Məhkəmə qərarları › İş №2(073)-1384/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1384/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1384/2023 20.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh oglunun iştirakları ilə, İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglundan 18000 (on səkkiz min) manat borcun və 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o (iddiaçı) 2010-cu ildən Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək” ticarət mərkəzində icarə əsasında 2-ci zona, 8A sırası, beton yolunda yerləşən mağazada tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Həmin malları xaricdən nəbd qiymətə alır və qazanc əldə etmək məqsədi ilə topdan və pərakəndə satır. Hazırkı iş üzrə Cavabdeh 2011-ci ildən tanımışdır. Həmin vaxtlar İlkin "Sədərək" ticarət mərkəzində olan müxtəlif tekstil mağazalarında satıcı, həmçinin onların da mağazalarında 2011-ci ildən 2015-ci ilədək olan müddət ərzində satıcı kimi işləmişdir. 2018-ci ilin yay aylarından isə İlkin özü "Sədərək" ticarət mərkəzində icarəyə mağaza götürərək, müstəqil olaraq işləməyə başlamışdır. 2021-ci ilin iyun ayının əvvəllərində İlkin ona (iddiaçıya) zəng edərək, pulunu hissə-hissə ödəmək şərti ilə nisyə tekstil malları olan müxtəlif parçalardan satmasını ondan xahiş etmişdir. Cavabdeh ilə həmyerli olduğunu, qardaşı Firdovsi və digər qohumları ilə yaxşı münasibətləri olduğunu nəzərə alaraq etiraz etməmiş və nisyə mal verməyə razılaşmışdır. Həmin vaxtdan başlayaraq Cavabdeh təxminən 5000 manat məbləğində müxtəlif ev tekstili parçalarından vermidir. Bu şəkildə Cavabdeh ilə aralarında ticarət əlaqələri davam etmiş və İlkin hər verdiyi mala görə pulun az hissəsini ödəyib tam borcunu bağlamadan yenidən nisyə mal götürüb malları müxtəlif bölgələrdə tez bir zamanda satıb pulları ödəyəcəyini söz vermişdir. Bu qaydada 2021-ci ilin iyul ayının əvvəlinə kimi İlkim Məmmədovun nisyə aldığı tekstil mallarına görə ona (iddiaçıya) 18 000 (on səkkiz min) manat borcu yaranmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək nisyə aldığı mallara görə yaranmış borcunu ödəyəcəyinə vəd vermiş, lakin sonradan Cavabdeh mağazanı bağlayıb Rusiya Federasiyasına qaçdığını öyrənmişdir. Sonradan Cavabdeh onunla bir ticarət mərkəzində tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan Emil, Qismət və Maxsud adlı şəxsləri də bu şəkildə aldadıb mallarından nisyə götürüb ələ keçirdiyi məlum olmuşdur. Ticarət mərkəzində malları barədə maraqlandıqda, İlkinin onun (iddiaçının) mallarını elə orada onun (iddiaçının) verdiyi qiymətdən daha da ucuz qiymətə başqa mağazalara sataraq qaçıb getdiyini öyrənmişdir. İlkin malların pulunu ona (iddiaçıya) ödəmədiyi üçün və İlkinin onu (iddiaçını) aldadaraq pulları ələ keçirdiyini başa düşdüyü üçün məcbur olub 22 iyul 2021-ci il tarixdə Qaradağ rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə fakta görə Cavabdeh barəsində Qaradağ rayon prokurorunun muavini tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyət üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Coşqun Abbasova həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə Cavabdeh oglu şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. 19 sentyabr 2021-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. O (iddiaçı) həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş və ona (iddiaçıya) mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh oglu ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmağa söz vermişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif çeşiddə tekstil mallarını nisyə almış və satdıqdan sonra dəyərini ödəmişdir. Həmin nisyə alqı-satqı üzrə iddiaçıya 18 000 (on səkkiz min) manat borcu qalmış və həmin borcundan 11 000 (on bir min) manatını ödəmişdir. Həbs olunan tarixə isə onun iddiaçıya 7 000 (yeddi min) manat borcu qalmışdır. O (cavabdeh) həbs olunduqdan sonra isə iddiaçı onun (cavabdehin) mağazasından özünə məxsus malları götürmüşdür. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh oglunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh oglu ibtidai istintaq zamanı verdiyi verdiyi izahatında İddiaçı ilə müxtəlif vaxtlarda müxtəlif çeşiddə tekstil malların alqı-satqısını etdiyini, Amildən müxtəlif çeşiddə tekstil mallarını alıb satdıqdan sonra aralarında razılaşdıqları pulu ödədiyini, lakin sonuncu dəfə Amildən götürdüyü tekstil mallarına görə ödəməli olduğu 18 000 (on səkkiz min) manat pulun 11 000 (on bir min) manatını ödədiyini, Amilə 7000 (yeddi min) manat borcunun qaldığını, lakin pandemiya dövrü olduğundan ziyan etdiyi üçün satış edə bilmədiyini, işçilərin maaşlarını və digər ödənişləri vermək məcburiyyətində qaldığı üçün dəyərindən aşağı qiymətdə satdığını, 7000 (yeddi min) manat pulu Amilə hissə-hissə qaytaracağını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan nisyə olaraq tekstil malları almış və iddiaçıya 18 000 (on səkkiz min) manat borcu yaranmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh nisyə aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə iclasında cavabdeh iddiaçıya olan borcunu tam ödədiyini və hazırda onun iddiaçıya borcunun qalmadığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oglundan 18 000 (on səkkiz min) manat pul və 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar