Məhkəmə qərarları › İş №2(073)-1672/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1672/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1672/2025 27.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 27 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldıraraq cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 44000 (qırx dörd min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC-nin direktoru X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçı Rusiya Federasiyasından idxal edilmiş bir kiloqramının qiyməti 2 manat 34 qəpik olmaqla, ümumi çəkisi 18.333 (on səkkiz min üç yüz otuz üç) kq noxudu 44000 (qırx dörd min) manata Cavabdeh MMC-nin direktoru X2 təhvil vermək, X5 isə 44.000 manat pulu alqısatqı müqaviləsi bağlandığı gündən 15 gün ərzində iddiaçıya ödəyəcəyi öhdəliyini götürmüşlər. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı “pretenziya” qaydasında xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Cavabdeh isə öz növbəsində iddiaçıya verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda hal-hazırda iddiaçıya olan 44.000 manat borcu ödəmək iqtidarında olmadığı üçün əlavə olaraq 30 gün vaxt verilməsini xahiş etmişdir.Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh MMC-nin direktoru X6 22 may 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı ilə onu Mirmehti və Hacı Əlqismət adlı şəxslər tanış edib. Onlar ona bildirmişlər ki, gömrükdən noxudu gətirmək üçün 5000 (beş min) manat pulları çatmır. O, Elçin adlı şəxsin yanında İddiaçı gömrükdən noxudu gətirmək üçün 4000 (dörd min) manat pul vermişdir. Onlar noxudu götürüb onun anbarına gətirmiş və satıb onun pulunu verəcəklərini bildirmişlər. Lakin gətirdikləri noxud yaxşı olmadığından İddiaçı şəriki olan Elçin və Bayram kimi tanıdığı şəxslərlə noxudu onun anbarından çıxarmışlar ki, adına Rusiya Federasiyasından un gəldiyindən həmin unu anbara boşalda bilsin. Sonra İddiaçı ona demişdir ki, ona direktoru olduğu Cavabdeh MMC-nin möhürlü kağızın versin ki, o, həm noxudu, həm də unu öz tanış şirkəti ilə Cavabdeh MMC adından müqavilə bağlayıb versin. Həmin zaman İddiaçı ona olan borcu 11500 (on bir min beş yüz) manat borcu olmuş, həmin noxud və unu satıb ödəyəcəyini bildirmişdir. O, cavabdehin səmimiyyətinə inandığı üçün cavabdeh onu aldadaraq ondan aldığı möhür və imzalı kağıza 44 min manat borc yazaraq heç bir sübut və əsası olmayan pulu ondan tələb etmək istəyir. Odur ki, Şahinoğlu” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru X6 məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı etiraf etməyərək bildirdi ki, müqavilədə olan imza ona, möhür isə Cavabdeh MMCyə aiddir. Lakin cavabdehin səmimiyyətinə inandığı üçün iddiaçıya direktoru olduğu Cavabdeh MMC-nin imzalı və möhürlü kağızı boş olaraq verilmişdir. Qeyd edilən müqavilə tərəflərin razılığı ilə bağlanmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şahinoğlu” MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, 1-ci tərəf İddiaçı Rusiya Federasiyasından idxal edilmiş “rus qoroxu” kimi tanınmış noxudun ümumi çəkisi 18.333 kq olmaqla, bir kiloqramın qiyməti iki manat otuz dörd qəpik, ümumi məbləğ qırx dörd min manat olmaq şərti ilə, Cavabdeh MMC-nin direktoru X4 təhvil verərək öhdəliyini yerinə yetirmiş oldu. 2-ci tərəf X6 18.833 kq noxudu (qorox kimi) yeddi yüz əlli dörd kisəyə qablaşdırılmış təhvil alaraq, bir kiloqramın qiyməti iki manat otuz dörd qəpik olmaqla, ümumi məbləğ qırx dörd min manat pulun alqı-satqı müqaviləsi bağlandığı gündən hesablanaraq 15 gün ərzində 1-ci tərəfə ödəmə öhdəliyini öz üzərinə götürür. İşdə olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X4 ünvanlanmış müraciətdən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərində göstərilən 15 gün müddətin bitməsi ilə əlaqədar olaraq, cavabdehdən 44000 (qırx dörd min) manat borcun ödənilməsi xahiş edilmişdir. İşdə olan Cavabdeh MMC-nin direktoru X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh iddiaçıya olan 44000 (qırx dörd min) manat borcunu ödəmək iqtidarında olmadığı üçün iddiaçıdan əlavə olaraq 30 gün vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 222 (iki yüz iyirmi iki) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMCnin direktoru X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən, iddiaçı Rusiya Federasiyasından idxal edilmiş və bir kiloqramının qiyməti 2 manat 34 qəpik olmaqla, ümumi çəkisi 18.333 (on səkkiz min üç yüz otuz üç) kq noxudu 44000 (qırx dörd min) manata Cavabdeh MMC-nin direktoru X2 təhvil verməyi öhdəliyinə götürmüşdür. X5 isə 44.000 manat pulu alqı-satqı müqaviləsi bağlandığı gündən 15 gün ərzində iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ümumi çəkisi 18.333 (on səkkiz min üç yüz otuz üç) kq noxud cavabdehə təhvil verilsə də, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilədə nəzərdə tutulan 44.000 manat pulu iddiaçıya verməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə, Cavabdeh MMC-nin direktoru X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub və işdə olan digər sənədlərlə təsdiq olunur. Odur ki, iddia təmin edilərək, Cavabdeh MMC-dən 44000 (qırx dörd min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən göndərilmiş iddiaya etirazla bağlı qeyd edir ki, cavabdeh məhkəməyə etirazda göstərilən hallarla bağlı heç bir sübut təqdim etməmiş, iddiaçıyla aralarında olan xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 222 (iki yüz iyirmi iki) manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 44000 (qırx dörd min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar