Məhkəmə qərarları › İş №2(073)-141/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-141/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-141/2025 14.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4650 manat pulun və 67 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. Maşlıq kəndində 60 sot torpaq sahəsini icarəyə götürüb kartof əkib-becərib hazır məhsulu satmaqla ailəsini dolandırır. Həmkəndlisi, eyni zamanda qonşusu olan Cəlilabad rayon Kazımabad kənd sakini Cavabdeh1 ilə əvvəllər də ticarət əlaqələri olmuşdur və o, cavabdehə məhsulu nisyə olaraq vermiş, o da qarşılığında müəyyən müddətdən sonra pulunu ödəmişdir. 16 aprel 2023-cü il tarixdən etibarən Fikrət və onun oğlu Cavabdeh2 10000-15000 manat dəyərində kartof məhsulunu hissəvi şəkildə satmış və satılan məhsulun pulunu hissə-hissə ödəyirdilər. Həmin kartofun 8 ton pulunu yəni 4650 manat Fikrət və Cavabdeh2la bu günədək ödəmirlər. Cavabdehlər bu günə kimi onu aldadaraq get-gələ salıb 4650 manatı verəcəyinə söz versə belə, bu günədək qaytarmır. Ona məlum olub ki, cavabdehlər ondan başqa digər şəxslərə də borcu var, hal-hazırda həmin işlər də məhkəmənin icraatındadır. O, yenə pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirdiyi üçün məcbur qalıb xx.xx.2023-cü il tarixdə AR DİN-nin elektron poçt ünvanına müraciət etmişdir. Cəlilabad RPŞ-də araşdırma aparılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduğlarını etiraf edib tezliklə ödəyəcəyini söz versə də heç bir nəticə olmamışdır. Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun xx.xx.2024-cü il tarixli HK-1-34 saylı məktubu ilə mübahisə mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Cavabdehlərdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan 2000 manat dəyərində kartof məhsulunu nisyə olaraq almış və həmin borcundan 1800 manat ödəmiş, cəmi 200 manat borcu qalmış, həmin borcu ödəməyə razıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddianı Cavabdeh1 münasibətdə qismən əsaslı hesab edir, borc məbləğinin böyük hissəsi cavabdehlər tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə izahatları dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Əvvəla, Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri bilir ki, iddiaçı və cavabdeh vergi ödəyicisi kimi uçotda duran şəxslər olsalar da və mübahisənin özü kommersiya xarakterli olsa da belə, işə ümumi məhkəmə tərəfindən baxımalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata (çıxarışa) əsasən müəyyən edilmişdir ki, iddiaçı X1 xx.xx.2024-cü ildə vergi ödəyicisi kimi uçota alınmışdır. Yəni, tərəflər arasında kartof məhsulunun alqı-satqısı baş tutan dövrdə - 2023-cü ilin may-iyun aylarında iddiaçının fərdi sahibkar statusu yox idi və həmin vaxt məşğul olduğu fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti idi. Məhkəmə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında göstərilən hüquqi mövqeni də rəhbər tutmaqla hesab edir ki, fərdi sahibkarın kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən fəaliyyətindən irəli gəldiyi halda mümkündür. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkündür. Həmin Qərarın 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətdən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının pul tələbi hüququ onun həyata keçirdiyi qanunsuz sahibkarlıq faəliyyətindən irəli gəldiyindən iddia ərizəsi iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarına əməl edilməklə verilmişdir. İddianın hüquqi əsası ilə bağlı Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır, özü kənddə kartof əkinçiliyi və alqı-satqısı ilə məşğul olur, bu sahədə həmkəndlisi, hal-hazırda Bakı şəhərində yaşayan, Maşlıq kənd sakini İddiaçı tanımışlar, aralarında əvəllər kartof alqı-satqısı olmuş, onun pullarını qaytarmışdır. Sonuncu dəfə, 2023-cü ilin may-iyun aylarında İddiaçı 4000 manat dəyərində 100 ədəd meşok həcmində kartof məhsulunu almış, onun xahişi ilə həmin kartof məhsulunu Lənkəran şəhər sakinləri Pərvin, Ürfət, Tərlan və Rəşad adlı şəxslərə nisyə vermişdir. Sonra həmin şəxslərdən hissəvi şəkildə aldığı pullardan 1800 manat bir dəfəyə və 1000 manat da bir dəfəyə Orxanın özünə vermiş, hal-hazırda İddiaçı onun 1200 manat kartof borcu qalmışdır ki, həmin pulu və digər şəxslərə borcu olduğu pulları Lənkəran şəhər sakinləri Pərvin, Ürfət, Tərlan və Rəşad adlı şəxslər ona çatdırmadıqları üçün o da həmin borc sahiblərinə pulu qaytara bilməmiş, ona borclu qalmış şəxslər barədə Cəliabad rayonunda mülki iddia qaldırmışdır ki, hal-hazırda mülki iddia məhkəmə baxışına verilmişdir. Oğlu Cavabdeh2 göstərdiyi ərəfədə İddiaçı 100 ədəd kulyok vermişdir, kartof məhsulu həmin kulyoka qablaşdırılıb satışa çıxarılmış, yəni oğlu Adil bu işlərdə ona fəhlə kimi köməklik etmişdir. Həmin qərardan və ona əlavə edilmiş iltizamdan görünür ki, barəsində şikayət olunmuş Cavabdeh1 araşdırma ərəfəsində xx.xx.2024-cü il tarixli iltizam verərək Cəlilabad rayonu, Maşlıq kənd sakinləri İddiaçı və atası Hikmət Qasımova orta hesabla 2000 (iki min) manat borcunu 2024-cü ilin may-iyun aylarında qaytaracağına söz vermişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 verdiyi izahatında atası Cavabdeh1 göstərdiyi xüsusuatları eyni ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında kartof məhsulunun alğı-satqısı ilə bağlı şifahi formada bağlanmış nisyə alğı-satqı müqaviləsi mövcud olmuşdur, iddiaçı öhdəliyinə əməl etmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 4000 manat dəyərində nisyə olaraq kartof almışdır, lakin onlar tərəfindən müqavilə üzrə öhdəlik, yəni malın dəyərinin ödənilməsi öhdəliyi icra edilməmişdir. İddiaçıdan 4000 manat dəyərində kartof məhsulu almalarını cavabdehlər polis şöbəsində verdikləri izahatlarda etiraf etsələr də həmin borcdan cəmi 200 manat borclu qalmaları barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdirlər. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında tədqiq edilmiş səs yazısı ilə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də cavabdehin qardaşına (digərinin isə oğluna) zəng edərək borcunu tələb etmiş, artıq məhkəməyə müraciət etmək istədiyini bildirmiş, zəng etdiyi şəxs isə bununla razılaşmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş baxış iclasında cavabdehin vəkili tərəfindən təqdim edilmiş video-görüntü də tədqiq edilmişdir. Görüntü ilə müəyyən olunmuşdur ki, bir şəxs telefonun kamerası ilə çəkiliş edir, həmin şəxs üzü görünməyən bir qadına 1800 manat məbləğində pul verir. İddiaçı məhkəmə iclasında həmin qadının iddiaçının anası olduğunu etiraf etsə də, ona verilən həmin pulun daha əvvəllər aralarında olmuş alqı-satqı münasibətləri ilə bağlı ödənildiyini bildirmişdir. Cavabdeh həmin görüntülərin məhz 2024-cü ilin iyun-iyul aylarında qeydə alındığını iddia etsə də və bunu telefonda olan video çəkilişin tarixi ilə sübut edəcəyini bildirsə də və bu məqsədlə məhkəmə iclası təxirə salınsa da məhkəmənin növbəti iclasında həmin telefonun artıq onda olmadığını, telefonu satmasını bildirərək bu barədə sübut təqdim etməmişdir ki, bu da həmin görüntüdəki məbləğin məhz 4000 manat borcdan ödənilmiş olması ilə bağlı məhkəmədə əsaslı şübhə yaratmışdır. İddiaçı da bu hissədə bildirmişdir ki, həmin 1800 manat digər, daha əvvəl baş tutmuş alğı-satqı münasibətlərindən qalıq borc olmuşdur, hazırkı mübahisə ilə bağlı isə cavabdehlər hər hansı ödəniş etməmişdir. Video-görüntünün çəkiliş tarixini cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı cavabdehlərin ona 4650 manat borcu olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı tələbin 650 manat hissəsi ilə bağlı halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işdə olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh1 iddiaçıdan 4000 manat dəyərində 100 ədəd kisə həcmində kartof məhsulunu aldığını etiraf etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaçıdan nisyə aldığı kartof məhsulunun dəyərinin bir qismini ödədiyini, cəmi 200 manat borcu qaldığını göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qismən əsaslı hesab etdiyini göstərsə də, tələbin ödənilmiş hissəsi ilə bağlı hər hansı mötəbər sübut növü təqdim etməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir, borc isə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, cavabdehlər ata və oğul qohumluq münasibətindədirlər, hər ikisi polis şöbəsində eyni məzmunlu izahat vermişlər, borc payları müəyyən deyil, həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçıdan 2000 manat dəyərində kartof məhsulu almasını etiraf etmişdir, iddiaçının tələb etdiyi pul məbləği 4650 manat, tələbin məhkəmə tərəfindən əsaslı hesab edilmiş hissəsi isə 4000 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 60 (altmış) manatı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar