Məhkəmə qərarları › İş №2(073)-1157/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1157/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1157/2023 28.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclası zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2685.20 (iki min altı yüz səksən beş manat iyirmi qəpik) manat pulun, borca illik 5%-lə hesablanmış 145.45 (bir yüz qırx beş manat qırx beş qəpik) manat əldən çıxmış faydanın və 48.31 (qırx səkkiz manat otuz bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının ********************) xx.xx.2022-ci il tarixində onlayn ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 2685.20 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsiat qaytarılmadığlndan hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2, 6.1.8, 14.2.7, 445.7-ci maddələrinə istinad edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. xx.xx.2022-ci il tarixdə onun (cavabdehin) kartına Sankt-Peterburq şəhərindən Sberbankdan 6 dəfə pul köçürməsi olmuşdur. Həmin köçürmələri doğma xalası və onun övladları etmişdirlər. İddiaçı Bank onun (cavabdehin) heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhv baş verdiyinə görə iddiaçının hesabına əsassız varlandığını göstərsə də, texniki səhvin nədən ibarət olduğunu, necə və nə zaman baş verdiyini və bu səhvin 2685.20 manatla hansı əlaqəsinin olduğunu göstərməmişdir. İddiaçı Bank bir tərəfdən onun (cavabdehin) «onlayn» ödəniş əməliyyatları apardığını, məbləğin bir qismini ATMdən məxaric etdiyini və kart hesabından digər kart hesablarına köçürmələr etdiyini, digər tərəfdən isə 2685.20 manat texniki səhvin nəticəsi kimi qiymətləndirir və bu səhvin səxsiyyət səhvi və ya texnika (məsələn kampyuter) pozuntusu olduğunu bildirmir. Bundan əlavə iddiaç texniki səhvin məsuliyyəti haqqında susur. İddiçı ona heç bir zaman belə bir texniki səhvin mövcudluğunu nə yazılı, nə də şifahi şəkildə bildirməmiş, ancaq onun (cavabdehin) 2685.20 manat borcunun olduğunu bildirmişdir. Səbəbi isə bundan ibarətdir ki, xx.xx.2022 tarixdə Sankt-Peterburq şəhərindən Sberbankdan daxil olan 6 dəfə pul köçürmələrinin biri qeri qayıtmışdır. Halbuki, həmin pul köçürmələrində olan məbləğin heç biri 2685, 20 manata uyğun deyildir. Bir müddətdən sonra qohumları ona (cavabdehə) Sankt-Peterburq şəhərindən Sberbankdan 6 ədəd məbləğin hər birinə aid arayış göndərmişlər. O da həmin arayışları iddiaçıya təqdim etmişdir. Sberbank köçürmələrin müvəffəqiyyətlə həyata keçirildiyini, məbləğlərin geri dönmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər biı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisəli məbləği «onlayn» ödəniş əməliyyatları və «texniki səhv» adlandırmaq kifayət deyildir. Texniki səhvə gəldikdə isə o (cavabdeh) bu barədə yalnız iddia ərizəsindən bilmişdir. İddiaçı texniki səhvin baş verdiyini bildikdən dərhal sonra ona (cavabdehə) SMS göndərməklə səhvin nə vaxt və necə baş verdiyini bildirərək səhv verilmiş məbləğin geri qaytarılmasını tələb edə bilərdi. Ona (cavabdehə) isə belə bir SMS gəlməmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək 2685, 20 manatın yaranma səbəbini bilmək istəmiş və hər dəfə ona Sberbankdan 6 məbləğdən birinin geri qaytarıldığını bildirmişlər. Hansı məbləğin geri qaytarıldığını soruşduqda isə ona bunun bank sirri olduğunu deyərək, cavab verməmişlər. Hesab edir ki, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona qarşı iddiaçı tərəfindən irəli sürülən tələb əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən verilmiş “X3” növlü plastik kart istifadəçisidir. İşdə olan Cavabdeh məxsus “X3” növlü plastik kart üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə əməliyyatlar aparmış və xx.xx.2023-cü il tarixə mövcud balans -2685.20 manat təşkil edir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 48.31 (qırx səkkiz manat otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASCyə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının ********************) xx.xx.2022-ci il tarixində onlayn ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 2685.20 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçı bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmış əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Plenumu Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 48.31 (qırx səkkiz manat otuz bir) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 2685.20 (iki min altı yüz səksən beş manat iyirmi qəpik) manat, borca illik 5%-lə hesablanmış 145.45 (bir yüz qırx beş manat qırx beş qəpik) manat əldən çıxmış fayda və 48.31 (qırx səkkiz manat otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar