Məhkəmə qərarları › İş №2(073)-1661/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1661/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1661/2024 01.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə iddiaçı X4 Cavabdeh özünə məxsus marketdə əmək müqaviləsi bağlamaqla nəzarətçi vəzifəsinə işə götürmüşdür. Cavabdeh həmin vaxtdan 2023-cü ilin aprel ayınadək marketdə işləmiş və 31605 (otuz bir min altı yüz beş) manat dəyərində ərzaq mallarını nisyə olaraq satmış, lakin satdığı malların pulunu iddiaçıya ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu tezliklə ödəyəcəyini bildirsə də, ödəməmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən iddiaçı gəlir əldə etməkdən məhrum olmuş və bununla da cavabdeh ona (iddiaçıya) əlavə olaraq zərər vurmuşdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 385.1, 425.1, 442, 445, 445.2.1, 445.1, və 21.2-ci maddələrinə istinad edərək, cavabdehdən 31605 (otuz bir min altı yüz beş) manat pulun, 1400 (bir min dörd yüz manat) əldən çıxmış faydanın və ödənilmiş 190 (bir yüz doxsan) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkləmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli müddətsiz müqavilə əsasında işəgötürən X4 işçi Cavabdeh mağazaya nəzarətçi vəzifəsinə işə götürmüşdür. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 Cavabdeh qarşı 31605 (otuz bir min altı yüz beş) manat pul tələbi barədə şikayəti əsasında araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, “Furqan” marketdə üç il işləmiş, həmin müddətdə nisyə ərzaq da vermiş, nisyə verdiyi mallar isə ümumilkdə 23700 manat təşkil etmişdir. Lakin nisyə alan şəxslər pulu bu günədək pulu ödəməmişdir. Həmin pullar da onun adında qalmışdır. O, 4 ay ərzində pulları yığıb “Furqan” marketin müdirinə verəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT 014/2023-MŞL-03000 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Cavabdeh bu saziş imzalandıqdan sonra birinci tərəf X1 almış olduğu malların dəyərini 24936 (iyirmi dörd min doqquz yüz otuz altı) manat müəyyən edirlər, həmin malın dəyəri olan 24936 manat pulu dörd ay müddətində hər ay 6234 (altı min iki yüz otuz dörd) manat olmaqla X3 ödəməsinə öhdəlik götürür. Cavabdeh bu sazişin şərtlərinin 1-ci bəndində nəzərdə tutulmuş aylıq ödənişi hər ayın 28də köçürmə yolu ilə və ya bank vasitəsi ilə birinci tərəf X3 ödəyəcəyinə öhdəlik götürür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus marketdən ərzaq mallarını nisyə olaraq satmış, lakin satdığı malların pulunu iddiaçıya ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu tezliklə ödəyəcəyini bildirsə də ödəməmişdir. Bununla bağlı tərəflər xx.xx.2023-cü il tarixli, MŞS/MT 014/2023-MŞL-03000 nömrəli Barışıq Sazişi imzalamışlar və cavabdeh iddiaçıdan aldığı malların dəyəri olan 24936 (iyirmi dörd min doqquz yüz otuz altı) manat pulu dörd ay müddətində hər ay 6234 (altı min iki yüz otuz dörd) manat olmaqla hər ayın 28-də köçürmə yolu ilə və ya bank vasitəsi ilə iddiaçı X3 ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh sazişin şərtlərinə əməl etməmiş və borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildiyi kimi, cavabdeh iddiaçıya olan borcunu razılaşdıqları vaxtadək qaytarmalı olduğu halda, götürdüyü öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Məhkəmə iddianın 1400 (bir min dörd yüz) manat əldən çıxmış fayda tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, həmin halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 24936 (iyirmi dörd min doqquz yüz otuz altı) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 164.81 manat (bir yüz altmış dörd manat 81 qəpik) hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24936 (iyirmi dörd min doqquz yüz otuz altı) manat pul və 164.81 (bir yüz altmış dörd manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar