Məhkəmə qərarları › İş №2(073)-1111/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1111/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1111/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh Sadiq oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sadiq oğluna qarşı Cavabdeh Sadiq oğlundan 700 manat dəymiş maddi ziyan və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb onlara verilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sadiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadiq oğlundan 700 manat dəymiş maddi ziyan və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, Calilabad rayonu Qarazəncir kandinda qeydiyyatda olrnaqla həmin ünvanda yaşayır. Cavabdeh Sadiq oğlu da onunla həmkəndlidir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh laminatın 1kv.m 10 manat olmaqla 51kv.m laminatı vurmağı öhdəsinə götürmüşdür. Həmin işlərin görülməsi üçün əvvəlcədən cavabdehə 400 manat pul vermişlər. Cavabdeh isə müəyyən işləri gördükdən sonra, 51kv.m laminatı doğrayıb yararsız hala salmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ümumiyyətlə laminat vurmağı bacarmır. Cavabdehin hərəkətləri nəticəsində ona 700 manat məbləğində ziyan dəymişdir. Belə ki, 51kv.m laminat 1kv.m 10 manatdan 600 manat edir, lakin cavabdehlə 500 manata razılaşmışlar. Həmin məbləğdən cavabdehə 400 manat vermiş, 100 manatı isə, hansı ki, o pula görə işləri yerinə yetirmədiyindən cavabdehə verməmişdir. O, cavabdehdən vurduğu ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə ilə vurduğu ziyanı ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, məcbur qalıb xx.xx.2024cü il tarixdə Cəlilabad RPŞ-nə müraciət etmiş, müraciəti əsasında Cəlilabad RPŞ-da araşdırma aparılmış və araşdırma zamanı cavabdehlə aralarında olan mübahisə mülki mübahisə olduğu üçün bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 İddiaçı2 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Sadiq oğlu iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 onun həmkəndliləridir və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Həqiqətən də iddiaçılar ilə onun arasında şifahi müqavilə bağlanmış və həmin müqaviləyə əsasən o, iddiaçılar ilə danışdığı 500 manat pul müqabilində iddiaçıların tapşırdıqları malyar işini, elektrik, su və qaz xəttinin çəkilməsi işlərini görmüşdür. Lakin laminat vurulması üçün hazırlanmış döşəmə əyri olduğundan, laminatların çoxunun əyilmiş, bir-birindən aralanmış, İddiaçı1 da köməkliyi ilə dəfələrlə söküb yenidən döşəmiş, lakin nəticə verməmişdir. O, iddiaçılara göstərilən məbləğdə ziyan vurmamış, əksinə iddiaçılarla razılaşdıqlarından artıqlaması ilə onlara iş görmüş və hazırda iddiaçılara borclu qalmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış podrat müaviləsinə əsasən, cavabdeh laminatın 1 kv.m 10 manat olmaqla 51 kv.m laminatı vurmağı öhdəsinə götürmüşdür. Həmin işlərin görülməsi üçün əvvəlcədən cavabdeh iddiaçılardan 400 manat almışdır. Lakin cavabdeh 51 kv.m laminatı doğrayıb yararsız hala salmış və nəticədə iddiaçılar 700 manat məbləğində ziyan dəymişdir. Bununla da cavabdeh üzərinə götürdüyü öhəliyi yerinə yetirməmiş və nəticədə iddiaçılara 700 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sadiq oğluna qarşı 700 manat pul tələbində haqlıdırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. HəminMəcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdeh iddiaçılar ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh Sadiq oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdiyi öhdəlikləri yerinə yetirməmiş və nəticədə iddiaçılar qeyd edilən mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh Sadiq oğlundan 700 manat alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı2 hazırkı ərizənin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sadiq oğlundan 700 (yeddi yüz) manat alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh Sadiq oğlundan alınıb İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar