Məhkəmə qərarları › İş №2(073)-1833/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1833/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1833/2025 16.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2885,74 manat məbləğində pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2885,74 manat məbləğində pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 09 fevral 2024-cü il tarixdə Cavabdeh 24 ay müddətinə "xxxx" ASC-dən 15 faiz dərəcəsində Girov müqaviləsi əsasında 4000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi depozitdə olan 5300 manat pulun Girov qoyan öhdəliyi kimi onun üzərinə qoyulmuşdur. O, cavabdehi yaxından tanıdığı üçün xahişini yerinə yetirmiş, yəni Cavabdeh zamin durmuşdur. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh həmin kreditin 9 ayını ödədikdən sonra kredit ödəmədiyinə görə Girov qoyan öhdəlik onun üzərində olduğu üçün o, məcbur qalıb faizi ilə birlikdə 06 mart 2025-ci il tarixə olan bankın qalan borcunu tam olaraq 2885,74 manat pul ödəmişdir. O, Cavabdeh banka tam ödədiyi pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu qaytarmamışdır. Götürülən pulun tam ödənilməsi ərizəsinə əlavə etdiyi qəbzlərlə də sübut olunur. Qeyd olunanlar barədə onun tərəfindən Cavabdeh dəfələrlə məlumat verərək pulunu geri istəsədə, cavabdeh pulu verməkdən imtina edir. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialında olan "xxxx" ASC-nin 09 fevral 2024-cü il tarixli, ƏK-091410/24 saylı girov müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borc alana, yəni Cavabdeh kredit müqaviləsinə əsasən 24 ay müddətinə 15 faiz olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi girov qoyan, yəni İddiaçı 12 yanvar 2024-cü il tarixli, Sirlər Xəzinəsi 962 saylı əmanət müqaviləsinə əsasən AZ19TURA******************** saylı bank hesabına qoyduğu 5300 manat məbləğdə əmanəti (bundan sonra “girov predmeti” adlanacaq) bankın xeyrinə girov qoymuşdur. İş materialında olan "xxxx" ASC-nin 06 mart 2025-ci il tarixli hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2385,74 manat pul məbləği ƏK-091410/24 nömrəli müqavilə üzrə cari hesaba mədaxil edilmişdir. İş materialında olan "xxxx" ASC-nin 13 mart 2025-ci il tarixli hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 203 manat pul məbləği ƏK-091410/24 nömrəli müqavilə üzrə cari hesaba mədaxil edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 09 fevral 2024-cü il tarixdə Cavabdeh 24 ay müddətinə "xxxx" ASC-dən 15 faiz dərəcəsində Girov müqaviləsi əsasında 4000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi depozitdə olan 5300 manat pulun Girov qoyan öhdəliyi kimi İddiaçı üzərinə qoyulmuşdur. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh həmin kreditin 9 ayını ödədikdən sonra kredit ödəmədiyinə görə Girov qoyan öhdəlik iddiaçının üzərində olduğu üçün İddiaçı məcbur qalıb faizi ilə birlikdə 06 mart 2025-ci il tarixə olan bankın qalan borcunu tam olaraq 2888,74 manat pul ödəmişdir. O, Cavabdeh banka tam ödədiyi pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu qaytarmamışdır. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, cavabdehin əvəzinə 06 mart 2025-ci il tarixdə 2385,74 manat və 13 mart 2025-ci il tarixdə 203 manat banka ödədmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbində qismən haqlıdır. Çünki, iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinə əsasən iddiaçının 2588,74 manat məbləğində pul ödədiyi məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 2588,74 manat alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 aprel 2025-ci il və 20 may 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 44 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2588,74 (iki min beş yüz səksən səkkiz manat yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar