Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1287/2025 07.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1993-cü il istehsalı, “Mercedes Benz 200D (sedan)” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, yararsız olduğu halda vurduğu 3400 (üç min dörd yüz) manat maddi ziyanın cavabdehdən alınıb ona (iddiaçıya) geri qaytarılması, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və 54 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.2024-cü ildə ümumi etibarnamə ilə mülkiyyətinə verilmiş 1993-cü il istehsalı, “Mercedes Benz 200D” (sedan) markalı **-NZ-*** dövlət nişanlı avtomobili aralarında şifahi alqı-satqısına dair razılaşaraq ilkin 1000 manat ödəməklə 12 aylıq hər ay 400 manat olmaqla, 12 aya ümumilikdə 4800 manat ödəniş etməklə 7E-20352 saylı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etbarnamə ilə cavabdehə vermişdir. Bundan sonra cavabdeh noyabr ayında ona olan borcundan 400 manat ödəniş etmiş, ancaq 4 aydır ki, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən də 7E-20352 saylı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etbarnaməyə xitam vermişdir. Dəfələrlə cavabdehə aralarındakı razılaşmaya əsasən verdiyi sözünə əməl etməsi, aylıq ödəniş borcunu verə bilmirsə avtomobili gətirib təhvil verməsini desə də, cavabdeh etbarnaməyə xitam verdiyi üçün avtomobili parçalayıb satacağını, ancaq ona geri qaytarmayacağını bildirmişdir. Cavabdehin etibarnamə ilə mülkiyyətinə verilmiş avtomobili mənimsəməsi nəticəsində ona ümumilikdə 3400 (üç min dörd) manat miqdarında maddi ziyan dəymişdir. Cavabdeh qanun pozuntusuna yol verməklə törətdiyi qanunsuz və özbaşına əməlləri nəticəsində ona xeyli midarda maddi ziyan vurmuşdur. Cavabdeh onun (iddiaçının) etibarından sui-istifadə etmişdir. Nəticədə o (iddiaçı), gündəngünə maddi ziyanlıq çəkir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək ona vurduğu maddi ziyanı ödəməkdən boyun qaçırır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqiləşdirilməsi ərizəsi ilə müraciət edərək avtomobilin geri qaytarılması, istifadə dövründə vurulmuş maddi zərərin və bütün məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi və ya avtomobilin rəsmi qiymətləndirmə sənədində göstərilmiş 4800 manat bazar dəyərinin (ödənmiş 1400 manat nəzərə alınmaqla – qalığı 3400 manat) və əlavə olaraq vurulmuş maddi zərər və məhkəmə xərclərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Yekun tələbi olaraq avtomobilin geri qaytarılmasını, olmadığı halda isə qalıq 3400 manat pulun və digər məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdehin guya ki, avtomobilin mühərrikinin zədələnməsi ilə bağlı göstərdiyi hallar isə əsassızdır, çünki avtomobili alarkən özü yoxlamış və öz razılığı ilə də almışdır. Hətta mühərrikdə problemlər olduğunu iddiaçıya bildirəndə iddiaçı avtomobili gətirməsini, mühərrikə iddiaçının öz ustasının baxmasını tələb etsə də cavabdeh hərəkətsizlik etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan “WhatsApp” sosial şəbəkəsi üzərindən aparılmış çoxsaylı yazışmalarından görünür ki, tərəflər arasında avtomobilin alqı-satqısı, avtomobilin dəyəri üçün ödənişlər və qalıq borc barəsində mütəmadi olaraq yazışmalar olmuşdur. Tərəflər mülkiyyətçisi X2 olan və etibarnamə ilə iddiaçının sərəncamında və faktiki sahibliyində olan “Mercedes Benz 200D” markalı avtomobilin 6000 manat dəyərində alqı-satqısı barədə razılığa gəlmiş, cavabdeh 1000 (min) manat ilkin ödəniş etmiş, sonradan isə müxtəlif məbləğlərdə olmaqla 400 manat ödəniş etmişdir, sonradan avtomobilin mühərrikində qüsurlar olduğunu iddiaçıya bildirmiş, iddiaçı bu iradla razılaşmamışdır, avtomobilin geri qaytarılmasını və ya qalıq borcun ödənilməsini tələb etmişdir, cavabdeh isə həmin vaxta qədər ödəmiş olduğu pulu tələb etmiş, yalnız bu halda avtomobili geri qaytaracağını bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamədən görünür ki, İddiaçı (səlahiyyəti ötürən şəxs) X1 mülkiyyətində olan 1993-cü il istehsalı, “Mercedes Benz 200D (sedan)” markalı **-NZ-*** dövlət nişanlı avtomobili xx.xx.2025-ci ilədək idarə etmək hüququnu Cavabdeh etibar etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli avtomobilin qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1993-cü il istehsalı, Mercedes Bennz 200D (sedan) markalı **-NZ-*** dövlət nişanlı avtomobilin xx.xx.2025-ci il tarixə olan orta bazar dəyəri 4800 manat olmuşdur. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 54 (əlli dörd) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan “Tapşırıq müqaviləsi”ndən və ödəniş qəbzindən görünür ki, hazırki iddia üzrə ərizələrin tərtibi üçün iddiaçı tərəfindən 300 (üç yüz) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır – İddiaçı özünün sərəncamında olan 1993-cü il istehsalı, “Mercedes Bennz 200D (sedan)” markalı **-NZ-*** dövlət nişanlı avtomobili xx.xx.2024-cü il tarixli etibarnamə ilə xx.xx.2025-ci ilədək idarə etmək hüququnu Cavabdeh etibar etməklə aralarındakı şifahi razılaşmaya əsasən satmışdır. Avtomobilin satış qiyməti 6000 (altı min) manat razılaşdırılmışdır. Cavabdeh borcunun bir qismini ödəmiş və hazırda onun iddiaçıya 3400 (üç min dörd yüz) manat borcu qalmışdır. Cavabdeh bu günədək qalan borcunu ödəməkdən yayınmışdır. Buna səbəb cavabdehin iddiaçının ona qüsurlu mal satdığını bildirməsi olsa da və cavabdeh bütün məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz təqdim etməmiş, habelə özü qarşılıqlı iddia qaldıraraq qüsurlu mal satdığına görə iddiaçıya qarşı tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş, tərəflər arasında baş tutmuş yazışmaların sübut növü kimi mötəbərliyi ilə bağlı məhkəmə nəzərə alır ki, həmin yazışmalarda cavabdehin mobil telefon nömrəsi kimi qeyd olunmuş “*** *** ** **” mobil nömrənin həqiqətən də cavabdehə məxsus olmaqla onun istifadəsində olması məhkəmə tərəfindən mübahisələndirilməyən hal kimi qəbul edilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin məlumatına əsasən də həmin nömrə cavabdehə məxsusdur, habelə məhkəmə iclasları barədə SMS bildiriş həmin nömrəyə göndərilməklə cavabdehə çatdırılmışdır. İddiaçı tərəfindən cavabdehə satılmış malın – avtomobilin qüsurlu olması halı isə məhkəmə iclasında təsdiqini tapmamışdır, bu hal, yəni malın qüsurlu olması ehtimalı tərəflər arasında baş tutmuş yazışmaların məzmunu və iddiaçının məhkəmədə verdiyi izahatla müəyyən edilsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı etirazını təqdim etməmiş və ya iddiaçıya qarşı qarşılıqlı iddia qaldırmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya məxsus avtomobil cavabdehdən alınaraq iddiaçıya verilməli, olmadığı halda isə avtomobilə görə cavabdehin borclu qaldığı 3400 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir, habelə iddiaçının iddia ərizəsinin qaldırılması ilə bağlı ödəmiş olduğu dövlət rüsumu və hüquqi xidmətdən istifadəyə görə ödəmiş olduğu xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus 1993-cü il istehsalı, “Mercedes Benz 200D minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nömrəli avtomobil alınaraq iddiaçıya verilsin, həmin avtomobil olmadığı halda avtomobilə görə qalıq borc məbləği olan 3400 (üç min dörd yüz) manat, hüquqi xidmət üçün ödənilmiş 300 (üç yüz) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəsini alır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1287/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1287/2025
07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver