Məhkəmə qərarları › İş №2(073)-1293/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1293/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1293/2023 01.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsinə, Cavabdeh İddiaçı QSC-in xeyrinə 9191.04 manat əsas borc, 1067.38 manat faiz borcu, 341.9 manat cərimə olmaqla, ümumilikdə 10600.32 (on min altı yüz manat otuz iki qəpik) manat borcun və 121.8 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştiarkı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən cavabdeh Bankın internet səhifəsində yerləşdirilimiş “Bank Xidmətlərinin göstəırilməsi haqqında X1”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.75 olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10 000 (on min) manat kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 808.96 manat ödəmiş və iddiaçıya 9191.04 manat borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 186 gün üçün hesablanmış faiz borcu 1067.38 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 186 gün üçün hesablanmış cərimə borcu 341.9 manat təşkil edir. Qeyd olunan səbəblərdən cavabdehin iddiaçı banka 9191.04 manat əsas borcu, 1067.38 manat faiz borcu və 341.9 manat cərimə borcu olmaqla, ümumilikdə 10600.32 manat borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467 və 501-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 48 müddətinə illik faiz dərəcəsi 28 olmaqla 30000 manat məbləğində kredit limiti ayrılmış, ilk kredit sifarişi 36 ay müddətinə illik 21 faizlə 10000 (on min) manat olmuşdur. İşdə olan arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** saylı kredit razılaşması üzrə iddiaçı banka olan borcu 9191.04 manat əsas, 1067.38 manat faiz və 341.9 manat cərimə olmaqla, ümumilikdə 10600.32 manat təşkil edir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı Bank tərəfindən 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ərizəyə (müqaviləyə) əsasən iddaçı Bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1.75 olmaqla 36 ay müddətinə 10 000 (on min) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı Banka hazırkı borcu yaranmışdır. İddiaçı Bank tərəfindən tələb ediməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddaçı Bak hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 341.9 manatdan azaldılaraq 35 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə (müqavilə) ləğv edilsin. Cavabdeh 9191.04 manat əsas borc, 1067.38 manat faiz borcu, 35 manat cərimə, cəmi 10293.42 (on min iki yüz doxsan üç manat qırx iki qəpik) manat borc və 121.8 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar