Məhkəmə qərarları › İş №2(073)-186/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-186/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-186/2024 25.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat maddi ziyanın və 75 (yetmiş beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır və təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Təsərrüfatünda xürda buynuzlu heyvanlar vardür və həmin heyvanları Uzuntəpə kəndi ərazisindəki otlaq sahəsində heyvanlara baxan X4 otarır. 24 avqust 2023cü il tarixdə, saat 05 radələrində X4 heyvanları örüş sahəsinə apararkən Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yoldan keçirmək istəyən zaman həmin kənd istiqamətində hərəkətdə olan X6 və Cavabdeh idarə etdikləri avtomobillərlə ona (iddiaçıya) məxsus heyvanları vuraraq tələf etmişlər. Nəticədə 24 baş heyvan tələf olmuş, 7 baş heyvan isə xəsarət almışdır. Sonradan xəsarət alan heyvalar da tələf olmuşdur. Hadisə nəticəsində ona (iddiaçıya) ümumilikdə 14 000 (on dörd min) manat maddi ziyan dəymişdir. Tələf olmuş heyvanlardan 3 başını Əli Alışov, 28 baş heyvanı isə Cavabdeh vurmuşdur. Əli Alışov tərəfindən vurulmuş ziyan ona aid hissədə ödənilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən 1500 (bir min beş yüz) manat, Əli Alışovun özü tərəfindən də 1500 (bir min beş yüz) manat ödənilmişdir. Tələf olmuş heyvanların hər birinin dəyəri 430-600 manat olmuşdur. Cavabdeh tərəfindən vurulmuş ziyandan 5000 (beş min) manatı sığorta şirkəti tərəfindən ona (iddiaçıya) ödənilmişdir. X2 ziyanı ödəməkdən imtina etmişdir. Qalan ziyanın ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh ziyanı ödəməkdən yayınmışdır. Baş vermiş hadisə ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılmış, cavabdehin təqsiri sübuta yetirilmiş və cavabdehin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində cavabdehin də maddi ziyana düşdüyünü nəzərə alaraq tələf olmuş hər bir qoyunu 450 (dörd yüz əlli) manata qiymətləndirmişdir. Halbuki, ona (iddiaçıya) dəyən maddi ziyan daha artıq olmuşdur. Cavabdeh vurduğu ziyanın qalan hissəsini könüllü ödəmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyatındə qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 05:20-də qanuni sənəd əsasında idarə etdiyi «MercedesBenz» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhəri Qurtuluş prospektindən Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində hərəkətdə olan zaman havanın qaranlıq vaxtı qəflətən xırda buynuzlu heyvanların yola çıxmasını görmüş, həmin vaxtı onun idarə etdiyi avtomobilin qarşısında onunla eyni istiqamətdə hərəkətdə olmuş «MercedesBenz» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yola çıxmış qoyun sürüsünü vurmasını görmüşdür. Həmin avtomobilə və qoyuna xətər yetirməmək üçün əyləci sıxıb avtomobili sol hissəyə yönəltmiş, bu zaman yolun həmin istiqamətdə olan sayını dəqiq bilmədiyi qoyun sürüsünü vurmuşdur. O və Əli Alışov qoyunları vurmuş, nəticədə hadisə yerində 24 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Onun (cavabdehin) vurmuş olduğu ziyanın 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən heyvanların dəyəri artıq göstərilmişdir. Belə ki, tələf olmuş heyvanların 1 başının dəyəri 300-330 manat dəyərində olmuşdur. Belə halda isə iddiaçıya dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ƏN-V 990294 saylı etibarnamənin surətindən görünür ki, «Mercedes Benz E 320» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 tərəfindən Cavabdeh Əlifğa oğluna etibar edilmişdir. İşdə olan Cəlilbad rayon X3 Bölməsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh Cəlilabad rayon mərkəzi xəstəxanasına daxil olması barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Cəlilabad RPŞ-nin DYPB-ə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə, saat 05:20 radələrində «Mercedes Benz» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cəlilabad şəhəri, Qurtuluş prospektindən Cəlilabad rayonu, Uzuntəpə kəndi istiqamətində hərəkət etdirən zaman yoldan keçən İddiaçı məxsus xırda buynuzlu heyvanları vurmuş, həmin anda arxa tərəfdən eyni istiqamətdə Cavabdeh «Mercedes Benz» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət etdirəndə qarşıda olan avtomobili və heyvanları vurmaqdan yayınmaq üçün avtomobili sol tərəf istiqamətə hərəkət etdirmiş, nəticədə Cavabdeh da avtomobillə bir neçə qoyun vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiişdir. Hadisə zamanı İddiaçı 31 baş xırda buynuzlu heyvanı tələf olmuşdur. Mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmiş və İddiaçı dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, 1 baş (yaxşı sort, kök, cavan artımlı, boğaz qoyun) qoyunun orta bazar qiyməti 430-450 manat qiymətləndirilmişdir. İşdə olan mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, 1 baş yanı balalı (yaxşı sort, kök, cavan, artımlı, yanı balalı və quzusu kök) qoyunun orta bazar qiyməti 580-600 manat qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 05:20 radələrində Cavabdeh istifadəsində olan «MercedesBenz» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhəri Qurtuluş prospektindən Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olmuş digər nəqliyyat vasitəsinin İddiaçı məxsus xırda buynuzlu heyvanlarla toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsindən yayınmaq üçün idarə etdiyi nəqliyyat vasitəsini sol tərəfə hərəkət etdirmiş, bu zaman Cavabdeh da idarə etdiyi nəqliyyat vasitəsi ilə İddiaçı məxsus xırda buynzulu heyvan sürüsü ilə toqquşmuş, nəticədə hər birinin dəyəri 450 (dörd yüz əlli) manat olan 28 baş heyvanı vuraraq tələf etmişdir. Baş vermiş hadisəsi ilə əlaqədar Cəlilabad rayon X3 Bölməsində arşdırma aparılmış, araşdırma nəticəsində əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 327.2ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nin DYPB-ə göndərilmiş və Cavabdeh həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə xx.xx.2023-cü il tarixli qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən vurulmuş ziyana görə sığorta şirkəti tərəfindən iddiaçının hesabına 5000 (beş min) manat ödəniş edilmişdir. Cavabdeh vurduğu ziyanın qalan hissəsini ödəmədiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 5500 (beş min beş yüz) manat pul və 75 (yetmiş beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar