Məhkəmə qərarları › İş №2(073)-1596/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1596/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1596/2023 11.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 36728,49 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36728,49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200,20 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Cəlilabad rayonu Kazımabad kəndində yaşayır, Cavabdeh da onun doğma əmisi oğlu olmaqla, həmkəndlisidir. Cavabdeh kartof məsulunun əkib, becərib satmaqla, təsərrüfat işləri ilə məşğul olur. 2014-cü ildə Cavabdeh ona müraciət edərək, evinin çıxarışı olduğundan onun evini girov qoyub, bankdan pul götürməsini, aylıq ödənişlərini özü edəcəyini bildirərək, ondan xahiş etmişdir. Əmi oğlu olduqları üçün Cavabdeh inanıb, onunla razılaşmışdır. 11 sentyabr 2014-cü il tarixdə o, Cəlilabad rayonu Kazımabad kəndində yerləşən özünə məxsus fərdi yaşayış evini girov qoyaraq, "xxxx" ASC-dən 19000 manat kredit götürüb Cavabdeh vermişdir. Cavabdeh Bankın ödənişlərini bir müddət ödəmiş, sonra ödəniş etməmişdir. Bundan sonra o, cavabdehdən Banka olan ödənişləri ödəməsini tələb etmiş, lakin Cavabdeh götürdüyü krediti ödəyəcəyi barədə vədlər versə də, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Hətta bu barədə aralarında davadalaş da olmuşdur. Sonradan Cavabdeh götürdüyü kredit borcunu 2023-cü ilin iyun ayına kimi tam ödəyəcəyi barədə notarial qaydad ərizə versə də, yenə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. O, məcburiyyət qarşısında qalıb, Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Ləğv prosesində olan "xxxx" ASC-dən borcu barədə arayış verilməsini xahiş etmişdir. Ona verilmiş arayışa əsasən, onun "xxxx" ASCyə əsas, faiz və cərimə borcları ümumilikdə 36728,49 manat təşkil edir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı onun doğma əmisi oğludur və eyni kənddə yaşayırlar. O, İddiaçı heç vaxt borca pul götürməmiş, notarial qaydada verdiyi ərizəni məhkəmənin icraatında olan cinayət işi ilə bağlı məcburiyyət qarşısında qaldığından yazmışdır və həmin ərizəsindən də imtina edir. Onun İddiaçı borcu yoxdur. İddianı əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli, **********174 sayl borc öhdəliyinin olub-olmaması barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə 13690,76 manat əsas, 12783,38 manat faiz, 10254,35 manat cərimə borcu olmaqla, ümumilikdə 36728,49 manat məbləğində borc öhdəliyi mövcuddur. İş materialında olan Cavabdeh tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fonduna ünvanlanmış notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əmisi oğlu İddiaçı onun xahişi ilə 2014-cü ildə evini girov qoyub, "xxxx" ASC-dən 19000 manat kredit götürüb ona vermişdir. İddiaçıla razılaşmalarına əsasən o, 19000 manat krediti faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürsə də, bir müddət ödəmiş, lakin tam ödəyib qurtara bilməmişdir. Bildirir ki, İddiaçı banka olan borcunu 2023-cü ilin iyun ayına kimi tam ödəyəcəkdir, əks təqdirdə qanunla məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materialında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı banka olan borcundan müxtəlif tarixlərdə ödənilməklə, ümumilikdə 12238,98 manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2014-cü ildə İddiaçı 19000 manat borc pul almış, həmin borc məbləğinin 12238,98 manatını "xxxx" ASC-yə ödəmiş, lakin 6761,05 manat məbləğində borcu qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehin iddiaçıdan götürmüş olduğu 19000 manat pul məbləğinin faiz və cərimələrinin ödənilməsi barədə hər hansı razılaşma mövcud deyildir, digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, götürülən borc məbləğinin 12238.98 manatını ödəmişdir və həmin məbləğə görə cavabdehdən əlavə pul tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 36728,49 manat pul tələbində qismən haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6761,05 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200,20 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6761,05 (altı min yeddi yüz altmış bir manat beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200,20 (iki yüz manat iyirmi qəpik) manat vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar