iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi, bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iddia təmin edilməli, Cavabdeh 1080 (min səksən) AZN məbləğində borc tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1080 (min səksən) AZN məbləğində borc tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar