Məhkəmə qərarları › İş №2(072)-77/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-77/2024

09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-77/2024 09.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə el adəti üzrə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların qeyrirəsmi nikah münasibətləri 22 yanvar 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Onların rəsmi nikahından 02 fevral 2016-cı ildə “Leyla” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə görə rəsmi nikahlarına xitam verilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 1730/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə rəsmi nikahlarından 02 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 40 (qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-220/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1730/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 76 (yetmiş altı) AZN sabit pul məbləği alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində Cavabdeh ödədiyi aliment hesabına yetkinlik yaşına çatmayan qız uşaqları Leylanın tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, uşaqları Leyla orta məktəbdə təhsil alır, onu saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin cavabdeh Əkbərov X2 Rayonu X4 Orta Məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyir, kifayət qədər əmək haqqı alır, bununla yanaşı, onun əlavə gəlir mənbəyi, bir sözlə müəyyən məbləğ qazancı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Elçin yetkinlik yaşına çatmayan qız uşaqları Leylaya layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir, hətta uzun müddətdir ki, onun ilə maraqlanmır və ünsiyyət saxlamır. Düzdür, özü bir ana kimi uşaqlarına maddi və mənəvi cəhətdən köməklik edir. Lakin bu hal Elçini bir valideyn, bir ata kimi öz doğma övladını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-220/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 02 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1730/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahından 02 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 40 (qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Nəsirova (Ələkbərova) Firəngiz İlqar qızının xeyrinə ödənilməsi...qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-220/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1730/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 76 (yetmiş altı) AZN sabit pul məbləği alimentin tutularaq, iddiaçı Nəsirova (Əkbərova) Firəngiz İlqar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin 124383/2019-60-2 saylı, 09 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-220/2019 saylı, 10 iyul 2019-cu il tarixli icra sənədi 11 sentyabr 2019-cu il tarixdən icra olunması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə gönərilmiş, həmin tarixdən etibarən icra sənədi üzrə tərəflərin rəsmi nikahından 02 fevral 2016-cı ildə anadan olmuş X1 yekinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh qazancının ¼ (dörddə bir) hissəsi miqdarında və eyni zamanda 76 (yetmiş altı) manat sabit pul məbləğində, ümumilikdə 185 (yüz səksən beş) AZN məbləğində aliment tutularaq, iddiaçı Nəsirova (Əkbərova) Firəngiz İlqar qızının hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl Rayon Təhsil Sektoru X4 Orta Məktəbinin 01 saylı, 09 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Əkbərov X2 rayon X4 Orta Məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyir və əmək haqqısı 539 (beş yüz otuz doqquz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X1 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-220/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmaqla, tərəflərin rəsmi nikahından 02 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-220/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş “Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 76 (yetmiş altı) AZN sabit pul məbləğində alimentin məbləği” Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarı, eyni zamanda 100 (yüz) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 02 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında, eyni zamanda 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar