Məhkəmə qərarları › İş №2(073)-1415/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1415/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1415/2025 23.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1510 (bir min beş yüz on) manat əsas borc, 35.10 (otuz beş manat on qəpik) manat dövlət rüsumunun tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh X5 iddiaçı X1 aralarında imzalanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 1180 manat olan əşyaları almış, ilkin ödəniş olaraq 200 manat ödəmiş, qalan məbləği 12 ay müddətində hər ay 81.67 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 1000 manat olan əşyaları almış, ilkin ödəniş olaraq 150 manat ödəmiş, qalan məbləği 12 ay müddətində hər ay 70.87 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcunu ödəməkdən yayınmış, buna görə də iddiaçının alqı-satqı müqavilələrinə əsasən 1510 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən imtina etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı X1 cəmi dəyəri 1180 manat olan məişət əşyaları almış, ilkin ödəniş olaraq 200 manat ödəmiş, qalan məbləği 12 ay müddətində hər ay 81.67 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı X1 cəmi dəyəri 1000 manat olan məişət əşyaları almış, ilkin ödəniş olaraq 150 manat ödəmiş, qalan məbləği 12 ay müddətində hər ay 70.87 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 35.10 (otuz beş manat on qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı da ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1510 (bir min beş yüz on) manat əsas borc, 35.10 (otuz beş manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar