Məhkəmə qərarları › İş №2(073)-144/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-144/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-144/2023 14.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evindən, qazdan, işıqdan və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən maneələrin qadağan edilməsi tələbinə dair işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qarşı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evindən, qazdan, işıqdan və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən maneələrin qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxx 1984-cü ildə Cəlilabad rayonu Maşlıq kəndində doğulmuşdur. Doğulduğu gündən hazırki vaxta kimi həmin evdə yaşamaqla ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. Hazırda da həmin evdə yaşayır. Digər bacı və qardaşları isə evlənərək ailələri ilə ayrı ünvanlarda yaşayırlar və özlərinə məxsus yaşayış evləri vardır. Hazırda atası, yəni Cavabdeh onun həmin evdə təbii qazı və elektrik enerjisini kəsdirərək, həyətyanı torpaq sahəsindən istifadəsinə və s. əməlləri ilə maneələr törətməklə istifadə hüququnu məhdudlaşdırır. Halbuki, onun həmin evdən istifadə hüququ vardır. Belə ki, doğulduğu gündən hazırki vaxta qədər həmin evdə yaşamaqla valideynləri və qardaş bacıları ilə birlikdə ayrılmaz təsərrüfata malik olmuşdur. Mübahisəli ev onun valideynlərinə məxsus olmuşdur. Özü 2-ci qrup əlildir. Hazırda onun yaşamağa başqa evi yoxdur. Belə olan halda cavabdehin hal-hazırda ona istifadə hüququnu məhdudlaşdırması qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, oğlu İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus evdən yaşamaq hüququ almaq istədiyini bildirmişdir. Halbu ki, o, İddiaçı evdən çıxarmamışdır. Əslində İddiaçı onu zorla öz evindən çıxarmış və 1 il 6 aydır ki, qızının evində yaşayır. Məhkəmə, iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə əridir. İddiaçı 2-ci qrup əlildir və Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evində onun himayəsində yaşayır. Onların işığa, qaza və torpağa ehtiyacları olduqları halda əri Cavabdeh onlara istifadə etməyə icazə vermir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 dekabr 2014-cü il tarixdə qeydə alınmış **********46-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxx 1984cü ildə Cəlilabad rayonu Maşlıq kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İddiaçı doğulduğu gündən hazırki vaxta kimi valideynləri ilə birlikdə Cəlilabad rayonu Maşlıq kəndində birgə təsərrüfatı idarə edərək ailə üzvü kimi orada yaşayır. Mübahisəli evə dair 26 dekabr 2014-cü il tarixdə cavabdehin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydə alınmış **********46-10301 reyestr nömrəli çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh ilə X1 birgə nikahlarından doğulmuş İddiaçı doğulduğu gündən hazırki vaxtadək Cəlilabad rayonu Maşlıq kəndində valideynlərinin yaşayış yeri üzrə qeydi aparılaraq ailə üzvü kimi yaşayıb ümumi təsərrüfat aparmışdır və onun həmin evdən istifadə hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evindən, qazdan, işıqdan və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən maneələrin qadağan edilməsi tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehin həmin evdən istifadəsi ilə bağlı münasibətlərə onun doğulduğu vaxt qüvvədə olan, yəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin dördüncü hissəsinə görə göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin üçüncü hissəsinə görə isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə iddiaçının adına hər hansı yaşayış sahəsinin olmamasını, maddi vəziyyətinin yaxşı olmamasını, ikinci qrup əlil olmasını diqqətə layiq hallar kimi nəzərə alır və mübahisəli yaşayış sahəsindən istifadə hüququna dair edilən maneələrin qadağan edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlərdən irəli gələn mübahisənin həlli yuxarıda qeyd olunan normaların təsiri altına düşür və İddiaçı mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Şərh olunan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, cavabdeh mübahisəli fərdi yaşayış evində yaşayaraq hazırki vaxtadək birgə təsərrüfat apardığından onun həmin evdən istifadə etmək hüququ vardır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986- cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evindən istifadəsinə Cavabdeh tərəfindən edilən maneələr cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddiaçı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evindən istifadəsinə Cavabdeh tərəfindən edilən maneələr cavabdehə qadağan edilsin. İş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar