Məhkəmə qərarları › İş №2(073)-1583/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1583/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1583/2025 29.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 700 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1050 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu, Şabanlı kəndində yaşayır. 23 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə ona məxsus olan və yolun kənarına kəndirlə hörüklənmiş inəyi vurmuş, hadisə yerindən qaçmış və o, 15 gün sonra cavabdehi tapmışdır. Xəsarət almış iribuynuzlu heyvanın bazar qiyməti 1450 manat idi, hadisə nəticəsində iribuynuzlu heyvanın əti yararsız hala düşmüş, kəsildikdən sonra 26 kq əti yararlı olmuş, qalan əti qaralmış və qançır vəziyyətdə olmuş, həmin 26 kq ətə görə də 250 manat, əlavə olaraq 150 manat Cavabdeh güzəşt etmiş və cavabdehlə 1050 manata razılaşıb öz razılığı ilə hər ay 350 manat ödəməklə 3 aya pulunu verəcəyi barədə razılaşmışlar. Sonrakı müddətdə cavabdeh İsrafil 350 manat vermiş və 700 manat borclu qalmışdır. Lakin, həmin borcunu da xeyli müddətdir ödəmək istəmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında bildirdi ki, o, 23 sentyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, Şabanlı kəndindən keçərkən idarət etdiyi avtomaşınla İddiaçı məxsus inəyi yola çıxdığı üçün vurmuş və işi olduğu üçün hadisə yerindən getmişdir. Yaralı inəyin həmin anda kimə məxsus olmasını bilməmiş, sonradan, vurduğu inəyə görə İddiaçıla 1050 manata razılaşmışlar. İddiaçıya dəymiş ziyanı 3 ay müddətində hər ay 350 manat olmaqla pulu verməyi öhdəsinə götürmüşdür və bu barədə iddiaçı ilə aralarında yazılı razılaşma olmuşdur. Əvvəllər iddiaçıya 350 manat ödəniş etmiş, sonradan qanunları oxumuş və bilmişdir ki, onun günahı yoxdur, mal niyə yola çıxıb. Onun iddia olunan məbləği ödəməyə imkanı çatmır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, o, həmin kəndə qəssab kimi fəaliyyət göstərir. 23 sentyabr 2024-cü il tarixində Cəlilabad rayonu, Şabanlı kəndində İddiaçı məxsus inəyin vurulduğunu bilmişdir. O, heyvanı kəsmiş və cəmi 26 kq sağlam ət götürmüşdür. Qaralmış və əzilmiş qalan yararsız əti isə atmışlar. İddiaçı həmin 26 kq əti yaxın qohumları ilə bölüşmüşdür. İş materiallarına əlavə edilmiş yazılı iltizamda “İltizam, Mən Cavabdeh xx.xx.2024-cü il tarixdə Şabanlı kəndindən keçərkən iribuynuzlu heyvanı vurmuşam. Mən İddiaçı dəymiş ziyanın əvəzi olaraq 3 ay müddətində hər ay 350 manat olmaqla qaytarmağa söz verirəm. Bunu imzamla təsdiq edirəm. İmza: Əliyev.İ Tarix: 09.X.2024. AZE.№0*******” qeyd olunmuşdur. Azərbaycan Respublikası Yol X3 39 maddəsinin 2-ci bəndinə əsasən sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəlləsinin 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir). ” Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 23 sentyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, Şabanlı kəndindən idarət etdiyi avtomaşınla keçərkən İddiaçı məxsus iribuynuzlu heyvanı vurmuşdur. İddiaçı qəssab çağıraraq ölmüş heyvanı kəsdirmiş, 26 kq sağlam ət götürmüşdür. Hadisə nəticəsində İddiaçı 1450 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı Cavabdehlə xəsarət alıb tələf olmuş inəyə görə 1050 manatla razılaşmışlar və cavabdeh bu barədə yazılı olaraq iltizam vermiş, daha sonra iddiaçıya 350 manat pul vermiş, lakin qalan məbləği bu günə qədər verməmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 23 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində, günün aydın görünmə olduğu vaxtda yol kənarında hörüklənmiş inəyin vurulmasında Cavabdeh təqsiri öz təsdiqini tapır. Ona görə də İddiaçı Cavabdeh qarşı 700 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi tələbində haqlıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı vurulmuş 700 manat məbləğində zərər Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırkı iddianın verilməsi ilə əlaqədar 31 manat dövlət rüsumu ödəmişdir. İş üzrə Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. İddiaçı vurulmuş 700 (yeddi yüz) manat məbləğində zərər və 31 (otuz bir) manat məbləğində dövlət rüsumu, cəmi 731 (yeddi yüz otuz bir) manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar