Məhkəmə qərarları › İş №2(073)-1654/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1654/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1654/2024 29.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2009-cu ildə doğulmuş X7 və 29 noyabr 2016-cı ildə doğulmuş X1 üçün alimentin həcminin artırılaraq Cavabdeh hər bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) Nümayəndə1 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə faktiki evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından 19 iyul 2009-cu ildə Hüseyn və 29 noyabr 2016-cı ildə Xədicə adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(073)-2086/2018 saylı qətnaməsi ilə 19 iyul 2009-cu ildə doğulmuş X7 və 29 noyabr 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 90 manat, ümumilikdə 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. İddiaçı özü uzun müddətdir ki, Rusiyada yaşayır və işləyir, orada bir oğlu da var. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (sonrakı nikahdan arvadı) Nümayəndə2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 19 iyul 2009-cu ildə doğulmuş X7 və 29 noyabr 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 90 manat, ümumilikdə 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Cavabdeh ikinci dəfə onunla ailə qurub və həmin evlilikdən Məhəmməd adlı uşağı doğulmuşdur. Həmin uşağın tənəffüs və eşitməsində problemləri var, xəstədir və mütəmadi olaraq müalicə alır, bir il ərzində təxmini iki min manat civarında müalicəyə pul xərclənir. Cavabdeh hazırda fəhlə işləyir. Tələb edilən alimenti ödəmək iqtidarında deyil. Hətta daha əvvəl müəyyən edilmiş 180 manat alimenti ödəməkdə çətinlik çəkir və bir neçə dəfə icra məmuru onu məhkəməyə vermək istəyib. İddiaçı artıq bir neçə ildir ki, Rusiyada yaşayır, uşaqları ilə maraqlanmır, alimenti isə sırf baba və nənə götürür. O və cavabdeh bir neçə dəfə iddiaçının ata və anasına uşaqları onlara vermələrini xahiş etsək də və onların uşaqları saxlamaq niyyətində olduqlarını bildirsələr də, bununla razılaşmamışlar, hətta uşaqları atasından qəsdən soyutmuşlar. Alimentin qismən artırılması başa düşülən olsa da, tələb olunan həcmdə artırılaraq cavabdeh tərəfindən ödənilməsi qeyri-mümkündür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(073)- 2086/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx xxxxxxx 1982-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulmuş Cavabdeh X3 doğulmuş 19 iyul 2009cu il təvəllüdlü Hüseyn və 29 noyabr 2016-cı il təvəllüdlü Xədicə adlı uşaqların atası hesab edilməsi, 19 iyul 2009-cu il təvəllüdlü Hüseyn və 29 noyabr 2016-cı il təvəllüdlü Xədicə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 90 (doxsan) manat, ümumilkdə 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. İşdə olan 4 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2017-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 601 saylı qeydiyyat aparılmış və arvada Əhmədova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci ildə doğulmuşdur, atası X11, anası X2r. İşdə olan xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə cavabdeh bildirmişdir ki, iddiaçı iki uşağı yaşlı nənə-babanın üstünə ataraq Rusiya dövlətində ailə qurub, bir oğlu da var. Burada qoyub getdiyi uşaqları ilə heç maraqlanmır da. Mən də boşandıqdan sonra ailə qurmuşam, himayəmdə 2015-ci il təvəllüdlü oğlum X10m var. Oğlumun hər iki qulağında 50 db nHL intensivlikdə V dalğa forması orta dərəcəli sensonevral tip eşitmə azlığı var. Hər il rüb üzrə 3-4 aydan bir müalicə olunur, anam yaşlıdır, onun da saxlanmasında və digər xərclərim vardır. İddiaçı və onun valideynləri məni, uşaqların nənəsini övladlarımla belə rahat görüşməyə imkan vermirlər. Əvvəlki məbləğin ödənməsini güclə çatdırıram. Hər uşağa görə 100 manat, cəmi 200 manat ödəyə bilərəm. İşdə olan epikriz və digər tibbi sənədlərdən görünür ki, X4 iki tərəfli orta dərəcəli sensonevral tip eşitmə azlığı xəstəliyi müşahidə olunur və eşitmənin iki tərəfli protezləşməsi və surpedaqoqla məşğul olmaq tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(073)-2086/2018 saylı qətnaməsi ilə Cavabdeh X3 doğulmuş 19 iyul 2009-cu il təvəllüdlü Hüseyn və 29 noyabr 2016-cı il təvəllüdlü Xədicə adlı uşaqların atası hesab edilməsi, 19 iyul 2009-cu il təvəllüdlü Hüseyn və 29 noyabr 2016-cı il təvəllüdlü Xədicə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 90 (doxsan) manat, ümumilkdə 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək və tərəflərin izahatını dinləyərək hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və bu hal iddiaçı tərəfindən də sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğun olmaqla ədalətlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(073)-2086/2018 saylı qətnaməsi ilə 19 iyul 2009-cu ildə doğulmuş X7 və 29 noyabr 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 iyul 2009-cu ildə doğulmuş X7 və 29 noyabr 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar