Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1385/2025 10.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 10 iyun 2025ci il tarixdə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 5000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 70 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 3 ilə yaxındır ki, tanıyır. Cavabdehlə əvvələr heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əvvələr də Cavabdeh ilə aralarında noxud alqı-satqısı olmuş və aralarında pulla bağlı narazılıq olmamışdır. 2023-cü ilin avqust ayında Cavabdeh ona yaxınlaşaraq ondan nisyə olaraq 8000 manat dəyərində noxud istəmişdir. O da Cavabdeh əvvələr tanıdığına görə və aralarında heç bir problem olmadığına görə ona inanıb 8000 manat dəyərində olan noxudu ona nisyə olaraq vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh ondan aldığı nisyə noxudun bir hissəsinin 2024-cü ilin fevral ayında bir hissəsini isə may ayında ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Cavabdeh 2024-cü ilin fevral ayında ondan aldığı nisyə noxudun pulundan 3000 manat ödəniş etsə də sonradan vəd etdiyi kimi may ayında qalan borcunu, yəni 5000 manatı ödəməmişdir. Bundan sonra iddiaçı Cavabdeh qalan 5000 manat borcu dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməmiş, sonuncu telefon danışıqlarında onu öldürmək ilə hədələmişdir. Cavabdeh pulu qaytarmadığı üçün iddiaçı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Cəlilabad Rayon Polis Şöbəsinə gələrək iddiaçıdan həqiqətən də, 2023-cü ildə 8000 manat dəyərində nisyə noxud aldığını, həmin borcdan 2024-cü ilin fevral ayında 3000 manat qaytardığını, iddiaçıya cəmi 5000 manat borcunun olduğunu etiraf etdiyini, hazırda imkanının olmadığını və yaxın zamanlarda borcunu ödəyəcəyini bildirmişdir. Cəlilabad Rayon Polis Şöbəsində məsələ mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 5000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 manatın alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 10 iyun 2024-cü il tarixdə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri hərtərəfli və tam araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan HK-1-3436 saylı materialdan görünür ki, Cavabdeh yazılı izahatında İddiaçı 8000 manat məbləğində noxudu nisyə aldığını, borcundan 3000 manat qaytardığını, lakin maddi vəziyyəti aşağı olduğu üçün qalan borcunu qaytara bilmədiyini və iddiaçıya 5000 manat borcunun olduğunu bildirmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 70 (yetmiş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ilin avqust ayında Cavabdeh nisyə olaraq 8000 manat dəyərində noxud vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh iddiaçıdan aldığı nisyə noxudun pulunun bir hissəsinin 2024cü ilin fevral ayında, bir hissəsini isə may ayında ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Cavabdeh 2024-cü ilin fevral ayında iddiaçıdan nisyə aldığı noxudun pulundan 3000 manat ödəniş etsə də, qalan 5000 manat borcunu ödəməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və onun tərəfindən iddiaya etiraz və ya hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması ilə bağlı ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-243-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat alınıb İddiaçı verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1385/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1385/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver