Məhkəmə qərarları › İş №2(073)-127/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-127/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-127/2023 24.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Qüdrət oğlunun iştirakı ilə, İddiaçı Qüdrət oğlunun Cavabdeh qarşı 4200 manat və 63 manat dövlət rüsumu tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qüdrət oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4200 manat və 63 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qüdrət oğlu iddianı müdafiə edərək izahatında bildirdi ki, ona verilən təqaüdün artırılması və Çernobl əlillərinə verilən “Xəzər” markalı avtomobilin növbəlik əsasında alınması üçün Cəlilabad rayonu Göytəpə şəhər sakini Cavabdeh ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 4200 manat pul almışdır. Lakin aldığı pul vəsaitinin qarşılığında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. O, cavbdehin götürdüyü öhdəlikləri yerinə yetirmədiyini başa düşdükdən sonra cavabdehdən verdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq, onu getgələ saldığından o, da cavabdehin qanunsuz hərəkətləri barədə Cəlilabad rayon polis şöbəsinə müraciət etmişdir. Cəlilabad rayon polis şöbəsinin TB-də araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh ondan aldığı 4200 manat pul məbləğini etiraf etmişdir. Cavabdeh Cəlilabad RPŞ-nin TB-də həmin 4200 manat pul məbləğindən 700 manatını qaytardığını bildirsə də, əslində isə ona 700 manat qaytarmamışdır. Cəlilabad RPŞ-nin TBdə araşdırma aparılsa da 06 sentyabr 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, mübahisənin mülki xarakterli olması və bu səbəbdən də məhkəməyə müraciət etməsi izah olunmuşdur. Onun səhhəti ağır olduğundan müalicələrdə olduğu üçün hazırki vaxtda məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirmişdir ki, İddiaçı Qüdrət oğlu onun dostu, Cavabdeh isə həmyerlisidir. İddiaçı ilə cavabdeh onun vasitəsi ilə tanış olmuşlar. Cavabdeh İddiaçı verilən təqaüdün artırılması və Çernobl əlillərinə verilən “Xəzər” markalı avtomobilin növbəlik əsasında alınması üçün İddiaçı müxtəlif tarixlərdə onun yanında ümmulikdə 4200 manat almışdır. Sonradan cavbdeh götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı cavabdehdən verdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, lakin nə Cavabdeh özü, nə də onun vasitəsi ilə İddiaçı aldığı 4200 manat pul məbləğini geri qaytarmamışdır. O, bu mübahisənin vasitəçisi olduğu üçün, dəqiq bilir ki, Cavabdeh İddiaçı aldığı 4200 manat pul məbləğini geri qaytarmamışdır. İşdə olan Cəlilabad rayon X3 Bölməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı Qüdrət oğlunun şikayət ərizəsi əsasında Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılmış, araşdırma zamanı tərəflərin izahatları alınmış və Cavabdeh verdiyi izahatında İddiaçı Qüdrət oğlundan 3500 manat pul aldığını etiraf etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qüdrət oğlu hazırkı iddianın verilməsi ilə əlaqədar 63 (altmış üç) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı Qüdrət oğluna verilən təqaüdün artırılması və Çernobl əlillərinə verilən “Xəzər” markalı avtomobilin növbəlik əsasında alınması üçün İddiaçı müxtəlif tarixlərdə 4200 manat pul vəsaiti almışdır. Lakin sonradan Cavabdeh iddiaçıdan aldığı 4200 manat pulu özünün ehtiyaclarına sərf etmiş və geri qaytarmamışdır. Buna görə də İddiaçı Qüdrət oğlu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Qüdrət oğlundan verilən təqaüdün artırılması və Çernobl əlillərinə verilən “Xəzər” markalı avtomobilin növbəlik əsasında alınması üçün 4200 manat pul vəsaitini əldə etməklə verdiyi sözə əməl etməyərək özündə saxlamaqla əsassız varlanmaq istəmişdir. Qeyd olunanlara əsasən İddiaçı Qüdrət oğlunun Cavabdeh qarşı 4200 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 4200 manat alınıb İddiaçı Qüdrət oğluna verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63 (altmış üç) manat alınıb İddiaçı Qüdrət oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar