Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2083/2024 22.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun (iddiaçının) qohumudur. Hər zaman münasibətləri yaxşı olub, halhazırda da yaxşıdır. 2021-ci ilin aprel ayında cavabdeh onun (iddiaçının) yaşadığı evə gələrək ondan xahiş etmişdir ki, 1 aylıq kartof sulamaq üçün ona 2400 manat borc pul versin. Kartofu çıxarıb onun pulunu tam qaytaracağını bildirmişdir. O (cavabdeh), ondan aldığı 2400 manat borcu 3 ildir ki, müxtəlif bəhanələr gətiməklə ödəməkdən yayınır. Ona olan borcunu etiraf edir, bununla bağlı “Whatsapp” yazışmaları və səs yazıları da telefonunda mövcuddur. Cavabdeh onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehi müxtəlif yerlərdə görmüş və məhkəmədə iştirak etməsini xahiş etmişdir, cavabdeh isə borclu olduğunu və məhkəməyə gəlməyə ehtiyac olmadığını ona bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə baxışında dinlənilmiş səs yazılarından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf edir, müxtəlif vaxtlarda borcu qaytarmasına dair vədlər verir, borcundan min manat hissəni qısa müddətə dair qaytaracağına dair öhdəlik götürür, lakin öhdəliklərini icra etmədiyinə görə iddiaçı ona müvafiq orqanlara müraciət edəcəyini bildirir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, iş üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə məhkəmə hazırlıq və baxış iclasları keçirilmişdir, hər biri haqqında cavabdeh lazımi qaydada məlumatlandırılmışdır, cavabdeh xx.xx.2024-cü il tarixdə teleqram göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və iclasın təxirə salınmasını xahiş etmişdir, xx.xx.2024-cü il tarixli baxış iclasında telefon vasitəsilə əlaqə saxlayaraq iclasın 1 günə təxirə salınmasını xahiş etmişdir, xx.xx.2024-cü il tarixdə isə dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılsa da zənglərə cavab verməmişdir, sonradan cavabdeh ilə telefon əlaqəsi saxlanılması mümkün olmuşdur, cavabdeh iddiaçıya olan 2400 manat məbləğində borcunu etiraf etmişdir və işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək müqavilənin predmeti olan 2400 manat pulu cavabdehin mülkiyyətinə vermişdir, cavabdeh isə müqavilə üzrə öhdəliyini, yəni pulu müəyyən edilmiş vaxt ərzində qaytarmaq öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2083/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2083/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver