Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1050/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 15 930 (on beş min doqquz yüz otuz) manat pulun və 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Sərhədabad kəndində yaşayır. Özünə məxsus təsərrüfatında iri buynuzlu heyvanlar saxlayır və həmin heyvanları nəğd və nisyə satmaqla ailəsini dolandırır. Cavabdeh X5 təxminən 8-9 ay olar ki, tanıyır. Cavabdeh ondan bir neçə dəfə heyvan almış və pulunu ödəmişdir. Buna görə cavabdehə etibarı və inamı olmuşdur. 20 fevral 2023-cü il tarixdə cavabdeh onun (iddiaçının) yaşadığı evə gələrək, ondan cəmi dəyəri 15 930 (on beş min doqquz yüz otuz) manat olan 9 baş iri buynuzlu heyvanı nisyə almış və pulunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Cavabdeh əvvəllər də bir neçə dəfə ondan (iddiaçıdan) heyvan aldığına və pulunu ödədiyinə görə ona inanmış və 9 baş iri buynuzlu heyvanları ona nisyə satmağa razı olmuşdur. Cavabdeh 9 baş iri buynuzlu heyvanları aparmış, lakin pulunu gətirib verməmişdir. Buna görə o (iddiaçı) polis şöbəsinə şikayət etmiş, onun (iddiaçının) şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birlikdə heyvan alqı-satqısı ilə məşğul olmuşdur. Sonuncu dəfə iddiaçıdan 15930 (on beş min doqquz yüz otuz) manat dəyərində heyvanı nisyə almış və həmin borcundan bir dəfə 11000 (on bir min) manat, növbəti dəfə isə 1100 (bir min bir yüz) manat qaytarmışdır. Hazırda onun iddiaçıya 3830 (üç min səkkiz yüz otuz) manat borcu vardır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı X3 barəsində pul tələbi barədə şikayət vermiş, həmin şikayət əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olduğu göstərilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, X6 verdiyi izahatında xx.xx.2023-cü ildə İddiaçı 9 baş iri buynuzlu heyvanı nisyə aldığını və onları satdıqdan sonra zərər etdiyi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı 11000 (on bir min) manat pul verdiyini, səhəri gün isə 1100 (bir min bir yüz) manatpul verdiyini, ümumilikdə hal-hazırda İddiaçı 15930 (on beş min doqquz yüz otuz) manat borcunun qaldığını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin fevral ayında iddiaçıdan 15 930 (on beş min doqquz yüz otuz) manat dəyərində 9 baş iri buynuzlu heyvanı nisyə almış, lakin müəyyən etdikləri vaxt keçməsinə baxmayaraq aldığı heyvanların dəyərini ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə iclasında cavabdeh X6 iddaçıdan aldığı 9 baş iri buynuzlu heyvana görə 15 930 (on beş min doqquz yüz otuz) manat borcunun olduğunu, həmin borcunun bir hissəsini iddiaçıya ödədiyini, iddiaçıya cəmi 3830 (üç min səkkiz yüz otuz) manat borcunun qaldığını göstərsə də, həmin halı təsdiq edən, yəni 15 930 (on beş min doqquz yüz otuz) manatdan ödəniş etdiyinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 15 930 (on beş min doqquz yüz otuz) manat pul və 140 (bir yüz qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1050/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1050/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver