Məhkəmə qərarları › İş №2(073)-1549/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1549/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1549/2025 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 57000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını xahiş etmiş, İddiaçı isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh X7, X8, X5 və digər şəxslərlə əlbir olub Çin Xalq Respublikasından şərik qismində uşaq oyuncaqları sifariş verib gətizdirərək Bakı şəhərində satıb ona hər ay 20000 qazanc təşkil edəcəyinə dair vədlər vermişdir. Bu vədlərlə onu inandırıb sərmayə əldə etmək üçün ünvan 1 ünvanında yerləşən 72,06 kvadratmetr sahəsi olan mənzilini girov qoymuş, "xxxx" ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsindən kredit götürməyə razı salmış və 02 iyun 2022-ci il tarixdə həmin bank şöbəsində kredit sənədləşdirilməsi adı ilə mənzilin alqı-satqı müqaviləsinə qol çəkdirərək onun mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər Belə ki, 02 iyun 2022-ci il tarixdə cavabdeh və əlbir olduğu şəxslər tərəfindən aldadılmağı nəticəsində "xxxx" ASC-nin əməkdaşı X8 tərəfindən tərtib olunmaqla, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli, 082-22/İ nömrəli alqısatqı və ipoteka müqaviləsinin mahiyyətini və məzmununu bilmədən həmin müqaviləni imzalamışdır. Bundan sonra X5 ona 49000 manat pul təqdim edərək həmin vəsaitin "xxxx" ASC tərəfindən ona kredit qismində verildiyini və bunun müqabilində mənzilinin bank qarşısında girov qoyulduğunu ona bildirmişdir. Onun həmin şəxslər tərəfindən aldadılmağı, nəticədə ona "xxxx" ASC tərəfindən kredit vəsaitinin verildiyini düşünərək, "xxxx" ASC-yə 2022-ci ilin iyul ayında 509 manat, avqust ayında 572 manat, sentyabr ayında 525 manat, oktyabr ayında 572 manat məbləğində ödənişlər etmişdir. 2022-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, həmin şəxslər onu aldadaraq xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 72,06 kvadratmetr sahəsi olan mənzilinə dair əmlak hüquqları əldə etmişlər və "xxxx" ASC tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli, 082- 22/İ saylı müqavilədə Cavabdeh alıcı qismində göstərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1630/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi və ona qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-838/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1630/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-838/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1630/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2714/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-838/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-22/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 80 saylı evin 32 nömrəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçasi, 406, M8, m2) İddiaçı və X9 tərəfindən boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3045/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-22/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3041/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3045/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə və qərarlar iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin 02 iyun 2022-ci il tarixli, 082-22/İ saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı İddiaçı, ipoteka saxlayan "xxxx" ASC, borc alan və alıcı Cavabdeh olmaqla, satıcı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, mənzil 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********07- 05301-093206 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı ipoteka qoyan "xxxx" ASC-nin mülkiyyətinə vermişdir. İşdə olan "xxxx" ASC-nin 02 iyun 2022-ci il tarixli, 082-22/İ saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndindən görünür ki, Daşınmaz Əmlakın satış qiyməti 106000 manatdır, daşınmaz əmlakın dəyərinin 32000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 74000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan/borcalan arasında Bakı şəhərində bağlanmış 02 iyun 2022-ci il tarixli, 082-22/İ nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İşdə olan "xxxx" ASC-nin 02 iyun 2022-ci il tarixli, 082-22/İ saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 74000 manat məbləğində krediti illik 7 faiz, 300 ay müddətinə, aylıq 523,02 manat olmaqla cədvəldə göstərilən formada ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 02 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2, Cavabdeh, X3 və X1 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(102)-2714/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)-1630/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Cavabdeh qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli 082-22/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir, qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini qətaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(103)-838/2024 saylı qtənaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-838/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2025-ci il tarixli, 2(102)-3041/2025 saylı qərarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 80 saylı evin 32 nömrəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 406, M8, m2) İddiaçı və X9 tərəfindən boşaldılaraq Cavabdeh təhvil verilməsi barədə iddiası təmin edilmişdir, cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 saylı qətnamənin ləğv edilərək, iddia tələbinin rədd eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(103)-3045/2025 saylı qətnaməsi ilə İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 saylı qətnaməsi iddianın cavabdeh İddiaçı qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 14 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın verilməsinə görə 292 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, "xxxx" ASCnin 02 iyun 2022-ci il tarixli, 082-22/İ saylı alqı-satqı və ipoteka müqaviləsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, mənzil 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********07-05301-093206 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı ipoteka qoyan "xxxx" ASC-nin mülkiyyətinə vermiş, "xxxx" ASC-nin 02 iyun 2022-ci il tarixli, 082-22/İ saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh 74000 manat məbləğində krediti illik 7 faiz, 300 ay müddətinə, aylıq 523,02 manat olmaqla cədvəldə göstərilən formada ödəniş etməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddaçının iddia etdiyi kimi cavabdeh tərəfindən aldadılması və 57000 manat pul vəsaitinin mənimsənilməsi sübut olunmur. İddiaçı iddiası iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 57000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmiş, İddiaçı isə 57000 manat pul tələbini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 57000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 292 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 57000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 292 (iki yüz doxsan iki) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar