Məhkəmə qərarları › İş №2(073)-1597/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1597/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1597/2023 12.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)753/2020 saylı qətnaməsi ilə Cavabdeh aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb ona (iddiaçıya) verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-753/2020 saylı qətnaməsi dəyişdirilməklə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona (iddiaçıya) verilməsi qət edilmişdir. Özü işləmir, məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği isə uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh işləyir və uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-753/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)753/2020 saylı qətnaməsi dəyişdirilməklə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh plastik qapı-pəncərə ustası işləyir və 345 manat əmək haqqı alır. Cavabdeh aldığı əmək haqqı ilə özünün və valideynlərinin maddi tələbatını ödəməkdə, həmçinin məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentdən artıq ödəniş etmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2022-ci ildə 49 saylı akt qeydi ilə Cəlilabad rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2019-cu ildə doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 1968/2022 saylı qətnaməsindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-753/2020 saylı qətnaməsi dəyişdirilməklə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh plastik qapıpəncərə ustası işləyir və 345 (üç yüz qırx beş) manat aylıq əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1968/2022 saylı qətnaməsi ilə xx.xx.2019cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı işləmir və məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh rəsmi olaraq işləyir və 345 (üç yüz qırx beş) manat əmək haqqı alır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini, cavabdehin işlədiyini və aylıq əmək haqqı aldığını nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1968/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 40.40 (qırx manat qırx qəpik)) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar