Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1551/2023 10.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Yaşadığı ərazidə yaxından tanıdığı Cavabdeh ondan 2000 manat borc pul istəmiş və həmin vaxt o, Beynəlxalq Bankdan kredit götürdüyü 2450 manat puldan 2000 manatını müəyyən müddətə qaytaracağı şərti ilə Cavabdeh vermiş və bu faktı təsdiq edəcək sübutları da vardır. Razılaşdıqları müddət bitdikdən sonra o, cavabdehdən pulunu hissə-hissə qaytarmasını bildirməsinə baxmayaraq, Cavabdeh ondan götürdüyü pulu qaytaracağı barədə vədlər versə də, müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırmışdır. O, da məcburiyyət qarşısında qalıb, bu barədə xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə şikayət ərizəsi vermiş, ərizəsi arşadırıldıqdan sonra məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmin vaxtdan hazıradək Cavabdeh ona olan 2000 manat borcunu qaytarmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddiaçının izahatına əlavəsi olmadığını bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə eyni ərazidə yaşadıqlarına görə aralarında müsbət münasibətləri olmuşdur. O, İddiaçı 2022-ci ildə hissə-hissə olmaqla, ümumilikdə aylıq 20 faiz olmaqla 1000 manat məbləğində sələmə borc pul götürmüş, lakin həmin pulun qarşılığında İddiaçı hissə-hissə ödəməklə 2600 manat məbləğində pul ödəmişdir. Onun İddiaçı borcu qalmamışdır. İddianı əsassız hesab edir, ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, nümayəndəsi və vəkilinin, cavabdehin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun doğma qızıdır. Cavabdeh isə qızı İddiaçı ona borca pul verən zaman görmüşdür. Təxminən 2022-ci il yay aylarında Cavabdeh onun yanında qızı İddiaçı 2000 manat borc pul almışdır. Razılıaşdıqları müddət bitdikdən sonra qızı İddiaçı verdiyi pulu Cavabdeh geri qaytarmasını tələb etmiş, lakin Cavabdeh borcunu qaytaracağını bildirməsinə baxmayaraq, müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırmışdır. Qızı İddiaçı da məcburiyyət qarşısında qalıb, xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə şikayət ərizəsi vermiş, ərizəsi arşadırıldıqdan sonra məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. O, təsdiq edir ki, Cavabdeh İddiaçı aldığı 2000 manat borc məbləğini qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, İddiaçı onun rəfiqəsidir. Təxminən 2022-ci il yay aylarında İddiaçı yaşadığı evə qonaq getmiş və onlarda olarkən, İddiaçı ondan evdə oturmasını, həyətə düşərək İlkin adlı şəxsə 2000 manat məbləğində borca pul verib qayıdacaqlarını bildirmiş və İddiaçı anası Nərminə Abasova ilə birlikdə həyətə düşərək, təxminən 5 dəqiqədən sonra geri qayıtmışlar. Bir müddətdən sonra aralarında olan söhbət əsnasında İddiaçı və anası Nərminə Abasova ona bildirmişlər ki, İlkin adlı şəxs Əfsanədən aldığı 2000 manat borc məbləğini qaytarmamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, Cavabdeh onun qardaşıdır. Təxminən 1 il bundan əvvəl qardaşı Cavabdeh İddiaçı 1000 manat məbləğində borca pul almış və həmin pul məbləğinin qarşılığında İddiaçı hissə-hissə ödəməklə 2600 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Cavabdeh onun yeznəsidir. Təxminən 5-6 ay bundan əvvəl Cavabdehla telefonda danışarkən, İlkinin problemi olduğunu hiss etmiş və ondan nə baş verdiyini soruşmuş, Cavabdeh da, Əfsanə adlı qadından 1000 manat məbləğində borca pul aldığını, həmin pul məbləğinin qarşılığında hissə-hissə ödəməklə 2600 manat məbləğində pul ödədiyini və həmin 1000 manat borcun faiz söhbətlərinin hələ də davam etdiyini bildirmişdir. İş materialında olan Cavabdeh Cəlilabad RPŞ-nin Göytəpə PB-nə verdiyi izahatından görünür ki, o, İddiaçı 2022-ci ildə borca 1000 manat məbləğində pul almış, lakin həmin pulun qarşılığında 2600 manat ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2022-ci ildə İddiaçı 1000 manat borc pul almış, lakin hazırki vaxta qədər cavabdeh iddiaçıdan aldığı 1000 manat pulu qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbində qismən haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1551/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1551/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver