Məhkəmə qərarları › İş №2(073)-1085/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1085/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1085/2023 19.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə X1 arasında bağlanış xx.xx.2019-cu il tarixli, GK-MK 1652/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1868.95 manat əsas borc, 6.68 manat faiz borcu, 78.40 manat cərimə, cəmi 1954.03 (bir min doqquz yüz əlli dörd manat üç qəpik) manat borcun və 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, GK-MK 1652/19 saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə 2902.10 (iki min doqquz yüz iki manat on qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, GK- MK 1652/19 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kreditor qarşısında borclunun öhdəliklərinin icrasına görə öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcun ödənilməsindən yayınmışlar. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, GK-MK 1652/19 saylı kredit müqaviləsindən görünür ki, iddaçı bank tərəfindən Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 2902.10 (iki min doqquz yüz iki manat on qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, GK-MK 1652/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK 1652/19 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan pretenziyadan görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-in Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK 1652/19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1868.95 manat əsas borc, 6.68 manat faiz borcu, 78.40 manat cərimə, cəmi 1954.03 (bir min doqquz yüz əlli dörd manat üç qəpik) manat borc və 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar