Məhkəmə qərarları › İş №2(072)-8/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-8/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-8/2025 13.01.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/115390/15 saylı, 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi məqsədilə cavabdehə illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə 01 saylı, 23 sentyabr 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 11 dekabr 2023-cü il tarixə banka 2264.44 (iki min iki yüz altmış dörd, qırx dörd) AZN məbləğində əsas kredit borcu, 2232.38 (iki min iki yüz otuz iki, otuz səkkiz) AZN məbləğində faiz borcu, 4542.91 (dörd min beş yüz qırx iki, doxsan bir) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 727.57 (yeddi yüz iyirmi yeddi, əlli yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 9767.30 (doqquz min yeddi yüz altmış yeddi, otuz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 2264.44 (iki min iki yüz altmış dörd, qırx dörd) AZN məbləğində əsas kredit borcunun, 2232.38 (iki min iki yüz otuz iki, otuz səkkiz) AZN məbləğində faiz borcunun, 4542.91 (dörd min beş yüz qırx iki, doxsan bir) AZN məbləğində cərimə borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 727.57 (yeddi yüz iyirmi yeddi, əlli yeddi) AZN məbləğində faiz borcunun, ümumilikdə 9767.30 (doqquz min yeddi yüz altmış yeddi, otuz) AZN məbləğində kredit borcunun iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 117.68 (yüz on yeddi, altmış səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər Cavabdeh, o cümlədən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/115390/15 saylı, 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi məqsədilə illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 saylı, 23 sentyabr 2015-ci il tarixli əlavə sazişin surətindən görünür ki, 1xx/xx/115390/15 saylı, 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin ödəniş planına dəyişiklik edilmişdir. İş materillarında olan 1xx/xx/115390/15 saylı, 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 3000 (üç min) AZN məbləğində kredit borcunu illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/115390/15 saylı, 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 3000 (üç min) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan **********802 saylı, 13 dekabr 2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 11 dekabr 2023-cü il tarixə banka 2264.44 (iki min iki yüz altmış dörd, qırx dörd) AZN məbləğində əsas kredit borcu, 2232.38 (iki min iki yüz otuz iki, otuz səkkiz) AZN məbləğində faiz borcu, 4542.91 (dörd min beş yüz qırx iki, doxsan bir) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 727.57 (yeddi yüz iyirmi yeddi, əlli yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 9767.30 (doqquz min yeddi yüz altmış yeddi, otuz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan **********659 saylı, 02 iyul 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********03 saylı, 26 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən iddia qaldırılması üçün 117.68 (yüz on yeddi, altmış səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/2213 №-li, 06 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh...1. 08 iyul 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına əsas kredit borcu üzrə-2583.06 (iki min beş yüz səksən üç, sıfır altı) AZN məbləği, faiz borcu üzrə-1175.29 (min yüz yetmiş beş, iyirmi doqquz) AZN məbləği; 2. 11 dekabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilmiş tarix...) əsas kredit borcu üzrə-2583.06 (iki min beş yüz səksən üç, sıfır altı) AZN məbləği, faiz borcu üzrə-831.85 (səkkiz yüz otuz bir, səksən beş) AZN məbləği və 08 iyul 2017-ci il tarixdən 11 dekabr 2023-cü il tarixədək müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcu-829.80 (səkkiz yüz iyirmi doqquz, səksən) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/548 №-li, 17 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh...1. 08 iyul 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına əsas kredit borcu üzrə-2583.06 (iki min beş yüz səksən üç, sıfır altı) AZN məbləği, faiz borcu üzrə-1175.29 (min yüz yetmiş beş, iyirmi doqquz) AZN məbləği; 2. 11 dekabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilmiş tarix...) əsas kredit borcu üzrə-2583.06 (iki min beş yüz səksən üç, sıfır altı) AZN məbləği, faiz borcu üzrə-831.85 (səkkiz yüz otuz bir, səksən beş) AZN məbləği və 08 iyul 2017-ci il tarixdən 11 dekabr 2023-cü il tarixədək müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcu-829.80 (səkkiz yüz iyirmi doqquz, səksən) AZN məbləği təşkil edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 19 aprel 2019-cu il tarixdə 343.44 (üç yüz qırx üç, qırx sörd) AZN məbləğində olmuşdur. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “4542.91 (dörd min beş yüz qırx iki, doxsan bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 4542.91 (dörd min beş yüz qırx iki, doxsan bir) AZN məbləğində cərimə borcu 115 (yüz on beş) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “4542.91 (dörd min beş yüz qırx iki, doxsan bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 727.57 (yeddi yüz iyirmi yeddi, əlli yeddi) AZN məbləğində faiz borcunun ödənilməsi” hissəsində hesab edir ki, “borclu” Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələrinə görə məsuliyyət daşıdığı, eləcə də bu halda “kreditor” kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olduğu üçün Cavabdeh kredit müqaviləsinə əsasən 08 iyul 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) mövcud olan əsas kredit borcunu, faiz borcunu, cərimə borcunu (bu tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla...), o cümlədən kredit müqaviləsi üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcunu iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kredit müqaviləsinin müddəti tərəflərin hüququ və vəzifələrinin yaranmasının, dəyişdirilməsini və xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyi, kreditin peşəkarlıq qaydasında verilməsi ilə bağlı kredit təşkilatları məşğul olduğu və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyi üçün kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Həmin Qərarda qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, 08 iyul 2017-ci il tarixdən sonrakı 11 dekabr 2023-cü il tarixədək ödənişlər nəzərə alınmaqla, Cavabdeh 2264.44 (iki min iki yüz altmış dörd, qırx dörd) AZN məbləğində əsas kredit borcu, 831.85 (səkkiz yüz otuz bir, səksən beş) AZN məbləğində faiz borcu, 115 (yüz on beş) AZN məbləğində cərimə borcu, illik 5 % olmaqla, 727.57 (yeddi yüz iyirmi yeddi, əlli yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 3938.86 (üç min doqquz yüz otuz səkkiz, səksən altı) AZN məbləğində kredit borcu və 47.44 (qırx yeddi, qırx dörd) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2264.44 (iki min iki yüz altmış dörd, qırx dörd) AZN məbləğində əsas kredit borcu, 831.85 (səkkiz yüz otuz bir, səksən beş) AZN məbləğində faiz borcu, 115 (yüz on beş) AZN məbləğində cərimə borcu, illik 5 % olmaqla, 727.57 (yeddi yüz iyirmi yeddi, əlli yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 3938.86 (üç min doqquz yüz otuz səkkiz, səksən altı) AZN məbləğində kredit borcu və 47.44 (qırx yeddi, qırx dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar