Məhkəmə qərarları › İş №2(073)-1857/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1857/2024

11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1857/2024 11.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 27 dekabr 2013-cü il tarixdə anadan olmuş qızı X2 və 16 iyun 2016-cı il tarixdə anadan olmuş oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2013-cü il tarixdə anadan olmuş qızı X2 və 16 iyun 2016-cı il tarixdə anadan olmuş oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aliment həcmin artırılaraq hər ay hər bir uşağa görə 235 manat olmaqla sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən sabit pul məbləğində deyil, 27 dekabr 2013-cü il tarixdə anadan olmuş X2 və 16 iyun 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 1990-cı ildə Cəlilabad şəhərində anadan olmuşdur, 08 oktyabr 2012-ci il tarixdə Cavabdeh ilə el adətilə ailə həyatı qurmuş və 21 fevral 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 27 dekabr 2013-cü il tarixdə qızı X5 və 16 iyun 2016-cı il tarixdə oğlu X7 anadan olmuşdur. Cəlilabad rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(073)-1436/2022 saylı qətnaməsi ilə uşaqların hər birinə 130 manat olmaqla, ümumilikdə 260 manat aliment məbləği kəsilmişdir. Lakin cavabdeh bir müddətdir ki, kəsilmiş aliment məbləğini ödəmir və ailəsi ilə maraqlanmır. O, ankoloji xəstədir, müalicə alır. Cavabdeh nikahın pozulması ilə bağlı Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdir və hal-hazırda 2(073)-1222/2024 saylı mülki iş məhkəmənin icraatındadır və 25 iyun 2024-cü il tarixə məhkəmə baxışı təyin edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 934126 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 nikahlarını 21 fevral 2014-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 saylı qeydiyyat aparılmaqla, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 261219 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 27 dekabr 2013-cü il tarixdə doğulmuşdur, atası X6, anası İddiaçıdır. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 802169 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 16 iyun 2016-cı il tarixdə doğulmuşdur, atası X6, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı onkoloji xəstədir və müalicə alır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(073)- 1436/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, 27 dekabr 2013-cü il tarixdə anadan olan X2 və 16 iyun 2016-cı il tarixdə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 08 oktyabr 2012-ci il tarixdə el adətilə ailə həyatı qurmuş və 21 fevral 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan övladları 27 dekabr 2013-cü il tarixdə X5 və 16 iyun 2016-cı il tarixdə X7 anadan olmuşdur. Cəlilabad rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(073)- 1436/2022 saylı qətnaməsi ilə 27 dekabr 2013-cü il tarixdə anadan olan X2 və 16 iyun 2016-cı il tarixdə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin cavabdeh bir müddətdir ki, kəsilmiş aliment məbləğini ödəmir və ailəsi ilə maraqlanmır. İddiaçı ankoloji xəstədir və müalicə alır. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək İddiaçı valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanmasıüçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinəəsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret işüzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respubublikası Milli Məclisin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında ” Konvensiyasının 3cü maddəsinin 1-ci hissəsinəəsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsinəəsasən uşağın tərbiyəsi və inkişafıüçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunvericilik uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini və qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 27 dekabr 2013-cü il tarixdə anadan olan X2 və 16 iyun 2016-cı il tarixdə anadan olan X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(073)-1436/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 130 manat alimentin tutulması dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməli, 27 dekabr 2013-cü il tarixdə anadan olan X2 və 16 iyun 2016-cı il tarixdə anadan olan X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddiaq iymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 38 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-2030, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 16 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(073)-1436/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 130 (bir yüz otuz) manat alimentin tutulması dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilsin. 27 dekabr 2013-cü il tarixdə anadan olan X2 və 16 iyun 2016-cı il tarixdə anadan olan X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar