Məhkəmə qərarları › İş №2(073)-1880/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1880/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1880/2024 08.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 657 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 657 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddian müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Kazımabad kəndində yaşayır, orta ixtisas təhsillidir, yaşadığı kənddə orta məktəbdə müəllim işləyir. Mövsümü olaraq 0,25 ha həyətyanı torpaq sahəsində kartof məhsulu əkib satır. Bu il də həyətyanı sahəsində kartof məhsulu əkmişdir. Cavabdeh həmkəndlisi və həmin məktəbdə müəllim işlədiyi üçün tanıyır. Həmçinin, cavabdeh mövsümü olaraq kartof çıxarılan vaxt kənd əhalisindən kartof alınmasında vasitəçilik edir. Cavabdeh ilə kartofun hər kiloqramını 50 qəpikdən ondan alması iə bağlı razılaşdıqdan sonra 27 may 2024-cü il tarixdə ona cavabdeh 120 manat dəyərində 100 ədəd kağız materialında olan kisə verdi ki, əkdiyi kartofdan 3700 kq kartof çıxardıb kağız kisələrə yığaraq cavabdehə təhvil versin. Lakin kartofu çıxartdıqdan sonra cavabdeh kartofun palçıqlı olmasını bəhanə gətirərək almaqdan imtina etdi. O (iddiaçı), buna etiraz etdikdə, cavabdeh qarşılığında ona bildirdi ki, çıxardığı kartofu aparıb Bakı şəhərində satsın, nə zərər etsə zərəri ödəsin. Cavabdehlə aralarında razılaşdı və kartofu sürücüsünü şəxsən tanmadığı “Qazel” yük markalı avtomaşına yükləyərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarına apardı və orada kartofun hər kiloqramını 29 qəpikdən satdı və hər kiloqramına 21 qəpik, yəni 3700 kq kartofda ümumilikdə 777 manat zərər etdi. Həmin puldan cavabdehin ona verdiyi 120 manatlıq kağız kisələrin pulunu çıxdıqdan sonra 657 manat pul qaldı. Kəndə qayıtdıqdan sonra cavabdehin mobil telefonuna zəng edərək, bu barədə Cavabdeh bildirib, 657 manat ona dəymiş zərəri tələb etdi. Bu zaman cavabdeh ona 150 manat köməklik edəcəyini bildirdi. Cavabdeh bu günədək ona dəymiş zərərin qarşılığını geri qaytarmayıb. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona 657 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, mövsümü olaraq kartof çıxarılan vaxt kənd əhalisindən kartof alınmasında vasitəçilik edir. İddiaçı onun həmkəndlisidir. İddiaçı Farizin qardaşı mərhum X4 da kartof məhsulu əkib satır,o, mərhum Nizami Ağayev ilə razılaşaraq kartofun hər kiloqramını 50 qəpikdən hesablayaraq Lənkəran şəhərindən alıcının olduğunu bildirdi və kartofu yığmaq üçün iddiaçıya 120 manat dəyərində 100 ədəd kağız kisələri verdi, kartofu çıxarılandan sonra, Lənkəran şəhərindən olan alıcı kartofların çürük olduğunu görüb, satın almaqdan imtina etdi. O, vasitəçi idi, alıcı deyildir. Həmin vaxtlarda bir çox insanın kartofu çürük olduğu üçün alıcılar almaqdan imtina etmişlər. İddiaçıya onun tərəfindən heç bir maddi ziyan vurulmamışdır. İddianı əsassız hesab edir. Belə ki, əsl iddiaçı o deyil, mərhum qardaşı X3r. Həmçinin tələb ona qarşı olmamalıdır, malın alıcısı digər şəxs olmuş və o da Rusiya Federasiyasına göndərmək üçün ancaq keyfiyyətli malları almışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, İddiaçı və Cavabdeh onun həm dostu, həm də həmkəndliləridir. İddiaçı qardaşı mərhum X1 kartof məhsullarında çürük olduğundan, məhsul geri qaytarılıb. X6 başqa 2-3 nəfərində satdığı kartof çürük olduğuna görə geri qaytarıblar. İddiaçı kartof məhsullarının keyfiyyəti aşağı olduğuna görə satılmayıb. Malın alıcısı da Cavabdeh yox, Lənkəran şəhərindən olan başqa şəxs idi və Rusiya Federasiyasına göndərmək üçün keyfiyyətli kartof məhsulu alırdı. Məhkəmə, iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız oldğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən ona 657 manat maddi ziyan vurulmasını bildirsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş materialları ilə cavabdehin iddiaçıya 657 manat maddi ziyanın yetirilməsində təqsirinin olması öz təsdiqini tapmamışdır və buna görə də yetirilmiş ziyanla bağlı cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Həmçinin, tərəflərin və şahidin izahatları ilə müəyyən olundu ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, kartof məhsulunun satıcısı mərhum Nizami Ağayev olmuş və kartofu satmaq üçün Cavabdeh vasitəçiliyi ilə Lənkəran şəhərindən olan alıcı ilə sövdələşmişlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 657 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrək hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 657 (altı yüz əlli yeddi) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar