Məhkəmə qərarları › İş №2(073)-1227/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1227/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1227/2025 26.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İphone 13 Pro Max 128” markalı mobil telefon üçün 1639 manat, “Samsung A25 6/128” markalı mobil telefon üçün isə 600 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 42.39 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı Goranboy şəhərində yaşamaqla Goranboy şəhərində yerləşən “Anar Telekom” mağazasında sahibkar kimi mobil telefon satışını həyata keçirir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək fiziki şəxsin sahibkarlıq uçotu haqqında VÖEN nömrəsi ********** olan Şəhadətnamə əldə etmişdir. 05 sentyabr 2024-cü il tarixdə Cavabdeh iddiaçıya məxsus “Anar Telekom’ mağazasına yaxınlaşaraq kreditlə mobil telefon almaq istədiyini bildirmiş və bir neçə telefonla maraqlanmışdır. Daha sonra aralarında bağlanmış müqavilələrə əsasən “İphone 13 Pro Max 128” markalı mobil telefonu qiyməti 2096 manat, əvvəlcədən ödənilmiş 200 AZN, qalıq borc 1896 manat, aylıq ödənişin isə 158 manat, “Samsung A25 6/128” mobil telefonun qiyməti 660 manat, əvvəlcədən ödənilmiş 60 manat, qalıq borc 600 manat, aylıq ödənişin isə 50 manat olmaqla almışdır. Cavabdeh telefonları aldıqdan sonra iphone “13 Pro Max 128” markalı mobil telefon üçün xx.xx.2024-cü il tarixdə 158 manat, xx.xx.2024-cü il tarixdə isə (20+39+20+20) manat ödəmiş, 1639 manat borcu, “Samsung A25 6/128” mobil telefon üçün isə 600 manat borcu qalmışdır. İddiaçı cavabdehdən borcunun ödənilməsini tələb etsə də, cavabdeh ona olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 1095 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh "Anar Telecom"dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “Samsung A25 6/128”, **********87981/**********87982 İMEİ kodlu mobil telefon almış, nəzərdə tutulmuş mobil cihazın borcu yarandığı təqdirdə "AnarTelecom" tərəfindən İMEİ nömrəsinin deaktiv edilməsinə (bağlanılmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmasına etirazı olmadığını bildirmişdir. Cavabdeh 60 manat ilkin ödəniş etmiş, 600 manat borclu qalmışdır. İşdə olan iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış ELG saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh "AnarTelecom" dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “Samsung A25 6/128”, **********87981/**********87982 İMEİ nəzərdə tutulmuş mobil cihaza 660 manat, əvvəlcədən ödənilmiş 60 manat, qalıq borc 600 manat, 12 ay aylıq 50 manat, qalıq 600 manat borcu yarandığı təqdirdə "AnarTelecom" tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanılmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmasına etirazı olmadığını bildirmişdir. İşdə olan iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 1041 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh "AnarTelecom" dan 2096 manat dəyərində “İphone 13 Pro Max 128” markalı mpbil telefon almış, aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “İphone 13 Pro Max 128”, **********277/**********63541 İMEİ nəzərdə tutulmuş mobil cihazı borcu yarandığı təqdirdə "AnarTelecom" tərəfindən bu mobil cihazın İMEİ nömrəsinin deaktiv edilməsinə (bağlanılmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmasına etirazı olmadığını bildirmişdir. Həmin Əlavədən görünür ki, Cavabdeh "AnarTelecom" dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “İphone 13 Pro Max 128”, **********277/**********63541 İMEİ nəzərdə tutulmuş mobil cihaza 2096 manat, əvvəlcədən ödənilmiş 200 AZN, qalıq borc 1896 manat, 12 ay 158 manat borcu yarandığı təqdirdə "AnarTelecom" tərəfindən bu mobil cihazın İMEİ nömrəsinin deaktiv edilməsinə (bağlanılmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmasına etirazı olmadığını bildirmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 42.39 (qırx iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrə əsasən “İphone 13 Pro Max 128” markalı mobil telefonu qiyməti 2096 manat müəyyən edilməklə və əvvəlcədən 200 manat ödəməklə, “Samsung A25 6/128” mobil telefonu qiyməti 660 manat müəyyən edilməklə və əvvəlcədən 60 manat ödəməklə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən, yəni qalıq borclarını ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, göstərilən qanunvericilik normaları baxımından cavabdehin hərəkəti müqavilə üzrə yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir və iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “İphone 13 Pro Max 128” markalı mobil telefon üçün 1639 (bir min altı yüz otuz doqquz) manat, “Samsung A25 6/128” markalı mobil telefon üçün isə 600 (altı yüz) manat, cəmi 2239 (iki min iki yüz otuz doqquz) manat borc və 42.39 (qırx iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar