Məhkəmə qərarları › İş №2(073)-1024/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1024/2025

04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1024/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulması nəticəsində ona dəyən maddi ziyanın əvəzi olaraq 40.000 (qırx min) manat pulun, 215 (iki yüz on beş) manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat pulun Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Cəlilabad flıalı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 23 saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən kommersiya fəaliyyəti məqsədi ilə cavabdehə 60 ay müddətinə, illik 7 faizlə 120.000 (bir yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün xx.xx.2007-ci ildə 23, 23A, 23B və 23D saylı ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə tam mülkiyyət hüququ üzrə iddiaçı, yəni İddiaçı məxsus Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmişdir, lakin kredit borcunu və hesablanmış faizləri ödəməmişdir. Bununla da müqavilə şərtləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 23B nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən 0,1891 ha torpaq sahəsi üzərində olan 2 mərtəbəli, 3 otaqlı, 98.6 kv.m, ümumi sahəsi, 51.48 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi xx.xx.2007-ci il tarixli, 23 nömrəli kredit müqaviləsinin təminatı kimi, "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. İpoteka predimetinin qiyməti 40.000 (qırx min) manat müəyyən edilibdir. "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş 3 mart 2013-cü il tarixli, 30/191 saylı arayışdan görünür ki, borclu Cavabdeh banka 113,450 manat əsas borc, 17.009 manat faiz və 13.654 manat dəbbə pulu olmaqla, cəmi 146.108 manat kredit borcu vardır. Cəlilabad Rayon Məhkəməsinin 2013-cü il 29 may tarixli, iş № 2(073)-1036/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 113.450 manat əsas borc, 17005 manat faiz və 1565 manat dəbbə pulu olmaqla cəmi 132.019 (bir yüz otuz iki min on doqquz) manat kredit borcunun tutulması və tutmanın başqa şəxslərlə bərabər İddiaçı məxsus olan, Cəlilabad rayonu, Kazımabad kəndində 0.1891 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 98.6 kv.m ümumi, 51.48 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamə ilə iddiaçıya məxsus həmin yaşayış evinin qiyməti 40.000 (qırx min) manat müəyyən edilmişdir. Cavabdeh əslində götürdüyü külli miqdarda kredit pulunu təyinatı üzrə xərcləməyib öz şəxsi ehtiyaclarına sərf etmişdir və nəticədə iddiaçıya külli miqdarda ziyan vurmuşdur və iddiaçı yaşayış evindən məhrum olmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiklərini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı verdiyi yazılı ərizəsində cavabdeh göstərmişdir ki, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, guya o (cavabdeh) , Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 maddəsinə görə mülki hüquq pozuntularına (delikt) yol verərək İddiaçı xeyli zərər vurmuşdur. Ona görə də qeyd olunur ki, o, MM-nin 1096.2 maddəsinə əsasən mülki hüquqi məsuliyyət daşıyır. Eləcə də qeyd olunur ki, guya o, vurduğu zərəri tam həcmdə ödəməlidir. Özünü zərər çəkən adlandıran şəxs onu (cavabdehi) MM-nin 430.1, MM-nin 442, MM- nin 443.1, MM-nin 443.2, MM-nin 443.3 maddələri ilə günahkar bilir. Qeyd etdiyi bu maddələr öhdəliklərin ödənilməsi ilə bağlıdır. Burada öhdəliyin icrasından imtinadan, öhdəliyin icra olunmamasından söhbət gedir (430.1 və 442- ci maddələri ilə). Eləcə də iddiaçı qeyd edir ki, guya o, bu şəxsə vurduğu zərərin əvəzini məcburi qaydada ödəməlidir (MM-nin 443.1, 443.2, 443.3 maddələri ilə). Hətta zərərin ödənilməsində MM-nin 21, 21.1, və 21.2 -ci maddələrinə istinad olunur. Məlumdur ki, öhdəlik MM-nin 385-ci madəsinə əsasən bir şəxsin digər şəxs qarşısmda götürdüyü öhdəlikdir. MM-nin 386.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında əmələ gələ bilər. Yəni iki tərəf arasında bağlanılmış müqavilədə nəzərdə tutulan öhdəliklər hər iki tərəf üçün hüquqi öhdəlik sayılır və tərəflər bunu icra etməyə borcludurlar. MM-nin 389.1-ci maddəsində göstərilir ki, həmin maddəyə uyğun olaraq mülki hüquq və vəzifələrin müəyyən edilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 405.1-ci maddəsinə görə müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanılmış sayılır. MM-nin 390.1-ci maddəsində Müqavilə Azadlığı nəzərdə tutulmuşdur ki, burada qeyd olunan fiziki və hüquqi şəxs azad şəkildə müqavilə bağlayır və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Eləcə də öhdəliklərin icrasının təmin edilməsi haqqında ümumi müddəalar MM-nin 460-cı maddəsində öz əksinə tapmışdır. Müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsiplərinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliyin icrasının təminat üsullarını öz aralarında nəzərdə tutsunlar. (MM-nin 460.1 maddəsi) MM-nin 460.1-ci maddəsində öhədliklərin icrasının girov, zaminlik, ipoteka və ya digər üsullarla təminat üsulları nəzərdə tutulmuşdur. Əsasən banklar tərəfindən kredit verərkən kreditin təminatı kimi bu cür öhdəliklər tələb olunur. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan qaydalara görə İddiaçı o (cavabdeh), 2007-ci ildə "xxxx" ASG-nin Cəlilabad filialında kredit alarkən öz evini kredit təminatı kimi banka ipoteka qoymuşdur. İpoteka müqaviləsi məcburi qaydada deyil, maraqlar hesabına könüllü şəkildə bağlanılıb. Yəni müqavilə İddiaçı qaynı Səmədov Sücayətin maraqları hesabında bağlanılıb. Qeyd edir ki, ipoteka müqaviləsində onun (cavabdehin) heç bir öhdəliyi qeyd olunmayıb ki, bu da mülki hüquq pozuntusu adlanılsın. Buradan göründüyü kimi, iddiaçının məqsədi müxtəlif əsası olmayan bəhanələrlə ipoteka öhdəliyindən yayınmaqdır ki, bu da ipoteka müqaviləsinin ləğvi deməkdir. İpoteka müqaviləsi isə dəyişdirilə və ya əvəz oluna bilməz. Ən əsası ləğv oluna bilməz. X4 (cavabdehin) qarşısında hüquqi öhdəliyi var və o, bu öhdəliyə əməl etməyib. Yeri gəlmişkən, hüquqi öhdəliyin pozulması da buradan başlanılıb. Bildirir ki, aldığı kreditdən Səmədov Sücayətə 6000 (altı min) manat vermiş və o, öhdəlik götürüb ki, aldığı pulu geri qaytaracaq. Qeyd edir ki, borc qaytarılmadığından hal-hazırda borc ümumilikdə 9110 manat təşkil edir ki, 6000 manat əsas borc, 650 manatı gecikdirilmiş faizə görə, 2520 manat isə faiz borclarıdır. Buradan aydın olur ki, kim öz öhdəliyini yerinə yetirməyib. Bildirir ki, ipoteka müqaviləsi zərər çəkən adlandırılan İddiaçı öz xahişi və razılığı ilə (eləcə də bütün ailə üzvlərinin razılığı) imzalanıb. Qeyd edir ki, ipoteka müqaviləsi bağlanılarkən müqavilə Dövlət Notariat tərəfindən bütünlüklə oxunub və başa salınıb. Yeri gəlmişkən, heç o (cavabdeh), notariat ofisində olmamış, onlar hər şeyi Səmədov Sücayətin rəhbərliyi ilə həyata keçiriblər. Deməli onlar hər şeyi bilərək imza ediblər, deməli özləri özlərinə zərər veriblər. MM-nin 1097.5-ci maddəsində qeyd olunur: “ Əgər zərər zərərçəkənin xahişi və razılığı ilə vurulmuşsa, onun əvəzinin ödəməkdən imtina edilə bilər”. Burada hər şey aydındır, deməli mülki hüquq pozuntuları ona (cavabdehə) aid deyildir.Bir faktı da qeyd edir ki, iddiaçı ona qarşı iddia tələbini 2013-cü ildə etmək imkanı qazanmışdır. Belə ki, "xxxx" ASC-nin iddia tələbi ilə ona (cavabdehə) qarşı 2013-cü ildə məhkəmə işi başlatmışdır. Onda Məhkəmə ona və “ipoteka” müqaviləsi bağlayanlara Məhkəmədə iştirak etməkdən ötəri “Bildiriş” göndərmişdir. Qeyd edir ki, bildiriş İddiaçı göndərilmişdir, lakin o, Məhkəməyə gəlməmişdir, eləcə də instansiya məhkəmələrinə müraciət etmək hüququndan istifadə etməmişdir. Bütün bunlar razılıq əlaməti sayılır. Amma o, bunu vaxtında edə bilərdi. Onun (cavabdehin) qarşı tərəfin ona qarşı qaldırdığı iddia ərizəsinin əsassız saydığı ən əsas narazılığı iddianın vaxtında qaldırılmamasıdır. Məlumdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə iddia müddətləri qəbul olunmuşdur. Belə ki, 373.1 maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsində iddia müddəti müqavilə tələbləri üzrə 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbi isə 6 il müəyyən olunmuşdur. 373.3-cü maddə üzrə də iddia müddəti 3 il müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı ilə “Kredit münasibətlərindən yaranan mübahisələrə” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində iddia müddəti 3 illik nəzərdə tutulub. Amma göründüyü kimi iddia müddətindən 12 il vaxt ötüb. Deməli, İddiaçı ona qarşı qaldırdığı iddia vaxt, müddət baxımından əsassızdır. MM-nin 375.2-ci maddəsində qeyd olunur ki, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin Məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə Ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayonu Kazımabad kənd sakini İddiaçı ona (cavabdehə) qarşı qaldırdığı 13 fevral 2025-ci il tarixli iddia ərizəsini əsassız hesab ediərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, kredit götürüldükdən sonra 5 nəfər arasında (ipoteka qoyanlar və cavabdehin özü) arasında bölünmüşdür. Burada əsas məqsəd hamının faydalanması olmuşdur. Müqaviləni iddiaçı könüllü olaraq bağlamışdır, hətta nə müqavilə bağlanarkən, nə də götürülmüş kredit notarial ərizələrlə həmin o 5 nəfər arasında bölüşdürülərkən iştirak etməmişdir. Bank onları 2013-cü ildə məhkəmə verəndə isə heç kim iştirak etməmişdir, yalnız cavabdeh özü məhkəməyə getmişdir. Həmçinin 35 min manatdan yuxarı vəsaiti cavabdeh ödəyib, ipoteka qoyanlar isə hər hansı ödəniş etməyiblər. Ən vacib məsələ isə iddia müddətinin tətbiqidir. Kredit 2007-ci ildə 5 illik müddətə, yəni 2012-ci ilədək ödənilmək şərtilə götürülüb, müqavilə üzrə öhdəliyin icrası tarixindən 13 il, məhkəmə qərarının qəbulundan isə 12 il ötüb. Bu qədər müddət keçdikdən sonra onu məhkəməyə vermək və günahkar bilmək, hesab edir ki, tamamilə əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşının yoldaşıdır. 2007-ci ildə cavabdeh onun (şahidin) evinə gələrək, kredit götürmək istədiyini bildirmiş və ondan evini girov qoymasını xahiş etmişdir. Onun (şahidin) evi girovda olduğu üçün o, qardaşından xahiş etmişdir ki, cavabdehin kreditinin təminatı olaraq evini girov qoysun. Onlar da (iddiaçı) evin sənədlərini düzəltdirib, girov qoymuşlar. Bu vaxta kimi cavabdeh nə onların pulunu qaytarıb, nə də evi girovdan çıxarıb. Hazırda qardaşı və iddiaçı ilə münasibətləri pisləşib, səbəb isə bu məsələdir. Dəfələrlə cavabdehdən pulun ödənilməsini və evi ipotekadan azad etməyi tələb etsələr də cavabdeh qəsdən öhdəliyini icra etməmişdir. Cavabdehin əməlində dələduzluq olduğuna görə bu barədə polisə də şikayət verib, polis cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib, həmin qərardan şikayət versə də məhkəmə şikayəti təmin etməyib, məhkəmənin verdiyi qərarı isə apellyasiya instansiyası məhkəməsi qanuni hesab edərək dəyişdirməyib. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya və ona (şahidə) xeyli maddi və mənəvi zərər dəyib. Ev hazırda iddiaçının sahibliyindədir, iddiaçı ailə üzvləri ilə həmin evdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsassızdır. İşdə olan: - Cəlilabad Rayon Məhkəməsinin 2013-cü il 29 may tarixli, 2(073)-1036/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 113.450 manat əsas məbləğ, 17.004 manat faiz, 1565 manat dəbbə pulu olmaqla, cəmi 132.019 (bir yüz otuz iki min on doqquz) manat kredit borcunun tutulması, tutmanın X2 məxsus olan Biləsuvar rayonu, Ağalıkənd kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 105,6 kv.m ümumi 53.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə, X3 məxsus ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 98,6 kv.m ümumi, 33,2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə, İddiaçı oğluna məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində 0.1891 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 98,6 kv.m ümumi, 51,48 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə, X13 məxsus olan Cəlilabad rayonu, Soltankənd kəndində 0,2739 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 70,8 kv.m yaşayış, 55,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan yaşayış evləri satıldıqda həmin evlərdə yaşayanlar X13 məxsus olan fərdi yaşayış evində yaşayan arvadı X14, X2 məxsus fərdi yaşayış evində X1, X6, X18, İddiaçı məxsus olan fərdi yaşayış evində yaşayan X19, X21, X22 və X7, X3 məxsus olan fərdi yaşayış evində yaşayan X8, X23, X15, X16, X9 və ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə qeydiyyata düşən şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, ipoteka predmeti olan X2 məxsus olan Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin 30.000 (otuz min) manat, X3 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiymətinin 40.000 (qırx min) manat, İddiaçı məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evinin qiymət 40.000 (qırx min) manat, X13 məxsus olan Cəlilabad rayonu, Soltankənd kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin 20.000 (iyirmi min) manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə cavabdeh X24, X14, X10, X1, X6, İddiaçı, X19, X22, X21, X11, X8, X20, X23 və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına təkrarən gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəfindən işin faktiki halı kimi müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 2007-ci ildə qarşılıqlı razılığa gələrək cavabdehin adına kredit götürülməsi üçün iddiaçıya və digər şəxslərə məxsus daşınmaz əmlakları ipoteka ilə yüklü etmişlər. Cavabdeh 120 min manat kredit götürmüş, həmin məbləğin müəyyən hissəsini (təxminən 50 min manat) cavabdeh özü əldə etmiş, digər hissəni isə ipotekaya qoymuş şəxslər öz aralarında bölüşdürmüşlər. Həmin vaxt iddiaçı 6000 manat pul götürmüşdür. Bu hal, yəni götürülmüş kreditin cavabdeh, iddiaçı və digər şəxslər arasında bölüşdürülməsi iş materiallarında olan notarial qaydada verilmiş ərizələr ilə müəyyən edilməklə işin mübahisələndirilməyən halıdır. İş materiallarında olan, iddiaçı tərəfindən notarial qaydada verilmiş 13 iyul 2007-ci il tarixli ərizədən görünür ki, Cavabdeh aldığı 120.000 manat pulun 6000 manatını iddiaçıya vermiş, İddiaçı isə həmin pulu 2013-cü ilin iyun ayına qədər hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi və ipoteka müqavilələri qanuni şəkildə bağlanılmış, Cavabdeh 6500 manat əsas borc, 25368 manat faiz borcu olmaqla cəmi 31868 manat kredit ödənişi etmiş, ipoteka qoyanlar, o cümlədən iddiaçı isə hər hansı ödəniş etməmişdir. Kredit öhdəliyini pozduğuna görə cavabdehə və iddiaçıya, o cümlədən digər ipoteka qoyanlara qarşı kreditor bank onları birgə cavabdeh qismində cəlb etməklə məhkəmədə iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilməklə borcun tutulması, tutmanın isə yüklü edilmiş evlərə yönəldilməsi qət edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh bu hala görə cavabdehlik daşıyır və evinin əldə çıxmasına görə cavabdeh ona evin dəyəri olan 40 min manat pulu maddi ziyanın əvəzi olaraq ödəməlidir. Evə tutma yönəldilsə də icra edilməmişdir, iddiaçı ailə üzvləri ilə birlikdə hazırda həmin evdə yaşayır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi yazılı vəsatətə (ərizəyə) münasibət bildirərək hesab edir ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı və cavabdehin arasında hər hansı müqavilə bağlanılmadığına və müqavilə tərəfləri olmadıqlarına görə hazırki iş üzrə müqavilə tələbləri üzrə 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti olan 10 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, yuxarıda göstərilən Məhkəmənin 29 may 2013-cü il tarixli qətnaməsi ilə bağlı məhkəmə icraatından və ya həmin qətnamənin qəbul edilməsindən və ya qətnamənin icraya yönəldilməsindən iddiaçının məlumatlı olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə qətnaməsinin özündən də görünür ki, işə baxan hakim cavabdehlərin (hazırki iş üzrə iddiaçı da daxil olmaqla) iştiraklarının təmin olunması üçün məhkəmə iclasını təxirə salsa da və tərəflər məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılsalar da iclasda iştirak etməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bankın iddiaçını və digər şəxsləri məhkəməyə verməsi və məhkəmə icraatı barədə iddiaçının da məlumatlı olması münasibətlərin faktiki iştirakçısı olan şahid Səmədov Sücaətin ifadəsi ilə də təsdiqini tapmışdır. İddia müddətinin hansı səbəbdən iddiaçı tərəfindən ötürülməsi ilə bağlı məhkəmənin verdiyi suala cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh bütün bu illər ərzində iddiaçını aldatmış, guya hansısa sərəncamın olduğunu və borcların silinəcəyini bildirmiş, habelə problemi özü həll edəcəyini bildirirək yalan vədlər vermişdir ki, nəticədə də iddia müddəti ötürülməmiş hesab edilməlidir. Bu hissədə nümayəndənin verdiyi cavabla məhkəmə razılaşmayaraq və göstərilən səbəbləri üzrlü hesab etməyərək məhkəmə qeyd etməyi lazım bilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. Hazırki halda isə iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu an məhkəmə qətnaməsinin qəbul edildiyi 29 may 2013-cü il və ya ondan daha əvvəlki tarix – məhkəmə iclaslarının keçirildiyi tarixlərdir. Habelə, qanunvericiliyin tələblərinə görə bu hal iddia müddətinin son altı ayında baş verməli idi ki, indiki halda iddiaçı 2013-cü ildən bəri cavabdeh tərəfindən “aldadıldığını” bilirdi. Beləliklə, iddiaçı könüllü olaraq öz evini ipoteka ilə yüklü edərək cavabdehin adına kredit götürülmüşdür, iddiaçı kredit ödənilmədiyi təqdirdə ipoteka ilə yüklü edilmiş evi ilə bağlı potensial riskləri qabaqcadan görmüşdür və götürülmüş ümumi kredit məbləğinin 6 min manatı iddiaçıya verilmişdir. Bu, onların qarşılıqlı razılığı əsasında baş vermişdir, iddiaçının və ya digər ipoteka qoyanların cavabdeh tərəfindən aldadılması halı isə öz təsdiqini tapmamışdır. İddianın hüquqi əsası kimi iddiaçı və vəkili Mülki Məcəllənin delikt məsuliyyətini müəyyən edən normalarına istinad etsə də bu hissədə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı delikt törədilməmişdir, habelə iddiaçı tərəfindən həmin Məcəllənin 1097.5-ci maddəsi nəzərə alınmamışdır. Belə ki, MM-in 1097.5-ci maddəsinə görə əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət və s.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə qeyd edir ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə göstərilmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqelərdən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” 30 iyun 2005-ci il, “R.Salamovun şikayəti üzrə” 30 oktyabr 2007-ci il və “X.Xəlilovun şikayəti üzrə” 16 yanvar 2009-cu il tarixli Qərarlarında mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqinin mühüm əhəmiyyətə malik olması qeyd edilmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir ( “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli qərar və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsini, habelə iddiaçının cavabdehdən dəymiş zərərin əvəzini tələb etmək barədə subyektiv hüququnun olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar