Məhkəmə qərarları › İş №2(073)-214/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-214/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-214/2023 13.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pulun və 50 (əlli) manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 1991-ci ildə Cəlilabad şəhərində anadan olmuş və Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayır. Uzun illərdir ki, “İran Bazarı” deyilən yerdə alver etməklə ailəsini dolandırır. Qonşusu Cavabdeh 2022-ci ildə ondan 2800 manat borc almış və həmin borcu 2022-ci ilin avqust ayına qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin borcu bu günədək geri qaytarmamışdır. Bu səbəbdən cavabdehin barəsində Cəlilabad rayon Polis şöbəsinə şikayət etmiş, onun şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq işin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Bundan sonra Cavabdeh mövcud borca dair 25 avqust 2022-ci il tarixdə qəbz yazaraq ona vermiş və borcunun 1800 (bir min səkkiz yüz) manatını 2022-ci ilin avqust ayının sonunadək, qalan 1000 (bir min) manat hissəsini isə 2 ay ərzində hissə-hissə qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdehlə qonşu olduqdarından və ona inandığından bir müddət gözləmiş, lakin cavabdeh yenə də ona (iddiaçıya) olan borcunu ödəməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı uzun müddətdir ki, tanıyır. Cavabdehin anası xəstə olduğu üçün ona (cavabdehə) pul lazım olmuş və 2022-ci ilin yay aylarında cavabdeh İddiaçı hissə-hissə 1700 (bir min yeddi yüz) manat pul almışdır. Cavabdeh iddiaçıdan aldığı borcun müqabilində özünə məxsus olan 1 ədəd qızıl boyunbağını və 2 ədəd qızıl üzüyü iddiaçıya girov olaraq vermişdir. İddiaçı cavabdehdən girov olaraq qəbul etdiyi qızıl əşyalarını qaytaracağı təqdirdə cavabdeh də 1 700 (bir min yeddi yüz) manat borcunu ödəyə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin məzmunundan cavabdehin məlumatı olmamışdır. Belə ki, həmin qəbz cavabdeh tərəfindən imzalansa da, cavabdeh qəbzdə borcunun 1 700 (bir min yeddi yüz) manat yazıldığını düşünərək, oxumadan qəbzi imzalamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2800 manat borc pul aldığını göstərmiş və həmin pulun 1800 manatını 2022-ci ilin avqust ayının sonunadək, qalan 1000 manatı isə 2 ay ərzində hissə-hissə geri qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2022-ci ildə iddiaçıdan 2800 manat borc almış, lakin borcunu qaytarmamış və xx.xx.2022-ci il tarixdə mövcud borca dair qəbz yazaraq iddaçıya vermişdir. Cavabdeh iddiaçıya olan 2 800 (iki min səkkiz yüz) manat borcundan 1800 manatını 2022-ci ilin avqust ayının sonunadək, qalan 1000 manatı isə 2 ay ərzində hissə-hissə geri qaytaracağına dair öhdəlik götürmüş, lakin borcunu qaytarmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıdan aldığı 2 800 (iki min səkkiz yüz) manat borc puldan 1 800 (bir min səkkiz yüz) manatını 2022-ci ilin avqust ayının sonunadək, qalan 1 000 (bir min) manat borcunu isə 2 ay ərzində qaytaracağına dair öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməmiş və iddiaçıya olan borcunu ödəməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya olan borcun 1 700 (bir min yeddi yüz) manat olduğunu və 2 800 (iki min səkkiz yüz) manat borca dair qəbzin məzmunundan cavabdehin məlumatının olmadığını, cavabdehin həmin qəbzi oxumadan imzaladığını göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2 800 (iki min səkkiz yüz) manat pul və 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar