Məhkəmə qərarları › İş №2(073)-1138/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1138/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1138/2023 20.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Şəbnəm və xx.xx.2011ci il təvəllüdlü Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə alimentin həcminin artırılaraq, 205 (iki yüz beş) manat, cəmi 410 (dörd yüz on) manat təyin edilərək alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 2005-ci ildə faktiki olaraq evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki evliliklərindən 14 sentyabr 2006-cı il təvəllüdlü Şəbnəm və 01 sentyabr 2011-ci il təvəllüdlü Rəhman adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Əvvəllər cavabdehlə münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş və cavabdehlə ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-876/2020 saylı qətnaməsi ilə Cavabdeh Şəbnəm və Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona (iddiaçıya) verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Orxan oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, lakin məhkəmənin hazırlıq iclasında ərizə verərək, iddianı qismən etiraf etdiyini, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmə işə Cavabdeh Orxan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Rusiya Federasiyası Serov şəhəri VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli İİ-Aİ N573371 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 14 sentyabr 2006-cı ildə doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Rusiya Federasiyası Serov şəhəri VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli İİİ-Aİ N599192 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 01 sentyabr 2011-ci ildə doğulmuşdur, anası kimi İddiaçı göstərilmiş, ata qrafası boş saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-876/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı doğulmuş 14 avqust 2011-ci ildə təvəllüdlü Rəhman adlı uşağn atası hesab edilməsi, 10 mart 2020-ci ildən başlayaraq 14 sentyabr 2006-cı il təvəllüdlü X2 və 14 avqust 2011-ci ildə təvəllüdlü Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-876/2020 saylı qətnaməsin ilə Cavabdeh 14 sentyabr 2006-cı il təvəllüdlü X2 və 14 avqust 2011-ci il təvəllüdlü Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 205 (iki yüz beş) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-876/2020 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar