Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1529/2025 21.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı üçüncü şəxslər "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC və Cəlilabad rayon İcra və Probasiya Şöbəsi olmaqla cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən borcun ödənilməsi haqqında xx.xx.2025-ci il tarixli, (8i)-3086 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" BOKT ilə aralarında bağlanmış borc müqaviləsi üzrə iddiaçıya cavabdeh tərəfindən 200 manat borc pul ayrılmışdır. Qeyd edilən müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında yerinə yetirmiş, sonradan maddi imkanı zəif olduğu üçün ödənişləri ödəyə bilməmişdir. Buna baxmayaraq öhdəliyi üzrə məbləğlərdə gecikmələr və fərqlər olsa da, hər ay bu günədək ödənişlər etmişdir. Lakin bir neçə gün bundan əvvəl icra məmuru tərəfindən ona elektron məktub göndərilmiş və həmin məktubda icra edilməmiş öhdəliyinin icrasının təmin edilməsi üçün notariusun icra qeydi əsasında İcra şöbəsinə icra sənədi daxil olmuşdur. Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş icra qeydində onun borcu şişirdilmişdir və buna görə də icra qeydi üzrə mübahisəli hallar olduğundan həmin əsassız icra qeydi ləğv edilməlidir. Belə ki, həmin icra qeydində faiz və cərimə borcu artıq yaranmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci abzasında göstərilir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Maddənin məzmunundan göründüyü kimi, notariusun icra qeydi verməsi üçün borc üzrə mübahisə olmamalıdır. Halbuki, ünvan 2 ünvanında yerləşən «MJ Financial Service” bank olmayan kredit təşkilatının tələbi üzrə mübahisə mövcuddur və borc məbləğinin belə şişirdilməsi həqiqəti əks etdirmir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, hüquqi şəxslər icra qeydinin aparılması üçün yalnız elektron formada müraciət edə bilərlər. Maddəyə əsasən yalnız fiziki şəxslər elektron imzadan istifadə etməməklə yazılı qaydada da notariat ofislərinə müraciət edə bilmələri mümkündür. Lakin əldə edilmiş məlumata əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək, elektron qaydada deyil, fiziki şəxslərə tanınmış hüquqdan istifadə edərək yazılı qaydada ünvan 3 ünvanlayaraq icra qeydi verilməsinə nail olmuşdur. Halbuki, sözügedən Qanundan da göründüyü kimi fiziki şəxslər istisna olmaqla hüquqi şəxslər yalnız elektron formada elektron norariat informasiya sistemi vasitəsilə notariat ofislərinə müraciət edə bilər, elektron formadan kənar deyil. Qeyd olunan səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddanı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, icra qeydində borc həddən artıq şişirdilib, habelə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, icra qeydinin aparılacağı ilə bağlı kredit təşkilatı ona hər hansı bildiriş göndərməyib. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinin və üçüncü şəxslər "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, Sadatov X1 rayon notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edilmişdir. Qeyd edilən iş üzrə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı ərizəsində Cavabdeh xx.xx.2025-ci il tarixli, 8İ-3086 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, verilmiş iddia əsassızdır və rədd edilməlidir: İddiaçı özü təsdiq və etiraf edir ki, kredit əldə etmək üçün "xxxx" ASC-yə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Kredit müqaviləsi bağlanmamışdan öncə kredit barəsində iddiaçıya şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı müvafiq şərtlərlə tanış olduğunu və həmin şərtləri qəbul etməsinə dair müvafiq qaydada razılığını bildirmişdir. Bundan sonra İddiaçı ilə "xxxx" ASC arasında APP1263-10004-24 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə görülmüş hüquqi tədbirlər çərçivəsində "xxxx" ASC tərəfindən aidiyyəti üzrə Cəlilabad rayon notariat ofisinə müraciət edilmiş və müvafiq sənədlər şirkət tərəfindən təsdiqlənməklə ərizəyə əlavə olunmuşdur. Müraciət əsasında Cavabdeh tərəfindən İddiaçı barəsində gecikdirilmiş vaxt üzrə cərimə, komissiya və dövlət rüsumu məbləği daxil olmaqla hesablanmış borcun "xxxx" ASC-yə ödənilməsi barədə icra qeydi aparılmışdır. Odur ki, yuxarıda qeyd olunanlara nəzərə alaraq İddiaçı iddia ərizəsinin əsassız olması səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Cəlilabad şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İcra Qeydindən görünür ki, həmin icra qeydi ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə borclu İddiaçı APP-1263-10004-24 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 446 manat 00 qəpik (dörd yüz qırx altı manat sıfır qəpik) borcun və 524 manat 15 qəpik (beş yüz iyirmi dörd manat on beş qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 995 manat 15 qəpik (doqquz yüz doxsan beş manat on beş qəpik) pulun tutulması təklif olunmuşdur. İşdə olan APP-1263-10004-24 saylı xx.xx.2024-cü il tarixli “Kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilə”dən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən İddiaçı 6 ay müddətinə ödənilmək şərti ilə 446 manat məbləğində kredit verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, APP-1263-10004-24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən İddiaçı 446 manat məbləğində kredit verilmişdir. Borclu öhdəliklərini lazımı qaydada icra etmədiyindən "xxxx" BOKT tərəfindən Cəlilabad şəhəri 1 saylı Notariat ofisinə müraciət edilmiş və xx.xx.2025-ci il tarixli İcra Qeydinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə borclu İddiaçı APP-1263-10004-24 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 446 manat 00 qəpik (dörd yüz qırx altı manat sıfır qəpik) borcun və 524 manat 15 qəpik (beş yüz iyirmi dörd manat on beş qəpik) məbləğində cərimənin, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 995 manat 15 qəpik (doqquz yüz doxsan beş manat on beş qəpik) pulun tutulması qeyd olunmuşdur. İddiaçı həmin icra qeydini əsassız hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, icra qeydi müvafiq qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində qeyd olunur ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs olan BOKT iddiaçı olan borcluya borcun tutulacağı barədə lazımi qaydada bildiriş göndərməmişdir, habelə icra qeydinin aparılması üçün notariat ofisinə elektron qaydada müraciət etməli olduğu halda bu öhdəliyini icra etməmişdir. Üçüncü şəxs olan BOKT iddiaya etiraz və ona əlavə edilmiş sənədlərini məhkəməyə təqdim etsə də həmin sənədlər arasında borcluya bildirişin göndərilməsi barədə hər hansı sübut, habelə BOKT-un elektron qaydada müraciət etməsi ilə bağlı hər hansı dəlil tərəfindən təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi notariusu X2 01 aprel 2025-ci il tarixli, 8İ-3086 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəsini alacaqdır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1529/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1529/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver