Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1573/2025 16.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 410 (dörd yüz on) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxıb cavabdehdən 410 (dörd yüz on) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əsasən iddiaçı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndində qeydiyyatdadır. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. 3-cü qrup əlildir. Müharibə veteranı və məcburi köçkün statusuna malikdir. Davamlı epilepsiya və diğər nevroloji ağır xəstəlikləri olduğuna görə davamlı işləyə bilmir. Axşamlar Nizami rayonu ərazisində yerləşən “8-ci km” bazarında qohumlarına köməklik edərək ailəsini saxlamaq üçün günortadan sonralar 3-4 saat işləyir. İşlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən “8-ci km.” bazarında tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 2024-cü ilin dekabrın 15-də ona zəng edərək işlədiyi bazarda mağazanın arendasını verə bilmədiyini bildirərək ondan 1 aylıq 1200 (min iki yüz) manat pul istəmişdir. O, üstündə olan 200 manatı ona vermiş, qalan 1000 manatın evdə olduğunu bildirmişdir. Cavabdeh ona vatsap nömrəsi ilə öz adna olan leobank kartının şəklini göndərmişdir. O, evə qayıdaraq təxmini saat 4-5 radələrində, qalan 1000 (bir min) manat pulu cavabdehin vatsapla iddiaçıya göndərdiyi, cavabdehin öz adına olan 4098 5844 9444 5081 nömrəli Leobank kartına 1000 manat köçürmüşdür. Cavabdeh krasovka ayaqqabı alveri ilə məşğul idi. Cavabdeh işləyərək 1 aya pullarını hər gün 40 manat olmaqla 30 gün içində geri veməyi öhdəlik götürsə də, öhdəliyi düzgün icra etməmiş və borcları qaytarmamışdır. Cavabdeh ondan götürdüyü ümumi 1200 manatdan 790 manat qaytarmışdır. Alver etdiyi mağasasını başqasına verib getdiyinə görə qalan 410 manat borcunu qaytarmamışdır. Aradan aylar keçmidir. Bundan sonra cavabdeh ona dost olduğunu bildirərək alver etmək üçün Bakıya qayıdıb işləyib borcunu qaytaracağını bildirmişdir. Daha sonra isə ödənişdən yayınmışdır. Cavabdehlə dəfələrlə telefon və vatsapla əlaqə saxlasa da borcunu etiraf etmiş, borcunu qaytarmaq üçün ondan əlavə vaxt istəmişdir. Lakin vaxtı uzadaraq borcunu qaytarmamış və ödəniş etməkdən yayınmışdır. Cavabdeh ondan götürdüyü bütün pulları 1 ay içində qaytaracağını könüllü öhdəliyinə götürmüşdür. Cavabdehə ümumilikdə ödədiyi puldan bu günədək ona 790 manat qaytarmışdır. Cavabdehin ödəmədiyi qalan borcu 410 manat təşkil edir. Aradan bir neçə gün və aylar keçmişdir. Pullarını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışdır. O, anlayış göstərərək cavabdehə inanmışdır və pullarını qaytaracağını gözləsə də, cavabdeh öhdəliyi düzgün icra etməmişdir. Cavabadeh ona 410 manat borcu olduğunu etiraf etsə də ödəniş etməkdən yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin bank kartına 1000 (min) manat pul köçürülmüşdür. İşdə olan “WhatsApp” sosial şəbəkəsi üzərindən tərəflər arasında aparılan yazışmalarından görünür ki, cavabdehin iddiaçıya “.... sənə 350 manat borcum var...” mesajına İddiaçı “...350 manat deyil 410 manat borcun var...” məzmunlu cavab mesajı göndərmişdir. İşdə olan AA N106807 seriyalı “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehin bank kartına min manat pul göndərmişdir, cavabdeh isə borcunun müəyyən hissəsini ödəsə də hazırda iddiaçıya 410 manat borcu vardır. İş materiallarında olan yazışmalardakı telefon nömrəsinin cavabdehə məxsus olması isə işin mübahisələndirilməyən halıdır. Belə ki, həmin mobil nömrənin (070 545 45 49) cavabdehə məxsus olması “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla da təsdiq edilmişdir, məhkəmə iclasları barədə bildirişlər həmin nömrəyə göndərilməklə cavabdehə çatdırılmışdır, habelə cavabdehlə məhkəmə iclasları barəsində həmin nömrə vasitəsilə əlaqə saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddianın qiyməti 1000 manatadək olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 410 (dörd yüz on) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1573/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1573/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver