Məhkəmə qərarları › İş №2(073)-1590/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1590/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1590/2023 02.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2360 (iki min üç yüz altmış) manat borcun və 43.60 (qırx üç manat altmış qəpik) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində icarəyə götürdüyü torpaq sahəsində çiyələk əkib-becərib satmaqla məşğul olur. Cavabdeh da Bakı şəhərinə çiyələk aparıb satan şəxs kimi tanımışdır. Belə ki, Cavabdeh 2021-ci il tarixdə onun yanına gəlib ondan nisyə olaraq çiyələk istəmiş, çiyələyi aparıb Bakı şəhərində satıb onun (iddiaçının) pulunu verəcəyini bildirmişdir. O (iddiaçı) da cavbdehlə razılaşışdır. Cavabdeh ondan bir hissəsinin pulunu verməklə çiyələk məhsulu götürüb aparıb satmış, hər dəfə pulundan ona borclu qalmışdır. O (iddiaçı) da alver etdiyini düşünüb cavabdehə hər dəfə çiyələk vermişdir ki, cavabdeh satıb pulunu verəcəkdir. Lakin bir ay ərzində cavabdehin ona 2900 manat borcu yaranmışdır. O (iddiaçı) da bundan sonra daha cavabdehə mal verməmişdir ki, borcu olduğu üçün pulunu ödəsin. Lakin Cavabdeh 2021-ci il tarixdən hazırki vaxta kimi ona (iddiaçıya) borclu olduğu 2900 manat puldan 540 manatını ödəmiş, qalan 2360 manatı isə hal-hazıra kimi ödəməmişdir. Dəfələrlə cavabdehdən borclu olduğu pulu tələb etsə də, heç bir nəticəsi olmamış, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən yayınmışdır. O da bununla bağlı Cəlilabad rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiiş, müraciəti əsasında araşdırma aparılmış və ona bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh polis şöbəsində verdiyi izahatında ona (iddiaçıya) borclu olduğunu qismən etiraf etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis şöbəsinin X3 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı 2900 manat pul tələbi barədə şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin arayışdan və Cavabdeh tərəfindən Cəlilabad rayon PŞ Göytəpə PB-ə verilmiş izahatdan görünür ki, araşdırma zamanı Cavabdeh iddiaçıya 2100 manat borcunun olduğunu, həmin borcundan 340 (üç yüz qırx) manatını ödədəyini və qalan borcunu hissə-hissə ödəyəcəyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdehİddiaçı 2100 (iki min bir yüz) manat dəyərində nisyə çiyələk almış, aldığı məhsulun dəyərindən 540 (beş yüz qırx) manatını ödəmiş, qalan 1560 manatı isə ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan borcunu qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə iclasında iddiaçı cavabdehin ona 2900 (iki min doqquz yüz) manat borcunun qaldığını göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, nisyə alqı-satqı nəticəsində cavabdehin iddiaçıya olan borcunun məbləği cavabdehin etiraf etdiyi məbləğdə, yəni 2100 (iki min bir yüz) manat qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən ona (iddiaçıya) cəmi 540 (beş yüz qırx) manat ödənildiyini göstərmişdir. Belə halda cavabdehin iddiaçıya qalan borcu 1560 (bir min beş yüz altmış) manat təşkil edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 1560 (bir min beş yüz altmış) manat borcun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1560 (bir min beş yüz altmış) manat pul və 43.60 (qırx üç manat altmış qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar