Məhkəmə qərarları › İş №2(073)-1756/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1756/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1756/2023 30.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 30 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1250 (bir min iki yüz əlli) manat məbləğində pulun və ödənilmiş 32.50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğul olur. Cəlilabad şəhər sakini Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan pulunu hissə-hissə ödəmək şərti ilə televizor istəmişdir. O, da razılaşmış və ona həmin tarixdə 1250 (bir min iki yüz əlli) manat dəyərində 1 ədəd Samsung UE 43T5300 AU markalı televizoru nisyə olaraq, yəni 12 ay müddətinə hər ay 91.67 (doxsan bir manat altmış yeddi qəpik) manat ödəməklə satmışdır. Cavabdeh ona olan borcundan hissə-hissə müəyyən qədər ödəniş etmiş, 550 (beş yüz əlli) manat borcu qalmışdır. Bundan əlavə cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən ondan pulunu hissə-hissə ödəmək şərti ilə paltaryuyan maşını istəmişdir. Aralarında razılaşaraq ona xx.xx.2023-cü il tarixdə 1150 (bir min yüz əlli) manat dəyərində 1 ədəd LG F12M7HDS markalı paltaryuyan maşını nisyə olaraq yəni, 10 ay müddətinə hər ay 100 (bir yüz) manat ödəmək şərtilə satmışdır. Cavabdeh ondan aldığı paltaryuyan maşının pulundan hissə-hissə müəyyən qədər ödəniş etmiş, həmin borcundan 700 (yeddi yüz) manat, ümumilikdə isə 1250 (bir min iki yüz əlli) manat borcu qalmışdır. Cavabdeh xeyli vaxtdır ki, ona olan borcundan heç bir ödəniş etməyib. Dəfələrlə onunla əlaqə saxlayıb pulunu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı məhkəmədə ona qarşı 1250 (bir min iki yüz əlli) manat borcun ödənilməsi tələbi barədə iddia qaldırmışdır. İddia ilə tanışdır. İddianı etiraf edir. Maddi imkanı olmadığı üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İmkanı olan zaman borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Odur ki, qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan malların satış cədvəlindən görünür ki, alıcı- Cavabdeh xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1250 (bir min iki yüz əlli) manat məbləğində olan TV SAMSUNG UE 43T5300 AU markalı televizoru ilkin dəyərinin 12 faizini (150 manatı) ödədikdən sonra qalan 1100 (bir min yüz) manat borcu hər ay 91.67 (doxsan bir manat altmış yeddi qəpik) manat ödəmək şərti ilə almışdır. İş materiallarında olan malların satışı üzrə ödəniş cədvəlindən görünür ki, alıcı- Cavabdeh 23 dekabr 2022-ci il tarixdə ilkin dəyəri 1150 (bir min yüz əlli) manat olan “LG” paltaryuyan maşınını ilkin dəyərinin (1150 manatın) 13,04 faizini (150 manatı) ödədikdən sonra qalan 1000 (bir min) manat borcu 10 ay müddətinə hər ay 100 (bir yüz) manat ödəmək şərti ilə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin” surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 32.50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1250 (bir min iki yüz əlli) manat olan 1 ədəd Samsung UE 43T5300 AU markalı televizoru və xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1150 (bir min yüz əlli) manat olan “LG” paltaryuyan maşınını pulunu hissə-hissə ödəmək şərti ilə satmış, cavabdeh həmin məbləğlərdən hissə-hissə ödəniş etmiş və iddiaçıya ümumilikdə 1250 (bir min iki yüz əlli) manat borcu qalmışdır. Həmin müddətdən bəri cavabdeh heç bir ödəniş etməyib. Beləliklə, Cavabdeh İddiaçı 1250 (bir min iki yüz əlli) manat məbləğində borclu olması iddiaçı və cavabdehin ifadələri və işdə olan digər sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1250 (bir min iki yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 32.50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat məbləğində pul və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 32.50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar