Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1858/2024 24.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin həcminin artırılaraq 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehlə 2016-cı ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Ailə qurduqdan sonra Almaniya Federativ Respublikasına köçmüş və xeyli müddət orada yaşamışlar. Onların birgə nikahlarından 16 sentyabr 2017-ci il təvəllüdlü Aylin adlı uşaqları doğulmuşdur. Həmin müddət ərzində, həmçinin boşandıqdan sonra da, yəni hal-hazırda cavabdeh Almaniyada yaşayır, maddi imkanı kifayət qədər yüksəkdir, restoran sahibidir, gündəlik qazancı təxminən 2-3 min manat aralığında dəyişir. İddiaçı Almaniyada yaşayan zaman orada vəkilin xidmətindən istifadə edərək cavabdehdən qat-qat artıq məbləğdə aliment tutulması fikrinə gəlsə də, sonradan münasibətlərinin pisləşməsinin onun psixoloji-mənəvi vəziyyətinə olduqca pis təsir etməsi səbəbindən uşağını da götürərək Azərbaycana qayıtmışdır və buranın qanunvericiliyi ilə müəyyən edilmiş aliment məbləği ilə kifayətlənməsi qərarına gəlmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1913/2019 saylı qətnaməsi ilə 16 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona (iddiaçıya) verilməsi qət edilmişdir. Məhkəmənin 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat vəsaiti cavabdeh hər ay deyil, 4-5 aydan bir kart hesabına köçürür ki, bu zaman valyuta konvertasiyası və komissiya haqları da çıxılmaqla ona 570-580 manat civarında vəsait çatır, halbuki bu məbləğ 640-800 manat təşkil etməlidir. Cavabdehin valideynlərinin də maddi vəziyyəti olduqca yaxşıdır, hazırki məhkəmə ilə bağlı bildiriş daxil olduqdan sonra ona zəng edib məbləğin 200 manatadək artırılmasını təklif etmişlər, lakin o, bununla razılaşmayaraq alimentin 235 manat müəyyən edilməsini tələb etmişdir. Uşağın saxlanılmasında günbəgün artan xərclərə görə çətinlik çəkir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli doğum haqqında şəhadəətnamənin surətindən görünür ki, X2 16 sentyabr 2017ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(073)- 1913/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 16 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(073)-1913/2019 saylı saylı qətnaməsi ilə 16 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı özü heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, həmçinin cavabdehin Almaniya Federativ Respublikasında yaşadığını və gəlirinin tələb olunan alimenti ödəməyə imkan verməsi ehtimalının yüksək olmasını, cavabdeh barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatları, həmçinin sonuncunun artıq 5 (beş) ilə yaxın müddətdir ki, 160 manat məbləğində alimenti ödəməsini və uşağın da bu müddət ərzində artan xərclərinin olmasını, həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçının cəmi 390 manat əmək haqqı aldığını və başqa gəlirinin olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi tam təmin edilməlidir və alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cəlilabad rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(073)-1913/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 16 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1858/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1858/2024
24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver