Məhkəmə qərarları › İş №2(073)-212/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-212/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-212/2023 07.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 mart 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1490 manat gecikdirilmiş borcun, 119,20 manat cərimə borcunun və 36,50 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Borclu Cavabdeh iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2411/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək Cavabdeh qarşı pul tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddianı əsaslandıraraq göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2021-ci il tarixli, KG-BM43 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan “WHATER” markalı su təmizləyicisini Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşdür. Lakin sonradan cavabdeh üzərinə götürdüyü ödəliyi lazımınca icra etməmiş və müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və cavabdeh ödəniş etməsi barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq öhdəliyində olan borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin iddiaçıya əsas borc qismində 1490 manat və cərimə qismində 119,20 manat borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, 28 mart 2021-ci ildə İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsinə əsasən satış qiyməti 1690 manat olan “WHATER” markalı su təmizləyicisini nisyə almışdır. O, öhdəliyə əməl edərək 3 ay davamlı olaraq borcunu ödəmişdir. Lakin sonradan öyrənmişdir ki, həmin su təmizləyicisini ona çox baha qiymətə satmışlar. Bundan sonra o, iddiaçı təşkilata müraciət edərək onu aldatdıqlarını və bu səbəbdən də həmin malın dəyərini aşağı məbləğlə qiymətləndirildiyi halda ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı təşkilat bununla razılaşmadığı üçün o, da iddiaçıya qalan borcunu ödəməmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 mart 2021-ci il tarixli, KG-BM43 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı mala görə 1690 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 mart 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər hər ay 70 manat, sonuncu ay isə 90 manat ödəməklə, aldığı malın dəyərini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı ilə cavabdeh arasında olan 28 mart 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “WHATER” markalı su təmizləyicisini İddiaçı MMC-dən qəbul etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh iddiaçı təşkilata 28 mart 2021-ci il tarixli, KG-BM43 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1490 manat əsas borcu və 119,20 manat cərimə borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar dövlət rüsumuna görə 36,10 manat və xidmət haqqına görə 0,40 manat ödəmiş etmişdir. İşdə olan pretenziyadan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2021-ci il tarixli, KG-BM43 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan “WHATER” markalı su təmizləyicisini Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin sonradan cavabdeh üzərinə götürdüyü ödəliyi lazımınca icra etməmiş və müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və cavabdeh ödəniş etməsi barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq öhdəliyində olan borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin iddiaçıya əsas borc qismində 1490 manat və cərimə qismində 119,20 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddianın dəbbə pulu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 mart 2021-ci il tarixli, KG- BM43 nömrəli alqı-satqı müqaviləsinin 4.5-ci bəndində göstərilir ki, alıcı ödənişi, ödəniş cədvəlində müəyyən edilmiş müddətdə ödəməsə, hər gecikdirilmiş günü üçün ödənilməli məbləğin 2 faizi miqdarında dəbbə pulu ödəyəcəkdir. Dəbbə pulunun ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 28 mart 2021-ci il tarixli, KG-BM43 nömrəli müqavilə üzrə 1490 manat əsas borc və 119,20 manat dəbbə pulu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36,50 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh 28 mart 2021-ci il tarixli, KG-BM43 nömrəli müqavilə üzrə 1490 (bir min dörd yüz doxsan) manat əsas borc, 119,20 (bir yüz on doqquz manat iyirmi qəpik) manat dəbbə borcu olmaqla, cəmi 1609,20 (bir min altı yüz doqquz manat iyirmi qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36,50 (otuz altı manat əlli qəpik) manat alınıb İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar