Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-86/2024 30.01.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 01 sentyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından 12 iyun 2001-ci ildə “Kənan” ildə adlı, 02 noyabr 2002-ci ildə “Ləman” ildə adlı və 15 noyabr 2010-cu ildə “Ömər” ildə adlı 3 (üç) uşağı anadan olmuşdur. Övladları Kənan və Ləman hazırda yetkinlik yaşlarına çatmışlar. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Birgə nikahlarından anadan olmuş oğlan uşaqları X1 üçün aliment ödənilməsi məqsədi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X1 üçün 7 (yeddi) il ərzində hər ayın 30-dan etibarən 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutularaq, özünün xeyrinə ödənilməsi barədə 21 oktyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq, barışıq sazişini könüllü şəkildə icra etməmişdir. O da barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi əsasında maraqlı şəxs Cavabdeh ilə aralarında “birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X1 üçün 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 21 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Bununla yanaşı, müəyyən şərtlərlə razılığa gəlməklə mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin 103 (yüz üç) AZN sabit pul məbləği həddində azaldılması barədə MŞC/MT020/2023- 00427 saylı, 05 aprel 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Ötən müddət ərzində Cavabdeh ödədiyi 103 (yüz üç) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Ömərin tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, uşaqları Ömər orta məktəbdə təhsil alır, onu saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Düzdür, özü Bakı şəhərində evlərin birində yaşlı qadına qulluq edir və buna görə hər ay 200 (iki yüz) AZN məbləğində xidmət haqqı alır, lakin məktəbli uşaqları Ömərin gündəlik tələbatını qarşılamaqda çətinlik çəkir. Eləcə də cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Biləsuvar Rayon Mənzil-Kommunal İstismar Sahəsində “mühəndis” vəfizəsində işləyir və bununla yanaşı, onun əlavə gəlir mənbəyi də vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Ramil yetkinlik yaşına çatmayan oğlan uşaqları Ömərə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir, hətta uzun müddətdir ki, onunla maraqlanmır və ünsiyyət saxlamır. Düzdür, özü bir ana kimi uşağına maddi və mənəvi cəhətdən köməklik edir. Lakin bu hal Ramili bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 01 sentyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından 12 iyun 2001-ci ildə “Kənan” ildə adlı, 02 noyabr 2002-ci ildə “Ləman” ildə adlı və 15 noyabr 2010-cu ildə “Ömər” ildə adlı 3 (üç) uşağı anadan olmuşdur. Övladları Kənan və Ləman hazırda yetkinlik yaşlarına çatmışlar. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Məlum olduğu kimi, mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X1 üçün 7 (yeddi) il ərzində hər ayın 30-dan etibarən 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin qazancından tutularaq, ərizəçi İddiaçı xeyrinə ödənilməsi barədə 21 oktyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi əsasında ərizəçi İddiaçı ilə aralarında “birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X1 üçün 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 21 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Bununla yanaşı, müəyyən şərtlərlə razılığa gəlməklə mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş 140 (yüz qırx) Azn sabit pul məbləğində alimenti 103 (yüz üç) AZN məbləği həddində azaldılması barədə MŞC/MT020/2023-00427 saylı, 05 aprel 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Hesab edir ki, İddiaçı iddia etdiyi aliment məbləği də yüksək həddədir. Onu da qeyd edir ki, o, ikinci dəfə 29 noyabr 2021-ci il tarixdə “Zəminə” adlı qadın ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və rəsmi nikahlarından 14 yanvar 2023-cü ildə “Ruhim” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Bu səbəbdən də, o, İddiaçı ilə birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 103 (yüz üç) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi imkanı çatır. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 560044 №-li, 02 dekabr 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 15 noyabr 2010-cu ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 182983 №-li, 13 fevral 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 14 yanvar 2009-cu il tarixdə ləğv edilmiş və akt qeydləri kitabında 2 № ilə ilə qeyd edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında “birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X1 üçün 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 21 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 462182 №-li, 29 noyabr 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Qurbanova Zəminə Vəkil qızı arasında 29 noyabr 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 568 № ilə qeyd edilmiş və və nikah bağlandıqdan sonra arvada “Təhməzova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 828016 №-li, 06 fevral 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Təhməzova Zəminə Vəkil qızının rəsmi nikahından 14 yanvar 2023-cü ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Biləsuvar Rayon Mənzil-Kommunal İstismar Sahəsinin 203 saylı, 30 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Biləsuvar Rayon Mənzil-Kommunal İstismar Sahəsində “mühəndis” vəzifəsində işləyir və əmək haqqısı 478 (dörd yüz yetmiş səkkiz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X2 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin məbləği 170 (yüz yetmiş) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin birgə nikahından 15 noyabr 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 170 (yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin məbləği 170 (yüz yetmiş) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin birgə nikahından 15 noyabr 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 170 (yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-86/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-86/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver