Məhkəmə qərarları › İş №2(073)-1666/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1666/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1666/2024 12.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3747.07 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 51.76 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. Cavabdeh iddiaçının həmkəndlisidir və onu uzun müddətdir ki tanıyır. 2019-cu ildə Cavabdeh iddiaçının yaşadığı Cəlilabad rayonu Maşlıq kəndində yaşadığı evə gələrək onun pula ehtiyacının olduğunu bildirərək iddiaçıdan ona zamin durmasını xahiş etmişdir. İddiaçı da Cavabdeh uzun müddət tanıdığından və həmkəndli olduğundan ona zamin durmuş və AccessBankı QSC-in Cəlilabad filialına yaxınlaşaraq ona zamin durmuş və Cavabdeh 2500 manat kredit verilmişdir. Cavabdeh kredit verildikdən sonra götürdüyü pulu vaxtında ödəmədiyi üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1848/2021 saylı qətnaməsi ilə iddiaçıdan və Cavabdeh 3145,07 manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsini icra etmədiyindən iddiaçının pensiyasından 3145,07 manat pul tutulmuşdur. İddiaçı Cavabdeh əvəzində ödədiyi pulu tələb etsə də, müxtəlif bəhanələr edərək bundan qəsdən yayınmışdır. Buna görə də iddiaçıhazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş qaynanasıdır. Onun puldan ehtiyacı olmayıb. İddiaçı və onun oğlu onu (cavabdehi) aldadaraq AccessBanka aparıb onun adına kredit götürüblər. Pulu iddiaçıya verib, lakin iddiaçı krediti ödəmədiyi üçün bank işçiləri ona (cavabdehə) zəng edib pulu tələb ediblər. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 1848/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 3145.07 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-in hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə, həmçinin cavabdehin kredit münasibətlərində iştirak etməsi və iddiaçının ona həmin kredit münasibətlərində zamin olması müəyyən edilmişdir. İşdə olan “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2019-cu ildən -xx.xx.2023-cü ilədək kredit borcu üzrə İddiaçı pensiyasından cəmi 3147 manat pul tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh AccessBankı QSCin Cəlilabad filialından götürdüyü kreditin təminatı olaraq iddiaçı ona zamin durmuş və Cavabdeh 2500 manat kredit verilmişdir. Cavabdeh kredit verildikdən sonra götürdüyü pulu vaxtında ödəmədiyi üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1848/2021 saylı qətnaməsi ilə iddiaçıdan və Cavabdeh 3145,07 manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsini icra etmədiyindən iddiaçının pensiyasından 3145.07 manat pul tutulmuşdur. İddiaçı Cavabdeh əvəzində ödədiyi pulu tələb etsə də, müxtəlif bəhanələr edərək bundan qəsdən yayınmışdır. Buna görə də iddiaçıhazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddia tələbində göstərilən borc məbləğindəki qalıq 600 (altı yüz) manat pulu iddiaçı müdafiəçiyə ödənilən, həmçinin işin məhkəməyə verilməsi ilə bağlı çəkdiyi xərclər olduğunu bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3145.07 (üç min bir yüz qırx yeddi manat yeddi qəpik) manat pul, 51.75 (əlli bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar