Məhkəmə qərarları › İş №2(073)-1805/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1805/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1805/2025 22.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 22 iyul 2025ci il tarixdə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4500 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 65 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 2024-cü ilin dekabr ayında Cavabdeh ilə aralarında avtomobil alqı-satqısı ilə bağlı razılaşmaya əsasən, o, əvvəlcə avtomobilin dəyərini cavabdehə hissə-hissə ödəməli, ödəniş bitdikdən sonra isə cavabdeh ona “Vaz-2107” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili verməli idi. Lakin o, cavabdehə 4500 manat pulu ödəsə də, cavabdeh avtomobili ona təhvil verməmişdir. O, hər dəfə cavabdehdən, ona verməli olduğu avtomobili tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək avtomobili ona verməkdən yayınmışdır. Sonda isə cavabdeh ona avtomobili yox, ödədiyi 4500 manat pulu qaytaracağını bildirmişdir. Lakin hazırki vaxta kimi cavabdeh ona ödədiyi 4500 manat puldan heç bir məbləğ qaytarmayıb. Buna görə də o, məcbur qalıb Cəlilabad rayon Polis Şöbəsinə şikayət etmişdir. X1 cavabdehlə aralarında olan mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdehlə aralarında olan alqı satqını və 4500 manat pul ödədiyini cavabdehin onunla telefonla apardığı səs yazısı ilə təsdiq edilir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 22 iyul 2025-ci il tarixdə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri hərtərəfli və tam araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh kart hesabına müxtəlif vaxtlarda ümumilikdə 4500 manat məbləğində pul köçürülmüşdür. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2024-cü ilin dekabr ayında İddiaçı ilə Cavabdeh arasında avtomobil alqı-satqısı ilə bağlı razılaşmaya əsasən, iddiaçı əvvəlcə avtomobilin dəyərini cavabdehə hissə-hissə ödəməli, ödəniş bitdikdən sonra isə cavabdeh iddiaçıya “Vaz-2107” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili verməli idi. Lakin iddiaçı cavabdehə 4500 manat pulu ödəsə də, cavabdeh avtomobili ona təhvil verməmişdir. İddiaçı hər dəfə cavabdehdən, ona verməli olduğu avtomobili tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək avtomobili ona verməkdən yayınmışdır. Sonradan cavabdeh iddiaçıya avtomobili yox, ödədiyi 4500 manat pulu qaytaracağını bildirsə də, lakin hazırki vaxta kimi 4500 manat puldan heç bir məbləğ qaytarmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və onun tərəfindən iddiaya etiraz və ya hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması ilə bağlı ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-243-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 65 (altmış beş) manat alınıb İddiaçı verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar