Məhkəmə qərarları › İş №2(073)-1063/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1063/2025

24.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1063/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun istifadə edilməsinə, Cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasına və həmin gediş-gəliş yolundan onun maneəsiz istifadə etməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun istifadə edilməsi, Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və həmin gediş-gəliş yolundan onun maneəsiz istifadə etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Təzəkənd kəndində özünün və ailə üzvlərinin qalması üçün yaşayış məntəqələrinin torpaqları sahəsində fərdi yaşayış evi tikmişdir. Cavabdeh onunla qonşudur. Cavabdeh onuna aralarında olan gediş-gəliş yoluna hasar çəkərək tam yolu hasarlamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, Əmrah xəbərdarlıqlara məhəl qoymamış və onları yaşam tərzini çətin vəziyyətə salmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, O, Cəlilabad rayonu Təzəkənd kəndində yaşayır. İddiaçı onunla həmkəndli olsa da, onunla qonşu deyil və ondan xeyli aralıda yaşayır. Onun yaşadığı ev isə **********05 reyestr nömrəli çıxarışa əsasən oğlu X1 xüsusi mülkiyyətinə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Yaşadığı evin həyət darvazası açılan küçə kəndin başqa istiqamətində yerləşir. İddiaçının istifadə etdiyi küçə, yəni gediş-gəliş yolu ilə qətiyyən əlaqəsi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********05 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində X1 xüsusi mülkiyyətinə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsi 01 may 2024-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, Cəlilabad rayonu Təzəkənd kəndində yaşayış məntəqələrinin torpaqları sahəsində fərdi yaşayış evi tikmişdir. Cavabdeh isə iddaçı ilə aralarında olan gediş-gəliş yoluna hasar çəkərək tam yolu hasarlamışdır. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh xəbərdarlıqlara məhəl qoymamış və iddiaçı və onun ailəsinin yaşam tərzini çətin vəziyyətə salmışdır. Bu səbəbdən də ididaçı İddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçının yaşayış evinə gediş-gəliş yolunu tutmasını təsdiq edən və buna əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun istifadə edilməsinə, Cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasına və həmin gediş-gəliş yolundan onun maneəsiz istifadə etməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun istifadə edilməsinə, Cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasına və həmin gediş-gəliş yolundan onun maneəsiz istifadə etməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun istifadə edilməsinə, Cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasına və həmin gediş-gəliş yolundan onun maneəsiz istifadə etməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar