Məhkəmə qərarları › İş №2(073)-1083/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1083/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1083/2023 24.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 70.000 (yetmiş min) manat pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu barədə vergi uçotunda dayanmış və müvafiq VÖEN-nə malikdir. O, sahibkar kimi mebel istehsalı və satışı ilə məşğul olur. Cavabdeh ilə aralarında müəyyən ticarət münasibətləri olmuşdur. O, istehsal etdiyi mebelləri Sabirabad rayonunda satmağı Cavabdeh həvalə etmişdir. Cavabdehlə aralarında bu barədə şifahi razılaşma olmuşdur. Bu məqsədlə Cavabdeh 17 may 2021-ci ildə Sabirabad rayonunda rəsmi icarə müqaviləsi ilə mağaza icarəyə götürərək onun göndərdiyi mebellərin satışını həyata keçirmişdir. Onun sahibkar kimi həmin dükana göndərdiyi bütün malları satmaq və müştərilərdən pulları yığmaq işi ilə cavabdeh məşğul olmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh 2022-ci ilin sentyabr-oktyabr aylarında müştərilərə nağd qaydada satdığı malların pulunu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Ümumilikdə cavabdeh bu hərəkətləri ilə ona 70.000 (yetmiş min) manat dəyərində ziyan vurmuşdur. O, cavabdehdən göndərdiyi malların satışından əldə olunmuş pulların ödənilməsini tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə həmin pulu ona geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də o, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu barədə müvafiq VÖEN-nə də malikdir. İddiaçı İlham Həsənov həqiqətən də Cəlilabad rayonunda mebel istehsalı ilə məşğul olur. Onların arasında şifahi olaraq belə bir razılaşma olmuşdur ki, o, Sabirabad rayonunda mağaza icarəyə götürməklə iddiaçının istehsal etdiyi mebelləri satıb müəyyən xərclər çıxıldıqdan sonra və özünün də xeyri nəzərə alınmaqla satışdan əldə olunmuş pulları iddiaçıya verməli idi. Bu məqsədlə o, rəsmi icarə müqaviləsi əsasında Sabirabad rayonunda mağaza icarəyə götürmüş və iddiaçının göndərdiyi mebellərin satışı ilə məşğul olmuşdur. Satışdan əldə olunmuş pulların müəyyən bir qismini iddiaçıya vermiş, bəzi malları nisyə satdığına görə pullarını yığıb təhvil verə bilməmişdir. O, iddiaçının pulunu mənimsəməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh fiziki şəxs kimi fərdi sahibkar statusuna malik olduqdarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan kommersiya mübahisəsi kimi iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, X3 fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, aktiv vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. İş materiallarında olan elektron informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Cavabdeh da fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, aktiv vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. İşə əlavə edilmiş 17 may 2021-ci il tarixli 01 saylı icarə müqaviləsindən görünür ki, Cavabdeh fərdi sahibkar kimi X1 Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 845.5 kv.m sahəsi olan əmlakı 3 il müddətinə ticarət fəaliyyəti üçün icarəyə götürmüşdür. Eyni zamanda məhkəmə mübahisənin predmetini və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verərək qeyd edir ki, tərəflər arasında kommersiya münasibətləri mövcud olmuş, iddiaçının istehsal etdiyi malların cavabdeh tərəfindən satışı həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi (onlar tərəfindən alındığı) gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar