Məhkəmə qərarları › İş №2(073)-1383/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1383/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1383/2025 16.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cəlilabad rayonu ərazisində onun (iddiaçının) atasına məxsus olan və onun istifadəsində olan torpaq sahəsi vardır. O, qeyd olunan torpaq sahəsində kənd təsərrüfatı malları, xüsusən də kartof yetişdiririr. 2024-cü ilin may ayında kartof almaq məqsədilə Cavabdeh ona müraciət etmişdir. O, cavabdehlə kartofun qiymətini 0.40 qəpiyə razılaşmış və cavabdeh ondan 11 ton kartof məhsulu alaraq, kartofun dəyəri olan 4400 (dörd min dörd yüz) manat vəsaiti bir həftə ərzində ödəyəcəyinə söz vermiş və onlar razılaşmışlar. Lakin Cavabdeh verdiyi vədə əməl etməyərək kartofun pulununun verilməsini yubatmışdır. İki aydan sonra Cavabdeh onunla Bakı şəhərində görüşərək ona 4400 manat puldan 1700 manatını vermiş və malın pulunun yerdə qalan hissəsini 10 gün müddətində verəcəyini bildirmişdir. 10 gündən sonra o, Cavabdeh ilə əlaqə saxlamış və pulundan qalan 2700 manat qalıq hissəsini tələb etmişdir. Cavabdeh bu günə kimi ondan aldığı kartof məhsulu üçün ödəməli olduğu 2700 manat pul vəsaitini ödəməmiş və müxtəlif bəhanələr gətirərək pulun verilməsini yubatmışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən də iddia tələbində göstərilən həcmdə və dəyərdə iddiaçıdan kartof məhsulu almışdır. Qalıq borcunu 3-4 ay ərzində ödəyəcəyinə söz verir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, ilk növbədə, iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur, həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Tərəflər arasında şifahi formada bağlanmış nisyə alğı-satqı müqaviləsi mövcud olmuşdur, iddiaçı (satıcı) müqavilə öhdəliyini icra edərək malı cavabdehin (alıcının) mülkiyyətinə vermiş, cavabdeh isə müqavilə öhdəliyini lazımınca icra etməyərək malın dəyərinin 1700 manat hissəsini ödəsə də 2700 manat pulu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul və 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar