Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1849/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, onun vəkili X8 oglunun iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 12330 (on iki min üç yüz otuz) manat məbləğində borcun, vəkilə ödədiyi 500 (beş yüz) manat xidmət haqqının və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Üçtəpə kəndində yaşayır. Həmkəndlisi və qohumu X5 xx.xx.2022ci il tarixdə onun yaşadığı evə gələrək çox çətin vəziyyətdə olduğunu bildirmiş və ondan 11.000 (on bir min) manat borc pul istəmişdir. O pulun ona nə üçün lazım olduğunu soruşduqda cavabdeh başqa şəxsə borcunun olduğunu və həmin şəxsə olan borcunu təcili ödəməli olduğunu bildirmişdir. Ondan (iddiaçıdan) aldığı borcunu isə adında olan torpaq sahəsini satdıqdan sonra qaytaracağını demişdir. Sədayənin həm qohumu, həm də çıxılmaz vəziyyətdə olduğunu nəzərə alıb ona kömək etmək qərarına gəlmişdir. Həmin vaxt evdə olan 4 000 (dörd min) manat pulu Sədayəyə vermiş və ehtiyatda yalnız bu qədər pulunun olduğunu bildirmişdir. Bundan sonra Sədayə ona yalvararaq cox çətin vəziyyətdə olduğunu, ancaq ona ümidinin olduğunu demişdir. O (iddiaçı) da səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən əlavə olaraq illik 15,5 faiz olmaqla 18 ay müddətinə 7 000 (yeddi min) manat kredit götürərək, Sədayəyə vermiş və Sədayədən ona verdiyi cəmi 11 000 (on bir min) manatı iki ay ərzində qaytarmasını xahiş etmişdir. Həmin vaxtdan iki ay keçdikdən sonra Sədayədən borcunu qaytarmasını xahiş etmiş, Sədayə isə torpaq sahəsinin hələ ki, satılmadığını satılan kimi onun pulunu verəcəyini bildirmişdir. O isə ona həmin pulun ona zəruri olduğunu və onu yubatmamasını xahiş etmişdir. Bundan sonra o hər həftə ondan pulunu tələb etməyə başlamış, Sədayə isə ona yalan vədlər verərək aldatmağa başlamışdır. Bundan sonra Sədayə 12 330 (on iki min üç yüz otuz) manat borcunu 29 sentyabr 2022-ci il tarixdə qaytaracağına dair qəbz yazaraq ona (iddiaçıya) vermişdir. O (iddiaçı) bankdan götürdüyü 7 000 (yedd min) manat əsas borcu və ona hesablanmış 1330 (bir min üç yüz otuz) manatı faiz borcunu Banka ödəmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona (iddaçıya) olan 12 330 (on iki min üç yüz otuz) manat borcunu qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, lakin məhkəmənin hazırlıq iclasında iddianı tam etiraf etməsinə dair ərizə verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 12 330 (on iki min üç yüz otuz) manat borc, vəkil üçün ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1849/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1849/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver